Şirin Xanım Kərimbəyli Şadiman: - BALIQ BAHA, DAHA ƏTİ YEMİRƏM

Şirin Xanım Kərimbəyli Şadiman: BALIQ BAHA, DAHA ƏTİ YEMİRƏM

 

BALIQ BAHA, DAHA ƏTİ YEMİRƏM

Kasıbların dilindən

 

Balıq baha, daha əti yemirəm,
Dərdlərim bol, bir çoxunu demirəm.

 

Bahalaşır hər gün ərzaq qiyməti,
Nədir belə möhtəkirlər niyyəti?
Dükan-bazar yıxır-sökür milləti,
Balıq baha, daha əti yemirəm,
Dərdlərim bol, bir çoxunu demirəm.

 

Varlıların gözü qızır, ay aman,
Haqqı danıb, yoldan azır, ay aman,
Kasıblara quyu qazır, ay aman,
Balıq baha, daha əti yemirəm,
Dərdlərim bol, bir çoxunu demirəm.

 

Çoxdan alıb başımızı qan-qada,
Qarabağda yurdlar susub fəryada,
Niyə biz də gün görmədik dünyada?
Balıq baha, daha əti yemirəm,
Dərdlərim bol, bir çoxunu demirəm.

 

İşsizlərin sayı artır günbəgün,
Atlar dönüb, olur qatır günbəgün,
Millət düşüb, xəstə yatır günbəgün,
Balıq baha, daha əti yemirəm,
Dərdlərim bol, bir çoxunu demirəm.

 

Bir vaxt xoşbəxt olacaqmı, bu ölkə?
Süfrəsin bol salacaqmı, bu ölkə?
Yenə dala qalacaqmı, bu ölkə?
Balıq baha, daha əti yemirəm,
Dərdlərim bol, bir çoxunu demirəm.

 

Neft çıxaran Vətəndə hər şey baha,
Harınların qorxusu yox heç daha,
Nərdivanı qoyub çıxır Allaha,
Balıq baha, daha əti yemirəm,
Dərdlərim bol, bir çoxunu demirəm.

 

Qiymətlər də gündən-günə artmada,
Kasıb-kusub sinəsini yırtmada,
Çoxu hələ xorhaxorla yatmada,
Balıq baha, daha əti yemirəm,
Dərdlərim bol, bir çoxunu demirəm.

 

Kim olacaq bu millətin arxası?
Canımızdan nə qalıb ki, qorxası?
Şər əlində haqqımızın yaxası,
Balıq baha, daha əti yemirəm,
Dərdlərim bol, bir çoxunu demirəm.

 

Neft çıxaran ölkənin bax halına,
Haram ciblər içdə qalan malına,
Daraşıbdı qurdlar-quşlar yalına,
Balıq baha, daha əti yemirəm,
Dərdlərim bol, bir çoxunu demirəm.

 

Kasıbların bir dərmanlıq pulu yox,
Yaşamağa bağlanıbdı yolu yox,
Tərpənməyə, danışmağa halı yox,
Balıq baha, daha əti yemirəm,
Dərdlərim bol, bir çoxunu demirəm.

 

İnfarkt, xərçəng cumur xalqın üstünə,
Şəkər durub camaatın qəsdinə,
Yamanlığı artıranın qəsdi nə?
Balıq baha, daha əti yemirəm,
Dərdlərim bol, bir çoxunu demirəm.

 

Əzizlərim pensiyaya çatmadı,
Pul-parasız xəstəliyə batmadı,
Gecələri ağrılardan yatmadı,
Balıq baha, daha əti yemirəm,
Dərdlərim bol, bir çoxunu demirəm.

 

Millət qaçır həkim üçün İrana,
Dava-dərman burda baha, sorana,
Mühakimə yoxdu yara vurana?
Balıq baha, daha əti yemirəm,
Dərdlərim bol, bir çoxunu demirəm.

 

Şadimana sən danışma, sus dedim,
Tut dilini, dar ağacdan as dedim,
Gətirməyən kor bəxtini pus, dedi:
“Balıq baha, daha əti yemirəm,
Dərdlərim bol, bir çoxunu demirəm.”

 


09.01.2014
Şirin Xanım Kərimbəyli Şadiman

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !