Şirin xanım Kərimbəyli Şadiman: - ÇƏKİL GET, QARA BULUD

Şirin xanım Kərimbəyli Şadiman: ÇƏKİL GET, QARA BULUD

ÇƏKİL GET, QARA BULUD

 

Çəkil get, qara bulud, qəlbə divan eləmə,
Al sabahın sinəsin qəmə ünvan eləmə.

 

Duyğularım gah göydə, gah yerdə avazlanır,
Ürəyimdə dünyanın min bir dərdi yazlanır,
Kədər mənə ərk edir, bu sinəmdə nazlanır,
Ruhun zənguləsinə təbim yenə sazlanır,
Beyitlərin içində misralar pərvazlanır…
Çəkil get, qara bulud, könlü xarab eləmə,
Mənim fəryadlarıma iblistək tab eləmə.

 

Yenə açdın köksünü, bağrından nə ah gəlir?!
Sübhün könlündən qopub yurduma sabah gəlir,
Hər sabahın içində səvab və günah gəlir…
Həm yerdə, həm göylərdə ucada Allah gəlir!…
Çəkil get, qara bulud, ərşi aha bürümə,
O mələk küləkləri, gəl arxanca sürümə.

 

Bu payız səhərində tök ətəyindən daşı,
Təb məni havalayıb, dolub könlümün başı,
Yerdə, göydə tapmıram ruhuma can sirdaşı!…
Elə bilmə fələyin felinə oldum naşı,
Çəkil get, qara bulud, gurşadını ələmə,
Fəqanımı isladıb göz yaşıma bələmə.

 

Ağlayan duyğulara yer tapmıram gizləyim,
Başına sığal çəkim, elə hey əzizləyim,
Götür üzdən çadranı ilhamla dənizləyim,
Ürəyimi qüssədə, kədərdən təmizləyim,
Çəkil get, qara bulud, sübhümüz xar olmasın,
Təlatümlü varlığım ağrıya yar olmasın.

 

Küləklərin Xəzərin tellərin daraqlayar,
Duyğularım təbimin kitabın varaqlayar,
Sən gələndə asiman tufanı yaraqlayar,
Bu divanə ürəyim bir sevda soraqlayar…
Çəkil get, qara bulud, qəmimə əl eləmə,
Könül qapısın açıb həsrətə gəl, eləmə.

 

Şadimanın ağrısı yeri-göyü tutmayır,
Sinəmdən qopan nalə səmalara çatmayır,
Arzularım bir hovur qəlb içində yatmayır,
İntəhasız kədərin sədaları batmayır,
Çəkil get, qara bulud, dünya içi zülümdü,
Ah olan içərimdi, sənə baxan çölümdü!…

 


15.11.2003
Şirin xanım Kərimbəyli Şadiman

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !