20 Yanvar hadisələrində Qubanın iki, Xaçmazın bir sakini şəhid olub - FOTO

20 Yanvar hadisələrində Qubanın iki, Xaçmazın bir sakini şəhid olub FOTO

Azərbaycan xalqının azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şanlı səhifələrindən biri olan 20 Yanvar hadisələrində Qubanın iki, Xaçmazın bir sakini şəhid olub. Üç nəfər Quba sakini isə yaralanaraq əlil olub.

AZƏRTAC xəbər verir ki, azadlıq yolunda canından keçmiş 20 Yanvar şəhidi Zahid Abdullayev 1959-cu il martın 5-də Xaçmaz rayonunun Uzunoba kəndində anadan olub. Qanlı Yanvar hadisələri zamanı Z.Abdullayev zavoddakı iş yoldaşları ilə birlikdə meydanda etiraz səsini ucaldanlar arasında olub. Həmin gecə o, evə qayıtmayıb. Səhər ailəsi onun şəhid olduğunu öyrənib. Z.Abdullayevi güllə ilə başından vurublar.

İki oğul, bir qız atası olan şəhid Z.Abdullayev Xaçmaz rayonunun Uzunoba kəndində dəfn edilib. Kənddəki orta məktəb şəhidin adını daşıyır.

Şəhid Elçin Qeybullayev 1968-ci ildə Qubanın Küçeyi kəndində doğulub. Hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərində işləməyə başlayıb. Qanlı faciə baş verən gecə yoldaşları ilə birlikdə “Salyanski kazarma” deyilən yerdə tankların qarşısına əliyalın çıxan Elçin qəhrəmancasına şəhid olub. O, doğulub boya başa çatdığı kənddə dəfn edilib. Quba rayonu Küçeyi kənd ümumi orta məktəbi E.Qeybullayevin adını daşıyır.

20 Yanvar hadisələrində şəhid olan Rahib Hüseynovu Qubada hamı tanıyırdı. Mehriban, təmiz qəlbli insan olan Rahib 8 övlad atası idi. Həmin gün şəxsi işi ilə əlaqədar rayondan Bakıya gələn R. Hüseynov avtomobildə getdiyi yerdə güllə yağışına tuş gəlib. Ağır yaralardan dünyasını dəyişən şəhid Quba şəhər qəbiristanlığında dəfn edilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !