Bogema operası tamaşaçıları heyran etdi - FOTO

“Bogema” operası tamaşaçıları heyran etdi FOTO

Opera və Balet Teatrında C.Puççininin “Bogema” operasının tamaşası keçirilmişdir. Hər zaman olduğu kimi, bu dəfə də tamaşa böyük uğurla baş tutmuşdur. Çoxsaylı tamaşaçılar solistlərin ifasında səslənən ariya və duetləri, habelə xor və orkestrin çıxışlarını sürəkli alqışlar və “bravo!” sədaları ilə qarşılamışlar.

Qeyd edək ki, tamaşada Mimi partiyasını ifa etmək üçün Ukraynanın Xalq artisti, beynəlxalq müsabiqələr laureatı Olqa Naqornaya, Marsel partiyasının ifası üçün isə Belorus Akademik Böyük Opera və Balet teatrının solisti, Belorusun Əməkdar artisti Vladimir Qromov dəvət olunmuşdular.

Qastrolçularla bərabər tamaşada teatrımızın istedadlı vokalçıları – Azərbaycanın Əməkdar artistləri İnarə Babayeva (Müzetta), Fərid Əliyev (Rudolf), Əkrəm Poladov (Kollen) və Xalq Artisti Əli Əsgərov (Alsindor) çıxış etmişlər.

Tamaşanı Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov idarə etmişdir.

Tamaşadan sonra təəssüratlarını bölüşən beloruslu vokalçı Vladimir Qromov demişdir: “Mən hər zaman sizin teatrın tamaşalarında iştirak etmək haqqında dəvəti böyük məmnuniyyətlə qəbul edirəm. Sizin şəhərinizi, Teatrın yüksək peşəkar səviyyəsini və tamaşaçılarınızın səmimiyyətini çox bəyənirəm. Həmişəki kimi bu dəfə də tamaşa yüksək səviyyədə keçdi. Solistlərin opera tamaşalarında az təsadüf edilən dramatik oyununu, obraz yaratmaq bacarığını xüsusilə qeyd etmək istəyirəm. Ən xoş təəssüratlar və sizin teatrla əməkdaşlığımı gələcəkdə də davam etdirmək ümidi ilə şəhərinizi tərk edirəm”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !