ADU-da Hindi dili günü qeyd olundu - FOTO

ADU-da Hindi dili günü qeyd olundu FOTO

9 yanvar 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetdə fəaliyyət göstərən Hindistan mərkəzi və Hindistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “10 yanvar Dünya Hindi dili günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana və onun xanımı Barbara Rana, ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, səfirliyin əməkdaşları, Azərbaycanda yaşayan hindistanlılar və universitetin professor-müəllim heyəti iştirak edirdi.
Tədbirdə öncə iştirakçılara hindi dili haqqında geniş məlumat verildi. Hindi dilinin 258 milyon insan tərəfindən ana dili kimi istifadə edildiyi və dünyada 2-ci böyük dil olduğu qeyd olundu.
Növbəti dəfə ADU-da olmaqdan məmnun olduğunu dilə gətirən Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana tədbirdə iştirak edən hər kəsə təşəkkür etdi. O, səfirliyin ADU-da fəaliyyət göstərən Hindistan mərkəzi ilə birgə bir çox tədbirlər keçirdiyini qeyd etdi. Səfir ADU-da hindi dilinin tədrisini yüksək qiymətləndirdi və bunun iki ölkə arasında olan dostluq münasibətlərini daha da inkişaf etdiriyini vurğladı.
ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev hindistanlı qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirdi. O, hər il universitetə Hindistanşünaslıq ixtisasında təhsil almaq üçün kifayət qədər tələbənin müraciət etdiyini qeyd etdi. O, bu ixtisasda təhsil alan tələbələrin Hindistanın dilini, mədəniyyətini, tarixini yaxından öyrəndiklərini söylədi.
Tədbirin bədii hissəsində müxtəlif şeirlər söyləndi, rəqslər nümayiş olundu.
Daha sonra hindi dilinin geniş təbliğ olunmasında yaxından köməklik göstərdiklərinə görə universitetin Hindistan mərkəzinin əməkdaşlarına və fəal tələbələrə sertifikatlar verildi.
Sonda Hindistanın milli mətbəxindən olan müxtəlif yeməklər qonaqlara təqdim olundu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !