İlham Namiq-Kamal oğlu Əhmədovun doğum günüdür -

İlham Namiq-Kamal oğlu Əhmədovun doğum günüdür

Bu gün Azərbaycan aktyoru, teatr rejissoru, "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəri, ADMİU-nun "Estrada sənəti" kafedrasının müdiri, Azərbaycanın xalq artisti İlham Namiq-Kamal oğlu Əhmədovun doğum günüdür.
İlham Namiq Kamal oğlu Əhmədov əslən Şamaxıdandır. 9 yanvar 1949-cu ildə Bakıda doğulub. Buradakı 31 saylı orta məktəbi 1966-cı ildə bitirərək Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun və Azərbaycan artisti Rza Təhmasibin kursunda təhsil alıb. Tələbə vaxtı fransız ədibi Jan-Batist Molyerin "Jorj Danden" satirik komediyasının tamaşasında baş qəhrəman rolunu uğurla oynayıb. Onu institutun tədris teatrının aktyor truppasına qəbul ediblər (16 dekabr, 1968). Bu kollektivdə Mirzə Cavad ("Aydın", Cəfər Cabbarlı), Şvester ("Meteor" Fridrix Dürrenmatt), Lomov ("Elçilik", Anton Çexov), Rekrutçu ("Sahildə bir ev",Stefan Sveyq), Baş katib ("Sehirli kreslo", Friteş Korinti), Molla Səbzəli ("Üləma Məclisi" Mirzə Ələkbər Sabirin şerləri əsasında) rollarını oynayıb.

O, 1971-ci il noyabrın 25-dən 1972-ci il fevral ayının 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor truppasında olub. Fevral ayının 3-dən Akademik Milli Dram Teatrında aktyor işləyib. 20 mart 1989-cu ildə istedadlı gənc rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi Gənclər Teatrında aktyorluğa başlayıb. Bu kollektiv 26 yanvar 1993-cü ildən Azərbaycan Dövlət Gənclər Teatrı kimi fəaliyyət göstərir. İlham Namiq Kamal bu gənc kollektivin səhnəsində dörd il çalışıb. Burada Stanislav Stratiyevin "Çarəsiz sərnişinlər" (Məsuliyyətsiz), Rəhman Əlizadənin "Dadaşbala əməliyyatı" (Dadaşbala), İsi Məlikzadənin "Sultanqulu körpüsü" (Sultanqulu), Robber Tomanın "Arvadımın qatili" (Daniel), Vaqif Səmədoğlunun "Dağ tikirik" (Kələntər), Georgi Xuqayevin "Arvadımın əri özüməm" (Kazbek) pyeslərinin səhnə təsfirində, "Gül, sevin, gül" (müxtəlif sifət-maskalar) şoutamaşasında baş rolları ifa edib.

Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989-1991-ci illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib. Bu teatrda dramaturq Georgi Xuqayevin və bəstəkar Eldar Mansurovun "Sevgilimin Anası və yaxud Evlənmə Əhvalatı" (Albadam), Cahangir Aslanoğlu və Həsənağa Qurbanovun "Qarğa, məndə qoz var" (Adil, Farmazov, Aşıq, Professor və əyyaş), rus bölməsində Eduardo de Filippov və Fərəc Qarayevin "Fulimeno Marturano" (Dominesko Soriano) musiqili komediyalarında oynayıb.

1993-cü il iyun ayının 14-də bu truppadan çıxıb və özünün "İlham" Miniatür Teatrını yaradıb. Hazırda direktor və bədii rəhbər olduğu bu teatrda həm quruluşçu rejissor, həm də aktyor kimi çalışır. Teatrda hazırlanan bütün tamaşalara quruluş verir və onların əksəriyyətində baş rollarda oynayır. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, "Estrada sənəti" kafedrasının müdiridir. 4 övladı var: qızları - Qumru, Qumral, oğlanları - Ülvi, Ziya.

25 iyun 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.10 mart 2014-cü il Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" ordeninə layiq görülüb.

 

Filmoqrafiya
Xatirələr sahili (film, 1972)-aktyor: işçi (tammetrajlı bədii film)
Qızıl qaz (film, 1972)-aktyor: Əli (tammetrajlı bədii film)
Ağasadıq Gəraybəyli (film, 1974)-filmdə iştirak edən: Xristakov ("Müfəttiş"), Mürşüd ("Xoşbəxtlər") (qısametrajlı sənədli-bədii film)(TV)
Fəallıq (film, 1975)-aktyor: Mədətov ("Mozalan" süjeti)
Bağçada rahat yer (1978)-aktyor: MİS rəisi (qısametrajlı bədii film)
Qayınana (film, 1978)-aktyor: İlqar (tammetrajlı bədii film)
Mehmanxana sahibəsi (film, 1978)-aktyor: Markiz (tammetrajlı film-tamaşa)(TV)
777 №-li sexdə (film, 1979)(qısametrajlı bədii süjet-Mozalan № 47)-aktyor: texnoloq İlham
Qəribə adam (film, 1979)-aktyor: Əbdürrəhman (tammetrajlı bədii film)
Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)-aktyor: Əziz ("Mozalan" süjeti)
Ucar lətifəsi (film, 1981)-səs : "Jiquli" sahibi ("Mozalan" süjeti)
Üzeyir ömrü (film, 1981)-aktyor: jurnalist (tammetrajlı bədii film)
Evləri köndələn yar (film, 1982)-aktyor: Paşa Paşayeviç (tammetrajlı film-tamaşa)(TV)
Gethagetdə (film, 1983)-aktyor: işçi ("Mozalan" süjeti)
Müqəddəs and (film, 1983)-aktyor: Yunusov ("Mozalan" süjeti)
Musiqi müəllimi (film, 1983)-aktyor: Rayon komsomol komitəsinin katibi (tammetrajlı bədii film)
Kişilər (film, 1984)-aktyor: Hüseynağbacı (tammetrajlı film-Tamaşa)(TV)
Şərt (film, 1984)-aktyor: Miriş ("Mozalan" süjeti)
100 (film, 1985)(qısametrajlı bədii film-Mozalan № 100)-aktyor: sərnişin
 Göz həkimi (film, 1985)-aktyor: Talıbov (tammetrajlı film-tamaşa)(TV)
 Bəyin oğurlanması (film, 1986)-aktyor: səs operatoru (tammetrajlı bədii film)
Fədailər (film, 1986)-aktyor: nəzarətçi ("Mozalan" süjeti)
Qəm pəncərəsi (film, 1986)-səs: Həsənov (tammetrajlı bədii film)
Sehrli çıraq (film, 1987)
Bir aktyorun teatrı (film-tamaşa, 1988)
Ekskursiya (film, 1991)-aktyor: müəllim ("Mozalan" süjeti)
777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)-aktyor: aktyor
 Səhər (veriliş, 1995)-arxiv kadrda iştirak edən ("Silsilə" TV verilişi)(AzTv)
 Nekroloq (film, 2001)-aktyor: Sadıq Həsənov (tammetrajlı bədii film)(TV)
Güllələnmə təxirə salınır!... (film, 2003)-səs: "Krasavçik" (Tammetrajlı Bədii Film)
Şans (film, 2004)
Adam ol! (film, 2005)(tammetrajlı bədii film)- rol: İlham
Benefis (veriliş, 2007) (tammetrajlı film-tamaşa)(TV)
Bəylik dərsi (film, 2007)
Evləri göydələn yar (film, 2010)

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !