ADU-da Ümummilli lider Heydər Əliyev anıldı -

ADU-da Ümummilli lider Heydər Əliyev anıldı

11 dekabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin YAP ilk Təşkilatının təşkilatçılığı ilə xalqımızın Ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədi mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım mərasimi keçirildi. Tədbirdən öncə iştirakçılar ADU-nun foyesində yerləşən Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək gül dəstələri qoydular və onun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Mərasimi açıq elan edən universitetin Tərbiyə işləri üzrə prorektoru, ADU YAP ilk təşkilatının sədri, professor Ələddin Əliyev YAP ilk Təşkilatının üzvlərinin sayı haqqında məlumat verərək onların 900 nəfərə çatdığını bildirdi. Təşkilat üzvlərinin əksəriyyətinin gənclər olmasını söyləyən Ələddin Əliyev onların könüllü olaraq bu təşkilata qoşulduğunu bildirdi və bunu sevindirici hal kimi qiymətləndirdi.
ADU-nun rektor vəzifəsini icra edən professor Dünyamin Yunusov dünya tarixində Heydər Əliyevin dahi siyasi lider olduğunu mərasim iştirakçılarının diqqətinə çatdırdı. O, qeyd etdi ki, bütün ömrünü xalqının tərəqqisinə, yüksəlişinə, inkişafına həsr edən Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının təşəkkül tapmasında rolu böyük olub. O, bu gün isə Heydər Əliyev siyasi yolunun layiqli davamçısı İlham Əliyevin olduğunu sözlərinə əlavə etdi. Ümummilli lider Heydər Əliyevin cəmiyyətin bütün sahələrdə tətbiqinə yönəlmiş məqsədyönlü, müdrik və uzaqgörən siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirdiyini vurğuladı. Azərbaycan xalqını sərt sınaqlardan bacarıqla çıxaran Heydər Əliyevin iti zəkaya malik olduğunu vurğulayan professor Dünyamin Yunusov bu dahi şəxsiyyətin dünyanın məşhur liderlərinin dahi şəxsiyyətin haqqında söylədiyi fikirləri iştirakçıların diqqətinə çatdırdı. Professor Dünyamin Yunusov Zbiqnev Bjezinskinin Heydər Əliyev haqqında dediyi fikri səsləndirdi: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə şəksiz liderdir”. Bununla yanaşı D.Yunusov məşhur Rus rəssamı Nikos Safronovun Naxçıvanda çəkdiyi "İlanlı dağ" əsərini Heydər Əliyevə təqdim edərkən onu dahi insan hesab etdiyini, onun kimi insanların 100 ildə deyil, 1000 ildə bir dəfə doğulduğu fikrini də tədbir iştirakçılarının diqqətinə çatdırdı. Professor Dünyamin Yunusov H.Əliyevin Azərbaycanda təhsil sisteminə verdiyi böyük önəmi və Ümummilli lider Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Dillər İnstitutunun fəaliyyəti genişləndirilməklə Azərbaycan Dillər Universitetinə çevrildiyini bildirdi.
Sonra ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev “Heydər Əliyev əbədi nur saçan məşəldir” mövzusunda çıxış etdi, Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yerindən danışdı, Azərbaycançılıq, milli düşüncə ideyasının məhz onun adı ilə bağlı olduğunu nəzərə çatdırdı. Heydər Əliyevin rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildiyini, ölkənin gələcək strategiyasını müəyyən etdiyini və onun həyata keçirilməsi üçün mühüm addımlar atdığını, Azərbaycanın 1969-cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunduğunu bildirdi. Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” fikrini səsləndirərək onun Azərbaycana, xalqımıza, millətimizə və milli - mənəvi dəyərlərimizə verdiyi dəyəri vurğuladı.
Tələbə Gülrux Əliyeva çıxışında özünün 8 yaşında olarkən Ümummilli lider Heydər Əliyevin vəfat etməsi xəbərini eşitdiyi an keçirdiyi hislərdən danışdı. Hətta valideynlərinin dediyi sözləri də diqqətə çatdırdı: “Heydər Əliyev hər kəsin qəlbində misilsiz sevgi ilə getdi”. G.Əliyeva Heydər Əliyevi sonsuz məhəbbətlə sevdiyini və yaşadığı müddətdə də bu sevginin qəlbindən azalmayacağını söylədi.
Sonra Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev siyasi liderlər haqqında danışaraq bildirdi ki, bəzən siyasi liderlər özləri də bilmədən öz dövlətlərini süquta sürükləyirlər. Lakin uğurlu siyasi liderlər də vardır ki, onlardan biri də Heydər Əliyevdir. Anar Nağıyev H. Əliyevin dövlətçilik ənənələrini formalaşdıran şəxs olduğunu diqqətə çatdırdı. Anar Nağıyev bildirdi ki, SSRİ-nin parçalanmasından sonra onun hakimiyyəti illərində dövlət strukturu fəaliyyətə başlayıb, gənclər siyasəti formalaşıb. Söz azadlığında onun əvəzsiz rolundan danışan A.Nağıyev Heydər Əliyevin həm iqtisadiyyat, həm də qanunvericilik sahəsində misilsiz xidmətlərindən də söz açdı.
Tədbirdə çıxış edən ADU-nun Filologiya və Jurnalistika fakültəsinin 321a qrup tələbəsi Aysu Kərimova və YAP ilk təşkilatının idarə heyətinin üzvü Gülnar Xəlilova öz məruzələrində Ümummilli lider Heydər Əliyevin həyatı, siyasi arenada əldə etdiyi nailiyyətlər, dövlətimizin iqtisadi, siyasi sahədə yüksəlməsində və ölkənin nüfuz qazanmasında rolundan, həmçinin milli mənəvi dəyərlərin qorunub saxlanılmasında göstərdiyi qayğıdan danışdılar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !