Vətən qeyrəti sənədli filmi məktəblilərə nümayiş olundu - FOTO

“Vətən qeyrəti” sənədli filmi məktəblilərə nümayiş olundu FOTO

Yanvarın 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Sabunçu rayonundakı 113 saylı orta ümumtəhsil məktəbində Milli Qəhrəman Yelmar Edilova həsr edilmiş “Vətən qeyrəti” sənədli filminin təqdimatı keçirildi. “Salnamə” sənədli filmlər studiyasında istehsal edilən film məktəbin şagirdləri üçün nümayiş olundu. Təqdimatda çıxış edən nazirliyin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə bildirdi ki, "Salnamə" və "Yaddaş" studiyalarında dövlət sifarişi ilə ekranlaşdırılan Milli Qəhrəmanlar haqqında filmlər Bakı və Sumqayıtda, Ağdam, Oğuz, Göyçay, Quba, Biləsuvar və Xaçmaz və digər rayonlarında ictimaiyyətə təqdim edilib. Nazirliyin sifarişi ilə Milli Qəhrəmanlara həsr edilən 40-dan artıq film ərsəyə gətirilmişdir. Bu gün isə Yelmar Edilova həsr edilən filmin ilk nümayişidir. Filmin rejissoru Emin Əfəndiyev, ssenari müəllifi Rəfiqə Məsuddur. Məktəbin direktoru Rövşən Qasımov şagirdlər qarşısında çıxış edərək bildirdi ki, şəhidlər bizim fəxrimiz, iftixarımızdır. Onlar bizim yolumuzda öz canlarını qurban veriblər: “Şəhid olan bütün övladlar bizim qürur yerimizdir. Milli qəhrəmanlarımız haqqında sənədli filmlərin məktəbimizdə nümayişi yeniyetmələrdə vətənpərvərlik ruhunun daha da güclənməsinə xidmət edir. Sevindirici haldır ki, bu gün də qəhrəmanlarımız unudulmur, onların vətənpərvərlik hissləri filmlərə köçərək gələcək nəsillərə ötürülür”. Direktor filmin təqdimatına görə kollektiv adından Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi. Filmin nümayişindən sonra çıxış edən ssenari müəllifi Rəfiqə Məsud Milli Qəhrəmanın keçdiyi şərəfli ömür yolu haqqında şagirdlərə məlumat verdi. Bildirildi ki, film Azərbaycan gəncləri üçün bir nümunədir. Qeyd edək ki, Elmar Edilov Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş və Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !