Mingəçevirdə Qızıl Payız gənclərin yaradıcılıq festivalı keçirilir - FOTO

Mingəçevirdə “Qızıl Payız” gənclərin yaradıcılıq festivalı keçirilir FOTO

Gənclər üçün Təhsil Mərkəzi (GTM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Mingəçevir şəhərində “Qızıl Payız” gənclərin yaradıcılıq festivalı başlamışdır.
Festivala Mingəçevir və ətraf regionlardan olan yüzlərlə istedadlı gənc, rəsmi şəxslər və mədəniyyət sahəsində çalışan insanlar qatılmışdır.
Festivalı giriş sözü ilə açan Mərkəzin Mingəçevir Regional Ofisinin rəhbəri Tural Kərimov bildirmişdir ki, “Qızıl Payız”ın əsas məqsədi gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına kömək etmək, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdır. Gənclər üçün Təhsil Mərkəzi mütəmadi olaraq, müxtəlif regionlarda istedadlı uşaqların, yeniyetmə və gənclərin üzə çıxarılması üçün proqramlar reallaşdırır. Bu Festival isə bu günə kimi axtarışında olduğumuz və tapdığımız istedadlı gənclərin yaradıcılığının təqdimat mərasimidir. O, bildirmişdir ki, Festival Mingəçevir şəhərindən öncə Gəncə şəhərində keçirilmiş, sabah isə Ağcabədi rayonunda gerçəkləşdiriləcək. Festivallara hazırlıq məqsədilə hər 3 regionda yaradıcılıq dərnəyi qurulmuş, festival iştirakçısı olmaq istəyən gənclər üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdirilmiş, o cümlədən yaradıcılıq təlimləri keçirilmişdir. Dərnəklər qismən yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gəncin öz bacarıqlarını inkişaf etdirmələri, özünü cəmiyyətə tanıtdırmaları və inkişaf etmiş yaradıcı insana çevrilmələri üçün imkanlar yaratmışdır. Dərnəklərdə gənclər yalnız yaradıcılıq sahəsində deyil, eyni zamanda özlərinin şəxsi inkişafları və təşəbbüskarlıqlarının artırılması üçün müxtəlif təlimlər keçmiş, oyun və müsabiqələrdə iştirak etmişlər.
Daha sonra qonaq qismində iştirak edən Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı və Gənclər və İdman İdarəsinin rəisi çıxış etmiş, Festivalın əhəmiyyəti, yaradıcı gənclərin üzə çıxarılması istiqamətində atılan addımlar və dövlətin bu sahədə əldə etdiyi nailiyyətlər barədə iştirakçıları məlumatlandırmışlar. Onlar bu Festival vasitəsilə daha çox istedadlı gəncin meydana çıxmasına şərait yarandığını qeyd edərək bildirmişlər ki, Mərkəzin bu təşəbbüsü regionda yaradıcı gənclərə böyük stimul verir və onları ruhlandırır.
Rəsmi çıxışlar bitdikdən sonra, səhnə yaradıcı gənclərin ixtiyarına verilmişdir. Onlar yaradıcılığın müxtəlif sahələrində (teatr, rəssamlıq, musiqi, ədəbiyyat və s.) bacarıqlarını nümayiş etdirmiş, öz istedadlı çıxışları ilə qonaqların rəğbətini qazanmışlar.
İlk növbədə yaradıcı gənclərin hazırladıqları əl işlərinə və rəsm əsərlərinə baxış keçirilmiş, qonaqların fikirləri öyrənilmişdir. Festivalda yaradıcı gənclərin kiçik ixtiraları da nümayiş etdirilmişdir. Daha sonra gənclərin teatr səhnələri, musiqi nömrələri təqdim olunmuş, rəqslər və digər yaradıcılıq nümunələri nümayiş etdirilmişdir.
Festivalın sonunda iştirak edən hər bir gəncə xüsusi diplomlar təqdim edilmiş və onlar mükafatlandırılmışlar.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !