ADU-da Əzizə Hacıyevanın pedaqoji elmi fəaliyyətinə həsr olunan dəyirmi masa keçirildi -

ADU-da Əzizə Hacıyevanın pedaqoji elmi fəaliyyətinə həsr olunan dəyirmi masa keçirildi

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Kitabxana İnformasiya mərkəzinin bölmə müdiri Güllüzar Məmmədovanın təşəbbüsü və eyniadlı mərkəzin təşkilatçılığı ilə İngilis dilinin leksikologiyası kafedrasının professoru Əzizə Hacıyevanın pedaqoji elmi fəaliyyətinə həsr olunan dəyirmi masa keçirildi.
Öncə, bu yaxınlarda “Günəşli” yatağının onuncu platformasında baş verən yanğın zamanı həyatını itirən neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Kitabxana İnformasiya mərkəzinin müdiri Nuranə Tağıyeva qonaqları dəyirmi masada görməkdən şad olduğunu dilə gətirdi, iştirak etdikləri üçün onlara təşəkkürünü bildirdi və sözü dəyirmi masanın təşəbbüskarı Güllüzar Məmmədovaya verdi.
Çıxış edən Güllüzar Məmmədova kitabxananın fəaliyyəti haqqında ümumi məlumat verdi, yeni-yeni layihələr üzərində işlədiklərini iştirakçıların diqqətinə çatdırdı. O, lahiyə çərçivəsində dəyirmi masaların keçirilməsinin başlıca məqsədinin ADU alimlərinin, professorlarının yaradıcılığını işıqlandırmaq, layiqincə təbliğ etmək olduğunu bildirdi. Artıq kitabxananın fəaliyyətində ənənəyə çevrilən belə görüşlərdən birinin də professor Əzizə Hacıyevanın pedaqoji elmi fəaliyyətinə həsr olunduğunu söyləyən G.Məmmədova onun zəngin yaradıcılığından, millət, xalq üçün gördüyü işlərdən, dilçilik sahəsində əldə etdiyi nailiyyətlərdən danışdı, həmçinin gələcək fəaliyyətində uğurlar arzuladı.
Daha sonra ADU-nun Ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli dəyirmi masanın yüksək səviyyədə təşkil olunmasına görə Kitabxana İnformasiya mərkəzinin kollektivinə təşəkkürünü bildirdi. O, Ə.Hacıyevanın yüksək elmi pedaqoji nailiyyətlərə sahib olan professor, eyni zamanda fədakar, originallığa meyilli, işinin öhdəsindən layiqincə gələn tədqiqatçı olduğunu söylədi. Sözlərinin davamında F.Veysəlli onun sadəliyi, qayğıkeşliyi və intellekt səviyyəsi ilə həmkarlarının və tələbələrinin sevimlisinə çevrildiyini, ailə xanımı olsa da elmi çiyinlərində daşımağı özünə mənəvi borc bilən insan olduğunu vurğuladı.
Ə.Hacıyevanın dəyirmi masada iştirak edən tələbələri tərəfindən onun həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olundu, eyni zamanda onlar müəllimlərinin kitablarına istinadən təqdimatla çıxış etdilər. Tələbələr öz dissertasiya işlərində professorun əsərlərindən bəhrələndiklərini söylədilər, həmçinin ona həyat və yaradıcılığında uğurlar arzuladılar.
Sonra dəyirmi masada iştirak edən ADU-nun Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, İngilis dilinin leksikologiyası kafedrasının müdiri, dosent Amil Cəfərov, II Xarici dil kafedrasının müdiri, professor Şaban Şabanov, İngilis dilinin üslubiyyatı kafedrasının dosenti Vahid Ərəbov, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu, Müəllim Həmkarlar İttifaqının sədri, dosent Misgər Məmmədov Ə.Hacıyevanın araşdırmalarından, tədqiqatlarından, yaradıcılığının müxtəlif dövrlərinə aid kitab və məqalələrindən, rəngarəng mövzularda kitablar yazmasından, hərtərəfli inkişaf etmiş alim olmasından danışdılar, eyni zamanda bütün bu elmi fəaliyyətlə yanaşı gözəl ailə başçısı, yüksək insani keyfiyyətlərə malik xanım olduğunu qeyd etdilər. Ona uzun ömür, can sağlığı və işlərində müvəffəqiyyətlər arzuladılar.
Sonda çıxış edən professor Əzizə Hacıyeva onun yaradıcılığını yüksək qiymətləndirdiklərinə görə hər kəsə təşəkkürünü bildirdi. Daha sonra ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, mərhum Kamal Hacıyevi xatırlayarkən Ə.Hacıyeva əldə etdiyi uğurlara görə ona borclu olduğunu, söylədi.
Dəyirmi masa xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !