Regionalların innovativ inkişafında Hindistan modeli -

Regionalların innovativ inkişafında Hindistan modeli

Xəbər verdiyimiz kimi, Qafqaz Universiteti Texnoparkının direktoru dosent İsa Qasımov innovasiya sahibkarlığının inkişafı sahəsində əhəmiyyətli sayılan “İnnovasiyaların və Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsi” ("Promoting Innovation's & Entrepreneurship through Incubation") beynəlxalq təlimində iştirak etmək məqsədi ilə Hindistanda ezamiyyətdədir. İ.Qasımovdan aldığımız informasiyaya görə, 6 həftəlik proqramın artıq 1 həftəsi uğurla başa çatıb. O, bildirdi ki, təlimin ilk həftəsində, Hindistanda sahibkarlığın inkişafı sahəsində çalışan ən qabaqcıl alimləri, dövlət xadimləri, eləcə də biznes təcrübəsi olan şəxslərin təqdimatında aşağıdakı seminar və treyninqlər keçirilib:




1. "İnnovasiya, İnkubasiya və Sahibkarlıq"
2. "Texnosahibkarlıq və innovasiya"
3. "Yeni təşəbbüskarların formalaşdırılması üçün əlverişli mühitin yaradılması"
4. "Sahibkarlığın İnkişafı Prosesi"
5. "İqtisadi inkişafda innovasiya, inkubasiya və sahibkarlığın rolu"
6. "İnnovasiya prosesi: İdeyanın şirkətləşdirilməsi"
7. "Yeniliyin kəşfi"
8. "Sahibkarlığın fəlsəfəsi haqqında"
9. "Yerli İnnovasiyaların Dəstəklənməsi" və "Sosial Biznes"
10. "Start-up Əsaslı İnnovasiya və Texnologiyaların Sürətləndirmə Proqramları ilə Dəstəklənməsi"


İsa Qasımovun təlim proqramıyla bağlı ilkin təssüratları isə belə oldu:
- Seminarlar nəzəri biliklərlə yanaşı, faktiki tətbiq olunan praktiki informasiyalarla zənginləşdirildiyi üçün daha səmərəli keçir. Boş vaxtlarda isə, Ahmedabad şəhərində innovasiya fəaliyyətləri ilə məşğul olan qurumlar, əhalinin məşğuliyyəti, həmçinin tarixi-mədəni məkanlarla yaxında tanış edilir. Öyrənmək, araşdırmaq, eləcə də karyeramın inkişafı məqsədi ilə Türkiyə, ABŞ və bir sıra Avropa ölkələrində olmuşam. Xüsusilə qeyd etmək istəyirəm ki, lazım olan informasiyanın tam şəkildə ötürülməsində Hindistanlı tədqiqatçılar çox əliaçıq davranırlar. Bu cür pozitiv yanaşmadan Türkiyədə də çox faydalanmışam.
Burada bir məqamı vurğulamaq istəyirəm. Hazırda iştirak etdiyim proqramda 5 fərqli qitədən 15 ayrı ölkədən 18 nəfər iştirakçı var. MDB məkanından isə cəmi iki nəfər - biri mən, digəri isə Rusiya Federasiyası vətəndaşıdır. Bununla belə, bu institutda xarici vətəndaş qaynayır. Bu insanlar tələbə kimi deyil, məs Hindistan Respublikası Xarici işlər Nazirliyinin təşviqləri, Hindistan Sahibkarlığın İnkişafı İnstitutunun (Entrepreneurship Development Institute of India (EDII)) təşkilatçılığı və Hindistan Texniki və İqtisadi Əməkdaşlıq Təşkilatının (İTEC) maliyyə dəstəyi ilə, innovasiya və sahibkarlığın inkişafına həsr olunmuş müxtəlif təlim proqramlarında iştirak etmək üçün buradadırlar. Hindistan höküməti və sahibkarlığın inkişafı ilə məşğul olan müvafiq qurumlar bilik və təcrübələrini dünya ilə bölüşərək, özlərini məharətlə inkişaf etdirir, eləcə də faydalı nəticələr gözlənilən işgüzar əlaqələrin təməlini formalaşdırırlar.
Hindistan həm də kənd təsərrüfatı ölkəsidir. Regionlarda əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur. Mövcud imkanların maxsimum səmərəli qiymətlərindirilməsi təqribən 1 milyard əhalisi olan Hindistan üçün çox vacibdir. Ona görə də yerli şəraitə uyğun innovasiyaların inkişafı və dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. İnsanları məşğuliyyətlərindən maksimum səmərə alması üçün lokal şəraitlərdə innovasiyaların inkişafına təşviq olunması və bu halların dəstəklənməsi, eləcə də əldə edilmiş nəticələr bu seminarlarda, konkret nümunələrlə izah olunur. Əlbəttə ki, bu cür yanaşma seminar iştirakçıları üçün yenilik və ya innovasiyalar haqqında yeni üfüqlər, yeni xəyallar formalaşdırmaqla yanaşı, həm də motivasiya üçün çox faydalı olur.
Nəzərə alsaq ki, Azərbaycan Respublikası aqrar-sənaye ölkəsidir və ölkə olaraq regionaların inkişafında çox maraqlıyıq, onda Hindistan modelinin öyrənilməsi, eləcə də mövcud şərait və potensialın səmərəli istifadəsinə uyğun tətbiqinin ölkəmiz üçün çox faydalı olacağına əminəm.
İnovasiya fəaliyyətləri dedikdə, təkcə informasiya kommunikasiya texnologiyalarının inkişafı deyil, ümumilikdə informasiya cəmiyyətinin inkişafında maraqlı olmaqdır. Başqa sözlə, cəmiyyətdə təşəbbüskarlıq təşviq edilməklə birgə, innovasiya fəaliyyətlərinin sürətləndirilməsi üçün oxşar regionların bənzər problemlərinin həllinə əsaslanan innovasiya fəaliyyətləri dəstəklənməklə yanaşı, intellektual inkişaf təmin olunmalıdır. İşgüzar şəbəkənin intellektual inkişafı buna müsbət təsir edəcəkdir ki, Hindistan hökumətinin bunu məharətlə yerinə yetirdiyi qənaətindəyəm.
Hindistan ayrılıqda böyük bazara malikdir. Bu da eyni zamanda innovasiyaların inkişafına zəmin verən haldır. Yerli şəraitə uyğun innovasiyaların inkişafında motivasiya amilini güclü tutmaq üçün ölkədaxili təşəbbüskarlıq və innovasiya prosesləri müəyyən mənada regional və qlobal formada inkişaf etdirilməlidir. Məsələn, Hindistan öz təcrübəsini Afrika, Asiya, Sakit Okeanı hövzəsi ölkələri, Latın Amerikası, eləcə də Şərqi Avropa ölkələri ilə bölüşməklə innovasiya və sahibkarlığın inkişafına verdiyi enerjidən daha çox faydalanır və ya bununla bağlı gələcək üçün böyük planların təməlini qururlar.
Qeyd edək ki, proqramın ilk həftəsində İsa Qasımov Azərbaycan Respublikasının coğrafi və geosiyasi mövqeyi, onun iqtisadi keçmişi və iqtisadi inkişaf potensialı, eləcə də ölkədə innovasiya sahibkarlığının inkişafına verilən əhəmiyyəti əks etdirən təqdimatla proqram iştirakçıları qarşısında çıxış edib. O, “İnnovasiyaların və Sahibkarlığın İnkubasiyalarda inkişaf etdirilməsi” təlim proqramı layihəsinin rəhbəri S.B. Sareen`ə, həmçinin bəzi təlimçilərə və proqram iştirakçılarına Azərbaycanı tanıdan hədiyyələr təqdim edib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !