Xoşbəxt YUSİFZADƏ: - Neftçi Qurban

Xoşbəxt YUSİFZADƏ: Neftçi Qurban

Bir neçə il bundan əvvəl Moskvada “Ensiklopedik neft və qaz albomu” nəşr edilib. Burada keçmiş Sovet İttifaqının 1000-ə qədər görkəmli neftçisi haqqında məlumat toplanıb ki, onların da təxminən hər dörd nəfərindən biri Azərbaycan neft məktəbinin yetirməsidir. Həmin sırada fəxri neftçi, açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biri, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qurban Abasqulu oğlu Abasovun adı da yer alıb.
Qurban adı yalnız ensiklopediyaları deyil, bir çox elmi, bədii, sənədli və publisistik əsərləri bəzəyən və heç vaxt unudulmayan məşhur Azərbaycan neftçisidir. Uzun illər Qurban Abasovla çiyin-çiyinə çalışan neftçilərdən biri kimi deyə bilərəm ki, o, od-alov idi, dinclik bilmədən çalışır, öyrənir, həmişə işin çətinindən yapışırdı.
Azərbaycanda və keçmiş ittifaqın neft rayonlarında hamının sadəcə “Neftçi Qurban” kimi tanıdığı Q.Abasov 1926-cı il yanvarın 1-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olmuşdu. 1944-cü ildə ordu sıralarına çağırılmış və digər gənclərlə birlikdə qatarla Bakıya gəlmişdi. Lakin burada Qurban Abasova və onun səfər yoldaşlarına elan etmişdilər ki, onların sovet-alman cəbhəsinə deyil, neft cəbhəsinə göndərilməsi qərara alınmışdı. Həmin vaxtdan da Qurban Abasov Azərbaycanın neftçilər ordusunun əsgəri və sonralar komandanı kimi ömrünün 50 ilini respublikamızın neft sənayesinin inkişafına həsr etmişdir.
Onun əmək yolu “Artyomneft” trestinin (indiki “Abşeronneft” NQÇİ) mədənlərindən başlamışdır. Qurban Abasov burada bir müddət fəhlə kimi çalışmış və neftçi peşəsinə ürəkdən bağlanmışdır. Getdikcə bu peşənin incəliklərinə yiyələnmiş, biliyini, təcrübəsini günbəgün artırmışdır.
Kəndli balasının neft işinə qibtəediləcək vurğunluğu, işgüzarlığı və əməksevərliyi hamıda xoş ovqat yaradır və onun gələcək uğurlarından xəbər verirdi. Qazmaçı köməkçisi, qazmaçı, buruq ustası... O, addım-addım irəliləyir, dəniz neftçisi kimi tamamilə yeni bir peşənin iş prinsiplərini və xüsusiyyətlərini müəyyən edən bacarıqlı mütəxəssislərdən birinə çevrilirdi.
Hələ 21 yaşında ikən keçmiş SSRİ-nin ən gənc buruq ustası olan Qurban Abasovun bu sahədə istedadı “Gürganneft” Neft Mədənləri İdarəsində (indiki “Neft Daşları” NQÇİ) özünü bütün genişliyi ilə göstərdi. Dəniz qazması sahəsindəki istedadı onu dünyada baş vermiş ən böyük tarixi hadisələrdən birinin - 1949-cu ildə Xəzərdə “Neft Daşları” yatağının kəşf edilməsinin iştirakçısı kimi məşhurlaşdırdı.
1949-cu ildə Neft Daşlarında dənizin dibinə vurulmuş dirəklər üzərində 14 kvadratmetrlik bir “ev” tikildi, radiostansiya quruldu, sahillə əlaqə yaradıldı və yataqda 1 nömrəli quyunun qazılmasına hazırlıq işləri görüldü. İlk quyunun qazılması sonralar Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş qazma ustası Mixail Kaveroçkinlə birlikdə 23 yaşlı Qurban Abasova həvalə edilmişdi. Onların rəhbərlik etdiyi briqada işə 1949-cu il iyunun 24-də başladı. Həmin il noyabrın 7-də isə 942 metr dərinlikdən - Qala lay dəstəsindən ilk neft fontan vurdu. Quyunun gündəlik hasilatı 100 tondan artıq idi. Bu fontanla da neft sənayesinin tarixində açıq dənizdə neft hasilatı erasının təməli qoyuldu.
Daha sonra “Möcüzələr adası”nda ikinci quyunun qazılmasına start verildi və bu iş də buruq ustası Qurban Abasovun rəhbərlik etdiyi briqadaya tapşırıldı. Onun briqadasının əldə etdiyi nailiyyətlər keçmiş ittifaqın neft sənayesində ən yüksək göstəricilər sırasında yer alırdı. Təsadüfi deyil ki, “Gürgan-dəniz” və “Neft Daşları” yataqlarının mənimsənilməsində xüsusi xidmətləri olan neftçilərlə birlikdə 1951-ci ildə Qurban Abasov da birinci dərəcəli Stalin mükafatına layiq görüldü. O vaxt onun cəmi 25 yaşı var idi.
Qurban Abasov üçün vəzifə borcu müqəddəs idi. Neftçi üçün isə bu borcu dəniz şəraitində çalışaraq yerinə yetirmək böyük cəsarət, iradə və əzmkarlıq tələb edirdi. Bir insan və mütəxəssis kimi Qurban da məhz bu keyfiyyətləri ilə seçilirdi.
O, vəzifə ardınca qaçmırdı, əksinə, onu vəzifələrə təyin edirdilər. 1952-1959-cu illərdə Qurban Abasov “Gürganneft” Neft Mədənləri İdarəsi Şimal Sahəsi qazma idarəsinin rəisi, 1959-1962-ci illərdə “Orconikidzeneft” (indiki “Suraxanı Oyl” Əməliyyat Şirkəti) Neft Mədənləri İdarəsi qazma kontorunun rəisi, 1962-1967-ci illərdə “Qum adası” Neft Mədənləri İdarəsi (indiki “Bahar Enerji” Əməliyyat Şirkəti) qazma kontorunun rəisi kimi çalışdı. 1967-1976-cı illərdə “Azərdənizneftkəşfiyyat” və “Xəzərdənizneftkəşfiyyat” trestlərinin rəisi, 1976-1977-ci illərdə “Xəzərdənizneft” İstehsalat Birliyi baş direktorunun müavini, 1977-1980-ci illərdə “Neft Daşları” NQÇİ-nin rəisi vəzifələrində işlədi və hər yerdə etimadı layiqincə doğrultdu.
Neft Daşları Qurban Abasov üçün sanki ikinci ata ocağı idi. Buranı o, qəlbən sevir və dünyanın bu səkkizinci möcüzəsinin xalqımıza hələ uzun illər xidmət edəcəyinə ürəkdən inanırdı. Onun Neft Daşlarına rəhbərlik etdiyi illərdə NQÇİ-də neft hasilatı planı hər il yerinə yetirilirdi. İki il yarımda burada plandan əlavə 200 min tondan çox neft hasil edilmişdi. Belə bir göstəricinin əldə olunması üçün mədənlərdə mürəkkəb texniki-texnoloji tədbirlər həyata keçirilmiş, qaz kompressor stansiyalarında, əmtəə çənləri parkında, estakada və meydançalarda böyük həcmdə təmir-bərpa işləri görülmüş, qazma və tikinti idarələrinin işinin sürəti və səmərəliliyi xeyli artırılmışdı. Neft Daşlarında beşmərtəbəli üç yataqxana və beşmərtəbəli inzibati idarə binası tikilib istismara verilmişdi.
Həmin illərdə Qurban Abasov artıq çox böyük və mürəkkəb vəzifələrin həyata keçirilməsinə rəhbərlik etməyi bacaran müdrik bir istehsalat komandiri kimi yetişmişdi. O, hələ ötən əsrin 50-ci illərində Bakı Neft Texnikumunun Neft Daşlarındakı filialını, daha sonra Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) da bitirmişdi.
1980-ci ildə Azərbaycanın dəniz neftçilərinin həyatında daha bir parlaq hadisə baş verdi: suyun 80-350 metr dərinliyində yerləşən “Günəşli” yatağı kəşf olundu. Bu yatağın kəşfi respublikada neft və qaz hasilatının artırılmasında müstəsna rol oynadı.
1980-ci ildə Qurban Abasov Ümumittifaq “Xəzərdənizneftqaz” Sənaye Birliyinin rəisi təyin edildi. O vaxt mən birliyin rəisinin müavini-baş geoloq vəzifəsində çalışırdım.
Uzun müddət dənizdə işləmiş neftçilər bir-birlərini gözəl başa düşürlər və bu, çox mürəkkəb məsələlərin həllində əsl açar rolunu oynayır. Lakin bu da həqiqətdir ki, Qurban Abasovla işləmək o qədər də asan deyildi. O, həddindən artıq tələbkar və narahat adam idi. Özü işə necə can yandırırdısa, başqalarından da bunu tələb edirdi.
O illərdə Qurban Abasovun və birliyin bütün mütəxəssislərinin vəzifəsi “Günəşli” yatağını tez bir zamanda işə salmaqdan ibarət idi. Bu məsələdə birlik rəisinin xüsusilə böyük rolu oldu və biz daha bir sınaqdan uğurla çıxdıq. Dövlətin, ümummilli lider Heydər Əliyevin qarşıya qoyduğu vəzifənin öhdəsindən layiqincə gəldik.
Onu da xatırlayıram ki, 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid İliç Brejnev Azərbaycana gəldi. O vaxt biz “Şelf-2” üzən yarımdalma qurğusunu almışdıq. Qurğu Bakı limanında dayanmışdı. Brejnev burada da oldu. Qurğu barədə ona rəisimiz Qurban Abasov məlumat verdi, Azərbaycan neftçilərinin Xəzər dənizində gördükləri işlərdən danışdı...
Qurban Abasovun Azərbaycanın neft sənayesi qarşısında xidmətlərini saymaqla qurtarmaz. “Şelf” tipli yarımdalma üzən qazma qurğularının Xəzər dənizi şəraitində mənimsənilməsində Qurban Abasovun xüsusi əməyi olmuşdur. Bu qurğular dənizin dərin yerlərində yeni yataqların kəşf edilməsinə, yeni perspektivli strukturlarda kəşfiyyat işlərinin aparılmasına imkan vermişdir.
Qurban Abasovun bilavasitə rəhbərliyi altında dərin dəniz stasionar platformaları tikintisinin istehsalat bazası yaradılmış, Xəzər dənizinin dərin sahələri üçün nəzərdə tutulan platformaların tikintisinin prinsipcə yeni metodu işlənib hazırlanmışdır. Yəni Neftçi Qurban dənizdə hasilatın artırılması ilə yanaşı, infrastrukturun inkişafına ciddi fikir verirdi.
“Günəşli”, “Çıraq”, “Azəri”, “Kəpəz” kimi iri yataqların kəşf edilməsində Qurban Abasovun xüsusi xidmətləri olmuşdur. Ötən əsrin 90-cı illərində biz artıq tamamilə yeni bir şəraitdə - keçmiş sovet respublikaları ilə əlaqələrin qırıldığı, maliyyə və təchizat məsələlərinin heç cür həll edilmədiyi bir dövrdə işləyirdik. Amma buna baxmayaraq, Qurban Abasov çətinliklə də olsa, öz müdrikliyi və böyük nüfuzu sayəsində neft sənayesi üçün müəyyən işlər görməyə çalışırdı. Azərbaycanın digər mütəxəssisləri kimi, böhrandan çıxış yolunu o da xarici neft şirkətləri ilə işbirliyində görürdü. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin baş müşaviri vəzifəsində çalışanda da o, Qərb ölkələrinin iri neft şirkətləri ilə “Azəri-Çıraq-Günəşli” yataqları üzrə danışıqların uğurla başa çatdırılması və “Əsrin müqaviləsi” kimi mühüm sazişin imzalanması üçün böyük əmək sərf etmişdir.
Qurban Abasovun xidmətləri yüksək qiymətləndirilmişdir. 1972-ci ildə maili quyuların qazılmasına görə görkəmli neftçi daha bir yüksək mükafata - Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdü. Neft və qaz sənayesində əldə etdiyi müvəffəqiyyətlərə görə hələ 33 yaşında ikən ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi. Qurban Abasov keçmiş SSRİ-nin iki dəfə Lenin ordeni ilə, “Oktyabr İnqilabı”, iki dəfə Qırmızı Əmək Bayrağı, “Şərəf Nişanı” ordenləri və bir çox medallarla təltif olunmuşdu. 1960-cı ildə o, Azərbaycan SSR-in neft ustası, neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə 1970-ci ildə SSRİ-nin fəxri neftçisi adına, 1975-ci ildə Azərbaycan SSR-in əməkdar mühəndisi adına layiq görülmüşdü.
Özünün fədakar əməyi ilə Qurban Abasov respublikada dərin hörmət və etimad qazanmış, bir neçə çağırış SSRİ Ali Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. O, müstəqil Azərbaycan Respublikasının “Şöhrət” ordeninə də birincilər sırasında layiq görülmüşdür.
Qurban Abasov 1994-cü il sentyabrın 14-də ömrünün 69-cu ilində dünyasını dəyişdi. Onun dəfn mərasimində ümummilli lider Heydər Əliyevin çıxışını indi də həyəcansız xatırlaya bilmirəm. Ulu öndər dedi ki, Qurban Abasovun həyat yolu parlaqdır, nümunəvidir və xalqımızın nəyə qadir olduğunu əyani surətdə nümayiş etdirir. Adi bir gənc Azərbaycan sənayesinin, iqtisadiyyatının ən mühüm, eyni zamanda ən ağır sahəsi olan neft sənayesi sahəsində ən kiçik işdən - fəhləlikdən ən yüksək zirvəyə çatmışdır. Qurban Abasovun fitri istedadı zəhmətkeşliyi, əməksevərliyi, vətənpərvərliyi ilə bağlıdır. Məhz xalqını sevən adam, vətənpərvər adam, zəhmətkeş adam 50 il ərzində bu ağır sahədə öz çiynində böyük yükü daşımağa qadir ola bilərdi.
Qurban Abasovu yalnız neftçilər deyil, bütün xalqımız sevirdi. Hamı onu mübariz, prinsipial, tələbkar, qayğıkeş və ədalətli bir insan kimi tanıyır və ona dərin hörmət bəsləyirdi. Ona həsr olunmuş məşhur “Neftçi Qurban” mahnısı ifa edildiyi gündən dillər əzbəri olmuşdu. Xəzər neftçilərinin fəxri olan Neftçi Qurban - Qurban Abasov qədirbilən Azərbaycan xalqının qəlbində, həmin mahnıda deyildiyi kimi, bu gün də gülərüz, saf ürəkli qəhrəman kimi yaşayır.


Xoşbəxt YUSİFZADƏ,

ARDNŞ-nin birinci vitse-prezidenti, AMEA-nın həqiqi üzvü 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !