20 Yanvar - qəhrəmanlıq və qürur günüdür -

20 Yanvar - qəhrəmanlıq və qürur günüdür

Ümumxalq hüzn günü ilə əlaqədar ölkəmizin hər yerində anım mərasimləri keçirilir, Şəhidlər xiyabanı ziyarət olunur. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində də faciənin ildönümü ilə əlaqədar tədbir keçrilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin, 20 yanvar hadisələrində, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev açıq elan edərək dəvət olunmuş qonaqları - Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru professor Anar İsgəndərovu və yazıçı-jurnalist Rafiq Səməndəri təqdim edib.
General-mayor R.Əliyev çıxış edərək bildirib ki, 26 il əvvəl keçmiş Sovet imperiyasının əsgərləri xalqımızın milli-azadlıq hərakatını boğmaq üçün ölkəmizin paytaxtı Bakı şəhərinə hücum ediblər. Bu qanlı hadisələrdə neçə-neçə vətəndaşımız şəhid oldu, yaralandı. Amma heç kim tutduğu yoldan, amalından dönmədi. Yalnız xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev cəsarətli addım ataraq 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Bu gün hüzn, göz yaşı ilə deyil, qürur və qəhrəmanlıq kimi qeyd olunmalıdır.
Tədbirdə çıxış edən polkovnik Abdulla Qurbani, professor A.İsgəndərov, yazıçı-jurnalist R.Səməndər və digərləri 20 Yanvar faciəsi barədə ümummilli liderimiz Heydər Əliyevin, möhtərəm prezidentimiz İlham Əliyevin söylədikləri fikirləri xatırladaraq, ümumxalq hüzn gününün ölkəmizin hər yerində qeyd olunduğunu, anım mərasimlərinin keçirildiyini diqqətə çatdırıblar.
Sonda qonaqlar həmin tarixi dövrdə milli-azadlığımız uğrunda mübarizəyə qalxmış oğul və qızlarımızın fədakarlığı, xalqımızın gücü və qüdrəti barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !