Azərbaycan Dövlət Opera və Balet Teatrında balet axşamı keçiriləcək -

Azərbaycan Dövlət Opera və Balet Teatrında balet axşamı keçiriləcək

Yanvarın 17-də Azərbaycan Dövlət Opera və Balet Teatrı öz tamaşaçılarını Dmitri Şostakoviçin “Xanım və Xuliqan” və Sergey Prokofyevin “Tamahlar” baletlərindən ibarət balet axşamına dəvət edir. Balet axşamında nümayiş olunacaq “Xanım və Xuliqan” 2012-ci ildə quruluşçu baletmeyster Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Moxnaçov tərəfindən səhnəyə qoyulmuşdur və bu günə kimi repertuardadır. Rus balet sənətinin ən dəyərli nümunələrindən olan bu balet iki gəncin faciəli məhəbbət tarixcəsindən – insanı yaxşılığa doğru dəyişən, onda təmiz və işıqlı hisslər oyadan məhəbbətdən, öz sevgisini qorumaq üçün həyatını qurban verən qəhrəmanın taleyindən bəhs edir. Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir. Əsas rollarda Xalq artisti Kamilla Hüseynova (Xanım), aparıcı solist Anar Tahirov (Xuliqan), həmçinin Əməkdar artist Alsu Qimadiyeva və solist Faiq Qubatov çıxış edəcəklər. “Tamahlar” baleti 2003-cü ildə fransalı xoreoqraf Alen Amber tərəfindən səhnəyə qoyulmuşdur. Tamaşa rus bəstəkarı S.Prokofyevin “Klassik simfoniya”sı əsasında səhnələndirilmişdir. Süjet xətti olmayan bu baletin çox gözəl musiqisi vardır. Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir. Solistlər Xalq artisti Kamilla Hüseynova, Əməkdar artistlər Yuri Lobaçov, Alsu Qimadiyeva, aparıcı solistlər Makar Ferştandt, Timur Oduşev, Failə Bolqarova, Veronika Arazova və başqalarıdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !