Tərtər rayonunda 20 Yanvar faciəsinin şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Tərtər rayonunda 20 Yanvar faciəsinin şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Tərtər rayonunda 20 Yanvar faciəsinin şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündən başlandı. Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxudu. Tərtərlilər abidənin önünə gül-çiçək dəstələri qoydular.
Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi. Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etdi. Rayon rəhbəri bildirdi ki, Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 1990-cı il “20 Yanvar hadisələri”ndən 26 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Rayon rəhbəri qeyd etdi ki, Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir.
Azərbaycan Vətən Müharibəsi Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov, Dəmirçilər kənd tam orta məktəbinin tarix müəllimi Elxan Məmmədzadə, tarix-diyarşünaslıq muzeyinin direktor əvəzi Maral İbrahimova 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş çıxışlar etdilər.
Sonra tədbir iştirakçıları rayon mədəniyyət evinin özfəaliyyət kollektivinin hazırladığı “Şəhidlər ölmürlər” adlı ədəbi-bədii kompozisiyaya baxdılar.
Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !