Nigar İbrahimova Belarusa qastrol səfərinə dəvət olunmuşdur -

Nigar İbrahimova Belarusa qastrol səfərinə dəvət olunmuşdur

aAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı arasında 2011-ci ildə bağlanmış Memoranduma əsasən bu iki teatrın sıx əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, Belarus Teatrının aparıcı vokal və balet ustaları vaxtaşırı Bakıya, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının sənətçiləri isə Minskə qastrol səfərlərinə dəvət olunurlar. Bu günlərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına Minsk teatrından növbəti dəvət məktubu daxil olmuşdur. Teatrın balet truppasının gənc və istedadlı solisti, Respublikaın Əməkdar artisti Nigar İbrahimova 2016-cı il yanvarın 22-də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində Adolf Adanın “Jizel” baletinin tamaşasında Jizel partiyasını ifa etmək üçün dəvət olunmuşdur. Milli baletimizin gənc ulduzularından biri olan Nigar 2004-cü ildən teatrın balet truppasında çalışır. Truppanın aparıcı solisti kimi bir çox tamaşalarda (“Qu gölü” – Odetta-Odilliya, “Don Kixot” – Kitri, “Jizel” – Jizel, “Şelkunçik” – Maşa, “Şəhrizad” – Zübeydə, “Don Kixot” (Q.Qarayev) – Dulsineya, “Min bir gecə” – Şəhrizad, “Yeddi gözəl” – Gözəllər gözəli, Hind gözəli, “Eşq və Ölüm” – Ölüm və s.) böyük uğurla çıxış edir. Milli balet sənətimizi dəfələrlə Türkiyə Respublikasında, Rusiya Federasiyası, Belrus, Fransa, Qırğızıstan və b. ölkələrdə müvəffəqiyyətlə təmsil etmişdir. Nigarın ən böyük uğurlarından biri bu yaxınlarda – sentyabrın 25-də Rusiyanın paytaxtı Moskvada Kreml sarayında balet artistlərinin Rusiya və Avropadan olan beynəlmiləl heyətin tərkibində F.Əmirovun “Min bir gecə” baletinin tamaşasında Şəhrizad rolunu ifa etməsidir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !