Horadiz əməliyyatından 22 il ötür - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Horadiz əməliyyatından 22 il ötür FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Azərbaycan Ordusu 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 22 yaşayış məntəqəsinin erməni işğalçılarından azad edilməsindən 22 il ötür. Bu münasibətlə Horadiz şəhərində Heydər Əliyev parkında rayon ictimaiyyətinin və füzulilərin iştirakı ilə tədbir keçirilib.
Əvvəlcə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Tədbiri rayon rəhbəri açaraq Horadiz əməliyyatının əhəmiyyətindən danışıb.
Bildirib ki, 1993-cü ilin oktyabr ayında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi Azərbaycan ordusunun göstərdiyi qəhramanlıq nəticəsində düşməndən azad edilibdir.

Digər çıxış edənlər Azərbaycan bayrağı ordenli Sevindik İsmayılov, Horadiz şəhərində erməni bayrağını endirib Azərbaycan bayrağını sancan Şakir Bayramov və digərləri Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu vurğulayıblar. Bildiriblər ki, Horadiz əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən biridir. Məhz bu əməliyyat Azərbaycan Ordusunun nəyə qadir olduğunu açıq şəkildə göstərib.

Qeyd edək ki, Horadiz əməliyyatı zamanı Horadiz qəsəbəsi və rayonun 20 Arazboyu kəndi, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib, 21 min hektar ərazi düşmən tapdağından xilas olunub. Bununla yanaşı hərbi əməliyyat zamanı Ermənistan ordusu böyük itkilər verib.

 

Elgün Gəncimsoy, Füzuli
AZpress.AZ
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !