Yazıçı Çingiz Abdullayevin ADU tələbələri ilə görüşü keçirildi - FOTO

Yazıçı Çingiz Abdullayevin ADU tələbələri ilə görüşü keçirildi FOTO

Dekabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU) İctimai Televiziya ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) əməkdaşlığı çərçivəsində yüksək intellektual səviyyəsi, fərqli dünyagörüşünə malik yazıçı, nasir, publisist Çingiz Abdullayevin tələbələrlə görüşü keçirildi.
Öncə ADU-nun rektor əvəzi, professor Dünyamin Yunusov Çingiz Abdullayevi universitetdə görməkdən məmnunluğunu dilə gətirdi. Yazıçı haqqında qısa məlumat verən professor Dünyamin Yunusov onun Dronqo obrazı sayəsində çox məşhur olduğunu bildirdi. Professor Dünyamin Yunusov qeyd etdi ki, Çingiz Abdullayev hüquq elmləri doktoru, Polşanın Krakov Universitetinin fəxri professoru, H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktoru, Azərbaycan PEN klubunun vitse-prezidenti, "Neftçi" PFK-nın 7-ci prezidentidir. O, beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alan yazıçının beynəlxalq cinayət problemi barədə isə doktorluq dissertasiyası müdafiə etdiyini sözlərinə əlavə etdi.
D. Yunusov ədəbi fəaliyyətə gənclik dövründən başlayan Çingiz Abdullayevin 28 milyon nüsxədə 30 dilə tərcümə olunmuş 600-dan çox kitabın müəllifi olduğunu bildirdi. O, həmçinin yazıçının Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılan əsərlərinin xarici ölkə xalqlarının dillərinə tərcümə olunduğunu görüş iştirakçılarının diqqətinə çatdırdı və bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırdığını sözlərinə əlavə etdi. Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı", Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə və medallarla təltif olunduğunu bildirən D. Yunusov Ç. Abdullayevin 2014-cü ildən İnterpolun fəxri səfiri olduğunu vurğuladı. Sonra o sözü yazıçı Çingiz Abdullayevə verdi.

Dillər Universitetində dəfələrlə qonaq olduğunu diqqətə çatdıran Çingiz Abdullayev görüşün təşkilinə və keçirilməsinə görə təşəkkürünü bildirdi. Yazıçı görüşdən öncə ADU-nun rektor əvəzi professor Dünyamin Yunusov ilə görüşdüyünü və universitetdə 22 dilin tədris olunduğu haqqında məlumat aldığını qeyd etdi. O, dilin əsas amil olduğunu vurğuladı və kitabın hansı dildə yazılmasından asılı olmayaraq oxucu kütləsini özünə cəlb etmək bacarığına malik olmasını, həmçinin oxucuda kitabı oxumağa istək yaratmağın vacib olduğunu söylədi, eyni zamanda tanınmış və dünyaşöhrətli yazıçıların söylədiyi fikirlərdən misallar çəkdi. O, Azərbaycanda kitab mütaliəsinin az olduğunu təəssüf hissi ilə qeyd etdi və bütün gəncləri kitab oxumağa səslədi. Gələcəyimizin gənc nəslin maariflənməsindən asılı olduğunu deyən yazıçı onların cəmiyyət üçün yararlı fərd kimi formalaşmasında mutaliənin böyük rolu olduğunu söylədi və gənclərə qiraət etməyi tövsiyyə etdi. Yazıçı əsərlər yazarkən həmin insanların hansı hisslər keçirdiyini, bir anlığa həmin rolların yerində özünü hiss etdiyini görüş iştirakçılarının diqqətinə çatdırdı.
Görüş iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatdı.
Sonda Çingiz Abdullayev oxucular üçün kitablarını imzaladı.
Eyni zamanda “Gənclik həyatı” verilişinin çəkilişi də baş tutdu. Belə ki, “Gənclik həyatı” telelayihəsinin məqsədi ölkənin tanınmış simaları-alimlər, pedaqoqlar, ictimai –siyasi xadimlərlə gənclərin görüşlərini keçirmək, bu yolla həmin şəxsləri gənclərə tanıtdırmaqdır.
Qeyd edək ki, görüşdən öncə universitetin rektor əvəzi professor Dünyamin Yunusov yazıçı Çingiz Abdullayevi qəbul etdi. Universitet haqqında qısa məlumat verən D. Yunusov belə görüşlərin tələbələr üçün faydalı və əhəmiyyətli olduğunu bildirdi.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !