Kərim Kərimli: - DAHA ARAMIZDA DAŞDAN ÇƏPƏR VAR...

Kərim Kərimli: DAHA ARAMIZDA DAŞDAN ÇƏPƏR VAR...

AZƏRBAYCAN UNUTDUMU ŞUŞANI?!
...İşğal altında olan torpaqlarımızı hər gün xatırlayanlara, Ağdam, Ağdərə, Cəbrayıl, Əsgəran, Füzuli, Hadrut, Xankəndi, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan barədə hər gün düşünənlərə bağışlayıram...

 

 

DAHA ARAMIZDA DAŞDAN ÇƏPƏR VAR...


Biz deyirdik canımızda təpər var,
Biz deyirdik sinəmizdən sipər var!..
Daha aramızda daşdan çəpər var, -
Cəbhə boyu ucaldırlar qalanı,
Azərbaycan unutdumu Şuşanı?!


...“Mən Vətənəm! Qiymətimi bil!” – deyir,
“Başım üstən bu təhqiri sil!” – deyir.
“Məni Azad eylə, sonra gül!” – deyir, -
Azadlığa kim qoyacaq imzanı? –
Azərbaycan unutdumu Şuşanı?!


Bu sözləri yüz illərdi el deyir:
- El birləşsə, öz adına sel deyir...
And içəkmi? Vətən bizə “Gəl!” - deyir!
Öpək, qoyaq göz üstünə Quranı!
Azərbaycan unutdumu Şuşanı?!


...Mikayılı iş başında vurdular.
Vaqifin qəsdinə göydə durdular.
Bizə hər addımda tələ qurdular,
Yandırdılar el yolunda yananı,
Azərbaycan unutdumu Şuşanı?!


Şuşanı düşmənə hazırlayanlar
O şanlı şəhərə qəbir qazanlar, -
Gözəlova qəsdi edən rahzanlar
Öldürdülər o qeyrətli mövlanı,
Azərbaycan unutdumu Şuşanı!


Mən söz söyləmərəm, gəlişi gözəl,
Əsil şuşalının hər işi gözəl...
Seyidi, mollası, dərvişi gözəl,
Hanı məclislərin şeyxi, ozanı?
Azərbaycan unutdumu Şuşanı?!


“Bızığ”ı, “Qiriş”i, “Elişi” gözəl,
“Pezi”si, “Teli”si, “İlişi” gözəl...
Zarafatı duzlu dəlisi gözəl...
Xatırlayın gözü yolda qalanı,
Azərbaycan unutdumu Şuşanı?!


“Qaşların qaradır, gendir arası
Mən səni sevirəm, ceyran balası!” –
Başlardaydı bu sözlərin havası...
Deyib, sevər, oxşardılar Aslanı,
Azərbaycan unutdumu Şuşanı?!


“...”Poyuz” gedir taraq-taraq, tak- taraq,
Neyləyək, nə nəşə var, nə də araq!
Anam, bacım, nəyə lazım ağlamaq?!” –
Yada salın bu şeiri yazanı, -
Azərbaycan unutdumu Şuşanı?!


“...Əssalam əleyküm, ey Şuşa əhli,
Yarısı nəşəli, yarısı kefli!” -
Dağları-bağları qövsi-quzehli, -
Yenə alırsanmı belə naməni?
Azərbaycan unutdumu Şuşanı?!


...Mirzəqulu yavaş-yavaş yanaşdı,
“Derəm... derəm...” deyib bizə ganaşdı.
Sonra... Ağa körpüsündən danışdı...
Mədh eləyib təriflədi Ağanı,
Azərbaycan unutdumu Şuşanı?!


Şlyapasın endirərək alnına,
Pencəyin ətəyin atıb dalına,
Varaşil millətin güldü halına:
- Bəy edəcək müharibə mollanı!
Azərbaycan unutdumu Şuşanı?!


Şahin idi Danəndəsi o yerin,
Nəsrəddindən nişanəsi o yerin.
İsgəndəri, divanəsi o yerin...
Yazdı Sadıxova zəhrə zəhranı...
Azərbaycan unutdumu Şuşanı?!


...Başı buludlarla öpüşən şəhər,
Hər gün toy-bayramla gülüşən şəhər,
Ölüsü beş ildən bir düşən şəhər...
Kəsəyi də xatırladar mərcanı,
Azərbaycan unutdumu Şuşanı?!

 


...Şuşada Səmimi - bir şair vardı...
...Eldar Tağı yana-yana yazardı...
...Əyyub Şırlanlının dili qabardı
Çağırmaqdan bayatını, laylanı,
Azərbaycan unutdumu Şuşanı?!


Akif Məftun, qarış-qarış gəzdiyin,
Ağ dumanda mələk kimi süzdüyün,
Hər gülündən, çiçəyindən üzdüyün,
“Cənnət!” – deyib, öydüyün yer, de, hanı?!
Azərbaycan unutdumu Şuşanı?!


“İrmi” ildi itirmişəm yarımı,
“Yar” demirəm, bu canımın yarımın...
Amil, qurban olum, köklə tarını,
Ağlat məni, qoy dincəlim, oyanım,
Azərbaycan unutdumu Şuşanı?!


Səadətlə açardı hər səhəri...
Gözəl şəhər, o şəhərlər şəhəri!
Al-yaşıllı şəbəkələr şəhəri,
Hardan tapsın Rafiq kimi ustanı?
Azərbaycan unutdumu Şuşanı?!

 


***

 


"HANI ŞUŞAMIZIN BAYRAQ MEYDANI?"...


...Həmin gün Bakıya ilk qar yağırdı,
Rəssam Valeh zənglə məni çağırdı.
Yaş gözündən damla-damla axırdı:
- Şuşa ətri gəlir, qoxla havanı...
Azərbaycan unutdumu Şuşanı?!


...Bakir “məllim” zəng elədi Kəlbənddən,
Kövrələrək dedi, səmimi qəlbdən:
- Şuşadakı kimi qar yağır kənddə...
Bir də andım “qar” adlı nur yağanı,
Azərbaycan unutdumu Şuşanı?!


...Hacı Vahid Göyçaydan zəng elədi:
- Qardaş, özün bilirsən ki, belədi;
Fələk bizi yad yerlərə pelədi...
Qardaş bildik dərdimizi duyanı,
Azərbaycan unutdumu Şuşanı?!


Elinə əsgərdi, özünə xandı,
Vətənsiz yaşayır, ürəyi qandı.
Gəncə “səfirimiz” bəy Xanoğlandı,
Çox qurtarıb dərd əlindən çaşanı,
Azərbaycan unutdumu Şuşanı?!


Səməd olsun dostluğumuz, ay Səməd,
Yanaşı dayansın Məzahir, Əhəd!
Gün gəlsin ki, Barat, Kamal, nəhayət,
Abad etsin dağ başında Səfxanı,
Azərbaycan unutdumu Şuşanı?!


O işdə mən işləmişəm düz bir il,
Elə bil ki, çalışmışam yüz bir il.
Mübarizlə ölkə boyu biz bir il
Hey “çapmışıq” dəlmə-deşik “Niva”nı,
Azərbaycan unutdumu Şuşanı?!


Mənim dostum Adil - Nadirli Adil,
Əxlaqda, iffətdə nadirdi Adil!
Qardaşlıq yolunda qadirdi Adil
Addım ata, sevindirə ixvanı...
Azərbaycan unutdumu Şuşanı?!


Qəlbi təmiz, yumor hissi dərindi,
Fəxrəddinin zarafatı şirindi.
Şuşa bizim – mənim, sənin yerindi!
Yerim olsun! Olum yerim qurbanı,
Azərbaycan unutdumu Şuşanı?!


Çingiz dayı dağların o üzündən,
Süzülübdü bulaqların gözündən...
Uca dağlar dizindəndi, dizindən...
Hanı Cürmi-ərzi – əziz Alcanı?
Azərbaycan unutdumu Şuşanı?!


Dağ döşündə cənnət idi o kəndlər,
Möcüzəydi, heyrət idi o kəndlər.
Xəzinəydi, sərvət idi o kəndlər, -
Köhnəkəndi, Xumartası, İrçanı...
Azərbaycan unutdumu Şuşanı?!


Şakir mənim kimi ağardıb saçın,
Kədəri böyükdür... Şuşa və Laçın...
Deyir ki, gün gəlsin, xəbərə qaçım,
Gerçək olsun bu dünyanın yalanı,
Azərbaycan unutdumu Şuşanı?!


...Namərd Toğanada vurdu Faiqi,
Gözü yaşlı qoydu oğlu Şaiqi.
Niyə olduq biz bu günün layiqi?
Xəyanətin dalında kim dayanıb?
Azərbaycan unutdumu Şuşanı?!


İtib dadı Şuşasız toy-büsatın,
Yoxdur adı Qəşəm oğlu Cavadın...
Nə mənası Şuşasız bir həyatın?
Varmı duyan itirilmiş mənanı?
Azərbaycan unutdumu Şuşanı?!


Söz deyirəm söz qədrini bilənə,
Salam olsun gözü yaşlı gülənə!
Məni sənsiz qoyan görüm dilənə...
Neçə insan dilənməklə dolanır...
Azərbaycan unutdumu Şuşanı?!


Gah deyirlər Şuşamızdan xəbər var,
Gah deyirlər Şuşamıza səfər var...
Canım-gözüm, hər işdə bir təhər var,
Gəzin, tapın bu təhərə salanı,
Azərbaycan unutdumu Şuşanı?!


-Sən hardasan? – ürəyimin başında!
...İzim qalıb torpağında, daşında!!!
Bir tufan var yadımda, yaddaşımda,
Azadlıq səngidər yalnız tufanı,
Azərbaycan unutdumu Şuşanı?!


Şuşalılar səpələnib hər yerə,
Vətənsizlər kül tökəmməz bir yerə!
...Yenə endi yüksələnim bir kərə...
Hanı Şuşamızın Bayraq meydanı?!
Azərbaycan unutdumu Şuşanı?!

 


***

 


"YENİ ŞUŞA" OLUB İNDİ "RAMANI"...


...Od tutmuşdu torpağımı, daşımı,
“Başbilənlər” itirmişdi başını...
Düşmən vurdu göydə uçan maşını,
Qətl elədi düz qırx yeddi insanı,
Azərbaycan unutdumu Şuşanı?!


Biri Bəhram idi qırx sərnişindən,
Tutub dostlarının o da əlindən,
Atıldı “gəmi”nin göyərtəsindən...
Əfsus... Paralandı hər yanı,
Azərbaycan unutdumu Şuşanı?!


Vətən yoxsa nə kişilik, nə kişi?!
Qadına da əl qaldırdı nakişi!
Düşmən vurdu, - biz də dözdük, a kişi, -
Kəmaləni, Şəmaili, Saranı,
Azərbaycan unutdumu Şuşanı?!


Əli uzun idi dinsiz xainin,
Oynayırdı gah “molla”nı, “kahin”i.
Sədaqəti, Səadəti, Şahini
Bircə anda itirilən Elmanı, -
Azərbaycan unutdumu Şuşanı?!


...Qar yağanda şəhər bəyaz olardı,
Qış olsa da, könüldə yaz olardı.
Əhlimantək oğul az-az olardı...
Qaryağdını, Bəxtiyarı, Elxanı,-
Azərbaycan unutdumu Şuşanı?!


Tanrı qəmi az eylərdi Şuşada,
Keyfimizi saz eylərdi Şuşada.
Qar torpağa naz eylərdi Şuşada,
Kim unudar o naz ilə yağanı?
Azərbaycan unutdumu Şuşanı?!


Allahverdi - zirvələrin sirdaşı,
Tanıyırdı hər qayanı, hər daşı.
Biz hamımız Cəsarətin qardaşı,-
Kim olmadı o hünərin heyranı?!-
Azərbaycan unutdumu Şuşanı?!


Ucaldaraq ali şəhid taxtına,
Haqq yetirdi Haqverdini haqqına...
Bu ölkədə şəhidliyin “haqqı” nə?!!
Nə demişdi? Yada salaq Tahanı...
Azərbaycan unutdumu Şuşanı?!


Böyük Allah, möcüzələr qadiri,
Tək yaradıb Şuşamızı – nadiri...
Ələmdarı, Eldənizi, Sadiri,
Ələkbəri, Fərmaili de hanı?
Azərbaycan unutdumu Şuşanı?!


“...Durdu döyünməkdən bəstəkar ürək,
Qarabağ sevgili nəğməkar ürək...”
Şuşasız neyləsin qəmküsar ürək?!
“Məncə, bu dərd yıxdı Xan Süleymanı...”
Azərbaycan unutdumu Şuşanı?!


Dara düşdük, ev-eşikdən çəkildik,
Yanan yandı, yanmayanlar söküldü.
Bir camaat min bir yerə töküldü,
“Yeni Şuşa” olub indi “Ramanı”,
Azərbaycan unutdumu Şuşanı?!


Yurdum-yuvam tonqallara çatıldı,
Oba-oba, oymaq-oymaq satıldı.
Hər rayonun təzə yeri tapıldı,
Masazırda “əkdilər” Zəngilanı,
Azərbaycan unutdumu Şuşanı?!


Qubadlını Sumqayıta “qatdılar”,
Biləsuvarda Cəbrayıl “yapdılar”.
Kəlbəcəri Gəncədə “ucaltdılar”...
Xankəndinin nədən yoxdur ünvanı?
Azərbaycan unutdumu Şuşanı?!


Ağdam yer üzündən silinib daha,
Xocalıdan iz qalmayıb sabaha...
Xirtdəyəcən bulaşmışıq günaha,
Kim olacaq bu günahın qurbanı,
Azərbaycan unutdumu Şuşanı?!


Ağdərəmiz üç bölündü elilə,
Əsgəranı ağlasınlar dil ilə...
Daş üstündə güldan idi gül ilə,
Sındırmışıq Şuşa adlı güldanı,
Azərbaycan unutdumu Şuşanı?!


“Hadrut” adlı bir yerimiz var idi,
Yayı cənnət, qışı təmiz qar idi...
Meşə... zəmi... hər tərəfi bar idi...
Bir zamanlar Üzeyirin məkanı...
Azərbaycan unutdumu Şuşanı?!


Xocavəndin Beyləqandı məskəni!
Füzulinin Horadizdi mədxəni...
Əsir qalıb dədə-baba mədfənim,
Gözlər bizi, umar bizdən mənnanı,
Azərbaycan unutdumu Şuşanı?!


...Saydıqca ürəyim uçundu, qardaş...
İndi Taxta körpü “Laçın”dı, qardaş!
Ey beli bükülən laçınlı qardaş,
Laçınla itirdin zövqü səfanı,
Azərbaycan unutdumu Şuşanı?!


On dörd rayon-şəhər itirmişik biz,
Qarabağda oxunmayır himnimiz...
Nədəndir ki qımıldanmır ölkəmiz, -
Qarabağda dalğalanmır nişanı!!!
Azərbaycan unutdumu Şuşanı?!


On dörd!!! İki Acarıstan boydadı,
İkidə bir Ermənistan boydadı!!!
Dərdü hekayətim dastan boydadı,
Yaza bildik dəryadan bir damlanı,
Azərbaycan unutdumu Şuşanı?!
(Davamını gözləyin) 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !