Minə Türksoy: - O tarixi həm yaşadı, həm yaşatdı...

Minə Türksoy: O tarixi həm yaşadı, həm yaşatdı...

 O gecə körpə qəlbimdə bir sıxıntı var idi. Hələ dünyanı dərk etməmiş kiçik bir qız idim. Dünya gözlərimdə hələ rəngarəng idi.Orada nə boz, nə qara rəng var idi. Həyat öz axarı ilə gedirdi, hər kəs hələ müharibəni dərk etməyə macal tapmamış o gecəni yaşadıq. O gecə.... Deməyə söz tapa bilmirəm, ağlamağa yaş tapa bilmirəm. Axı nə idi bir gecənin içində bütün şəhəri al qana boyayan? İlahi, göylərdənmi gəlirdi bu fəryadlar? Hər tərəf işığa boyanmışdı. Səma da rəngini dəyişmişdi. Hələ ikinci sinifdə oxuyurdum və nə baş verdiyini anlamırdım. Rəngləri görüb pəncərəyə doğru qaçıb “ SALUTTTT “ deyib pəncərəni açıb bu möhtəşəm rəngləri izləməyə başladıq. Sən demə sevinərək baxdığım bu rənglər mənim xalqımın faciəsinin başlanğıcı imiş.Sən demə o gecə al qana boyanırmış yazıq xalqım.Mən isə sevincdən parlayan gözlərimi o parıltıdan çəkə bilmirdim. Birdən anam fəryadla bizi pəncərədən uzaqlaşdırdı və işıqları söndürdü . Nə baş verdiyini anlamadan yatdıq. Səhər oyananda artıq faciənin baş verdiyi bir şəhərin kiçik vətəndaşı kimi oyandıq. Evimiz 20 Yanvara yaxın olduğundan al qana boyanmış küçələri, bir birinin üstünə lazımsız bir əşya kimi atılan cəsədləri də görmüşdük. Bir anın içində sanki böyüdük, bu faciənin ağırlığını ,axıdılan qanın vacibliyini, gözlərdən süzülən yaşların ağrı-acısını dərk etdim.
Bax elə həmin gün böyüdüm. Bax elə həmin gün bir insan üçün Vətən nədir anladım.Hər il Şəhidlər Xiyabanına yolumuz düşəndə düşünürdüm:” görəsən bu insanlar bizim üçün şəhid olduqları üçün peşman olardılarmı”? Əsla yox! Çünki onlar əsl qəhrəmandırlar .Tarixdə tanınmayan tarixi yazan qəhrəmanlar.Onlar bu həyata gəldilər ki , torpaq uğrunda şəhid olub azadlığı qazansınlar.
O gecə tarix yazıldı - “Qanlı Yanvar”. Hər daşı , hər küncü-bucağı qanla yazıldı. Binaların divarlarına sıçramış kiçik bir nöqtə boyda qan ləkəsi belə böyük bir faciənin sirli tarixi idi.
O gecəni hərə bir cür yaşadı. Kimi əsgərlərin gözünün içinə dik baxaraq canını sipər edirdi,kimi evdən çıxmayib gizlənirdi, kimi şəhidlik zirvəzinə ucalmağa can atırdı, kimisə bu insanların tarixə düşməsi üçün qorxmadan öz həyatını təhlükəyə ataraq hər anı , yaşanan faciənin hər saniyəsini küçəbəküçə lentə alırdı.Xalqının bu faciəsini gələcək nəslə çatdırmaq ,onların da bu faciə haqqında anlayışlarının olması üçün əlindən gələni əsirgəməyən tarixi öz aparatının yaddaşında bu günə qədər qoruyub bu günə qədər gətirən insanlar var.
Uşaqlığımdan bu günə kimi gəlib çatan fotolar var ki, hər zaman onun kim tərəfindən çəkildiyini düşünərdim.Baxmayaraq artıq bu faciədən illər keçib, biz bu faciəni hələ də o illərdəki kimi yaşayırıq. Sovet ordusunun törətdiyi bu qətliamın hər məqamını bir film kimi lentə alan peşəkar azərbaycanlı fotoqraf Rasim Sadıqovdur. Onun çəkdiyi fotolardır ki , bütün internet portallarında və saytlarında , televiziya verilişlərində , qəzet və jurnallarda öz əksini tapmışdır.
Xalqının tarixini yazdı o gecə Rasim Sadıqov. Gördüyümüz , izlədiyimiz bu fotolar bəlkə də onun çəkdiyi fotolarin min də , milyonda biridi. Biz yalnız onun çəkdikləri fotoları görmüşük, biz onun yaşadıqlarını nə bilirik.O insan bizim tariximizin , faciəmizin canlı şahidi və əsl qəhrəmanıdır.Mən düşünürəm ki , onun bu xalq üçün etdikləri , bu günə kimi yaşatdığı lentlər heç də canlarından keçən insanların şəhidlik zirvəsindən geridə qalmayıb. Rasim Sadıqov şəhidlərin zirvəyə ucalmasını tarixə yazan , onların xalqa tanınması üçün əlindən gələni edən Milli Qəhrəmandır.Onu bəlkə də isim olaraq bir çoxları tanımır.Amma onun çəkdiyi bu şəkillər onun peşəkar olmasının bir sübutu və möhürüdür. Məncə belə insanlar hər zaman tarixi yaşadıb və özü bir tarix yazıb.Ən böyük təşəkkürə və hörmətə layiq olan Rasim Sadıqov düşünürəm ki , xalqının millətinin dəyərli övladlarındandır. Onun çəkdiyi fotolar bizə bu faciəni dünya məhkəməsində günahsızlığımızı sübut etmək üçün ən dəyərli faktlar və dəlillərdir.Peşəkar fotoqraf Rasim Sadıqov həm tarixi yaşadı ,həm də yaşatdı.

 


Minə Türksoy

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !