ADU-da 20 Yanvar şəhidlərinin xatirəsi anıldı - FOTO

ADU-da 20 Yanvar şəhidlərinin xatirəsi anıldı FOTO

19 yanvar 2016-ci il tarixində Azəbaycan Dillər Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anıldı. Anım mərasimi ADU-nun tələbəsi, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin universitetin foyesində yaradılan açıq muzeyinin qarşısında keçirildi.
Tədbir Azərbaycanın milli müstəqilliyi uğrunda azadlıq hərəkatına qalxan, vətənpərvərlik hissinin zirvəsini fəth etmiş, qəhrəmanlığı, şücaəti, mübarizliyi ilə bütün dünyaya örnək olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Sovet imperiyasının gördüyü hər şeyi məhv etməyə proqramlaşdırılmış vəhşi diviziyanı dinc sakinlərin üzərinə yeritdiyini söyləyən ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov 20 Yanvar hadisəsi haqqında öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdü. Şəhərdə fövqəladə vəziyyət elan edildiyi halda xalqın bundan xəbər tutmasını əngəlləmək üçün televiziya blokunun partladıldığını deyən pofessor D.Yunusov bütün bunların planlı şəkildə həyata keçirildiyini və xalqımızın azadlıq səsini beşiyində boğmaq məqsədi daşıdığını sözlərinə əlavə etdi. O, qanlı hadisənin dünyanın nüfuzlu mətbu orqanlarından olan- “Guardian”, “The Times”, “New York Times” və.s qəzetlərdə dərc edildiyini, bununla da Azərbaycan xalqının mətinliyini, mübarizliyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldığını söylədi.
Hər xalqın tarixində azadlıq uğrunda itkilərlə nəticələnən hadisələr olduğunu deyən D.Yunusov Azərbaycan tarixində də oxşar proseslərin baş verdiyini dedi və bu müqəddəs yolda həyatını itirən şəhidlərin əziz xatirəsinin daim anılacağını vurğuladı. O, artıq 25 ildir ki öz müstəqilliyini bərpa edən, demokratik cəmiyyət formalaşdıran Azərbaycan Respublikasının sözügedən uğurlara imza atmasında Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin böyük rolundan bəhs etdi.
20 Yanvar hadisələrinin ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin rejissorluğu və ssenarisi əsasında çəkilən “Qanlı Yanvar” bədii filmində tam təfərrüatı ilə əks olunduğunu deyən pofessor D.Yunusov, tələbələrə filmi izləməyi tövsiyyə etdi.
Çıxışının sonunda D.Yunusov Ülvi Bünyadzadənin timsalında qanlı olay nəticəsində həyatını itirən bütün şəhidlərimizə rəhmət dilədi.
Ülvi Bünyadzadənin bacısı Könül Bünyadzadə hadisəni bədii metaforalarla izah edərək müstəqilliyi ağac, bugunkü gəncləri ağacın meyvəsi adlandırdı, həmin ağacın isə şəhidlərin qanı ilə suvarıldığını dedi. O, müstəqilliyin qorumaq kimi şərəfli peşənin gənc nəslin üzərinə düşdüyünü söylədi. Tədbirin təşkil olunmasına görə ADU rəhbərliyinə təşəkkürünü bildirdi.
Daha sonra çıxış edən ADU-nun Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu və II Xarici dil kafedrasının professoru Əsgər Zeynalov 20 Yanvar hadisəsinin xalqımızın tarixinə qanlı hərflərlə yazılmasına rəğmən şəhidlərimizin göstərdiyi qəhrəmanlıqla qürur duyduqlarını diqqətə çatdırdılar. Ülvi Bünyadzadəni xatırlayan professorlar igidlik, qəhrəmanlıq simvolu olan tələbənin şəhidlik zirvəsinə yüksəlməsindən bəhs etdilər, onun vəfatı ilə böyük siyasətçini, şairi itirdiyimizi, şəhid tələbənin cismən əbədiyyətə qovuşmasına baxmayaraq, ruhən bizim yanımızda olduğunu vurğuladılar.
Tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə daxil olmuş 1990-cı ilin 20 Yanvarında vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalmasından, məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqilliyin xalq tərəfindən heç vaxt unudulmayacağından bəhs edildi, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardan biri - Ülvi Bünyadzadənin ana torpağı, doğma xalqı qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirərək sinəsini xalqına tuşlanmış gülləyə sipər etməsi barədə danışıldı.
Sonda ADU TGT-nın “Yazarlar” klubunun sədri Kamran Abbaszadənin “20 Yanvar” və Nəimi Nəbiyevin müəllifi olduğu “Ülvi” seirləri Afət Kazımova və Səltənət Quliyeva tərəfindən, həmçinin Aysu Kərimovanın ifasında “Ana millət, ata millət, ağlama” şeiri səsləndirildi. Mehdi Hüseynzadə adına 19 saylı orta məktəbin IV sinif şagirdi Həbib Kərimov isə Ülvi Bünyadzadənin müəllifi olduğu şeiri söylədi.
Qeyd edək ki, tədbirdən öncə ADU TGT-nın təşkilatçılığı ilə tələbələrimiz “Şəhidlər Xiyabanı”nı ziyarət ediblər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !