ADU-da Xanuka Bayramı qeyd edildi - FOTO

ADU-da Xanuka Bayramı qeyd edildi FOTO

10 dekabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzinin təşkilatçılığı ilə Xanuka bayramı keçirildi. Tədbirdə ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, universitetin professor-müəllim heyəti, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav və səfirlikdə missiya rəhbərinin müavini Amir Rom, Bakıdakı 46 saylı orta məktəbin sədr müavini Rav Zamir İsayev iştirak edirdilər.
Bayram tədbiri Azərbaycan Respublikası və İsrailin Dövlət himnlərinin səsləndirilməsi ilə başlandı. Bu bayramın əsas ənənələrindən biri olan şam yandırılması üçün İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav dəvət olundu. Sonra universitetin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin israilşünaslıq ixtisasında təhsil alan tələbələr Xanuka bayramının tarixi ilə bağlı təqdimatla çıxış etdilər.
Təqdimatda yəhudilərin Makkavi üsyanı haqqında rəvayət ilə bağlı keçirilən 8 günlük yəhudi bayramı Xanuka adı ilə tarixə düşdüyü bildirildi. Yəhudi təqviminə əsasən bayramın noyabr və ya dekabr ayına düşdüyü qeyd edildi. “İşıqlar Festivalı” adlandırılan bayram Xanukiyanın yandırılması, ənənəvi yeməklər, uşaqlar arasında sevivon adlı dördtərəfli oyuncaqla oyunların keçirilməsi və hədiyyələrin verilməsi vurğulandı. Həmin şamların 9 şamdandan ibarət “Xanukiya”da yandırıldığı və hər bayram günü axşam günbatandan sonra bir şam əlavə edildiyi bildirildi. Beləcə 8 günlük bayramda 8 şam yandırıldığı və 9-cu əlavə şamın isə “köməkçi” şam adlandırıldığı, eyni zamanda digər şamların yanmasına kömək olunduğu deyildi. Xanukanın digər simvolunun isə ənənəvi yəhudi yeməkləri olduğu, onlardan birinin Latkes adlı yağda qızardılmış kartof püresi, digərinin isə sufqaniyot adlanan içərisinə cem doldurulmuş kiçik piroq olduğu qeyd edildi.
Sonra Bakıdakı 46 saylı orta məktəbin şagirdləri Xanuka haqqında mahnı ifa etdilər və şeir söylədilər.
Daha sonra çıxış edәn ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov universitet heyəti adınan səfiri bu bayram münasibətilə təbrik etdi. O, universitetdә 22 dilin tədris olunduğunu, 17 dil və mədəniyyət mәrkәzinin, o cümlәdәn Yaxın Şәrq vә İsrail Araşdırmalar Mәrkәzinin fәaliyyәt göstәrdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, mərkəzin fəaliyyətini yüksək qiymətləndirərək İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzinin müdiri Emiliya Xudiyevaya təşəkkürünü bildirdi. Professor Dünyamin Yunusov gələcəkdə əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.
İsrailin Azәrbaycandakı sәfiri Dan Stav öz çıxışında Xanuka bayramının qәdim yәhudi bayramı olduğunu söylədi. Bu bayramın Bakıda qeyd etmәyin xüsusi mәnası olduğunu vurğulayan səfir Azәbaycanın hәr bir xalqa dözümlülük nümayiş etdirәn bir dövlәt olduğu və müstәqillik әldә etdikdәn sonra bu siyasәti uğurla davam etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, həmçinin Azәrbaycandakı yәhudi cәmiyyәtinin heç vaxt yad yanaşma hiss etmәdiyini vә adәt-әnәnәsini rahat şәkildә yerinә yetirildiyini bildirdi.
D. Stav mәrkәzә müxtəlif dərs vəsaitləri və tərcümə olunmuş kitablar toplusu hәdiyyә etdi. Universitet dә öz növbәsindә sәfirә Azәrbaycan rәqs vә ornamentlәrindәn ibarәt disk tәqdim etdi.
Sonda iştirakçılara İsrail yemәklәrindәn nümunәlәr tәqdim olundu.
Qeyd edək ki, tədbirdən öncə ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul etdi. Səfiri salamlayan professor Dünyamin Yunusov onu universitetdə görməkdən məmnunluğunu dilə gətirdi. ADU-nun müxtəlif ölkələrin səfirlikləri ilə, o cümlədən İsrail səfirliyi ilə əməkdaşlıq etdiyini bildirdi. Mədəni sahələrdə, əsasən təhsil sahəsində əməkdaşlığın vacibliyindən danışdı.
Dəvətə və bayramın keçirilməsinə görə təşəkkürünü bildirən səfir Dan Stav dillərin öyrənilməsində mərkəzlərin mühüm rol oynadığını, həmçinin İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !