BSU-da "Qanlı Yanvar bədii filminin nümayişi keçirilib -

BSU-da "Qanlı Yanvar” bədii filminin nümayişi keçirilib

Yanvarın 15-də Bakı Slavyan Universiteti (BSU) və ANS Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə Vahid Mustafa Yevin rejissorluğu və ssenarisi əsasında istehsal olunan "Qanlı Yanvar” bədii filminin BSU-da nümayişi keçirilib. 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünə həsr olunmuş tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev 26 il öncə Azərbaycan xalqının azadlıq, müstəqillik, toxunulmazlıq uğrunda apardığı mübarizə dolu bir gecədə yaşanılan dəhşətləri ürək ağrısı ilə dinləyicilərin nəzərinə çatdırıb. Rektor 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühim əhəmiyyət kəsb etdiyini vurğulayıb. Asif Hacıyev Ulu öndər Heydər Əliyevin faciənin ertəsi günü bütün təzyiqlərə baxmayaraq, Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Bakıda baş vermiş cinayət barədə bütün dünya ictimaiyyətinin məlumatlandırmasını əsl qəhrəmanlıq nümunəsi kimi qiymətləndirib.
Sonra "Qanlı Yanvar” bədii filmi nümayiş olunub. 20 Yanvar hadisələrini bütün dəhşətləri ilə özündə əks etdirən film müəllim və tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Nümayişin ardından ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev "Qanlı Yanvar" filmi barədə təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. Vitse-prezident qeyd edib ki, Vahid Mustafa Yevin ərsəyə gətirdiyi bu film Vətənimizin gələcəyi uğrunda vuruşan, müstəqillik eşqi ilə küçələrə çıxan insanların qəhrəmanlığını bütün dünayaya sübut edən çox az filmdən biridir. Bu filmə Azərbaycan vətəndaşlarının hər biri baxmağa borcludur. Mir Şahin Ağayev vurğulayıb ki, "Qanlı Yanvar" sadəcə bir insani həssaslığı və duyğusallığı əks etdirmir, həm də vacib tarixi faktlardan bəhs edir.
Tədbirin sonunda rektor, professor Asif Hacıyev ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafa Yevin adına BSU tərəfindən “Təşəkkürnamə” təqdim edib. Belə bir filmi ərsəyə gətirdiyinə görə filmin rejissoruna və bütün yaradıcı qrupa minnətdarlığını bildirib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !