Əflatun Amaşov: - «Günəşli» yatağında baş vermiş yanğın bütün aspektlərdə dərs götürüləcək olaydır

Əflatun Amaşov: «Günəşli» yatağında baş vermiş yanğın bütün aspektlərdə dərs götürüləcək olaydır

Xalqımıza ağır faciə üz verib. «Günəşli» yatağından baş vermiş yanğında həlak olanlara Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbr diləyirəm. Zərərçəkmişlərə tezliklə sağalaraq işlərinə dönmələrini arzulayıram.
Əminəm ki, müvafiq araşdırmalardan sonra yanğın olayına düzgün hüquqi qiymət veriləcək. Səhər saatlarında faciə ilə bağlı Dövlət Neft Şirkətinin yaratdığı qərargahda keçirilən mətbuat konfransında da bu məqam vurğulandı. Tədbirdə mən də iştirak etdim. Rəsmilər fikirlərini bildirdilər, jurnalistlər mövzuya dair suallar ünvanlayaraq cavablar aldılar.
Yayılan xəbərlərdən, video görüntülərdən, sosial şəbəkələrdəki paylaşımlardan görünür ki, müvafiq qurumların nümayəndələri, rəhbər şəxsləri ciddi şəkildə səfərbər olublar. Xilasedicilər çox ağır şəraitdə qəhrəmancasına işləyirlər. İtkin düşənlərin axtarışları davam edir. Xidməti vəzifəsini həyata keçirən hər kəsə, o cümlədən cəmiyyəti məlumatlandırmaq missiyasını üzərinə götürmüş media mənsublarına təşəkkürümü bildirirəm. Onların əməyi dəyərlidir, ən xoş sözlərə layiqdir. Bunlar öz yerində.
Məlum olduğu kimi, oxucularımız «Günəşli»dəki ciddi tələfat xəbərini ilk olaraq xarici kütləvi informasiya vasitəsindən - «Reuters»dən aldılar. Həmin vaxt Azərbaycan KİV-lərinin məlumatları bir az ümumi, hadisənin detallarına aydınlıq gətirməyəcək səviyyədə idi. Bunu hansısa mənada təbii qiymətləndirmək mümkündür. Qeyri-müəyyənlik hökm sürürdü. Jurnalistlərin informasiyanı dəqiqləşdirmək imkanları məhdud idi. Pozitiv düşünsək, görünür, hadisənin zərərlərinin aradan qaldırılması, köməyə ehtiyacı olanları xilası daha ön plandaydı, nəinki cəmiyyətin informasiya ilə təminatı...
Ancaq bir suala cavab verilməsi zərurəti heç bir halda arxa plana keçmir. Nə üçün «Günəşli» faciəsinin gerçək miqyası barədə ilk məlumat əcnəbi KİV-də yer almalı idi? Belə bir halın zərərli, hətta qoruxulu olduğunu iki aspektdən izah etmək istərdim. Birincisi, istər-istəməz vətəndaşlarda ölkə mediasına, yəni ictimai missiya daşıyıcılarına, rəy formalaşdırıcılarına münasibətdə tərəddüdlər yaranır. Bu, Azərbaycan mediasının nüfuz göstəricisi baxımından ən azından xoşagəlməz haldır.
İkincisi, transmilli media vasitələrinin mötəbərliyi məsələsi aktuallaşır və müvafiq olaraq xarici KİV-lərə üz tutma vərdişi yaranır. Xarici KİV-lərin isə (bu, «Reuters» də ola bilər, «Frans-press» də, BBC də ola bilər, CNN də) bir hadisə ətrafında müxtəlif spekulyasiyalar etməsinə, Azərbaycanın milli maraqlarına xələl gətirən təqdimatlarına az rast gəlməmişik. Buna görə də düşünməli, belə hadisələrin ciddiliyini zamanında dəyərləndirməliyik. Nəzərə almalıyıq ki, hansısa əcnəbi media orqanının müxtəlif hesablamalara söykənməsi daha çox ehtimal edilən xəbərlərinin cəmiyyətdə doğuracağı ajiotaj zərərimizədir.
«Günəşli» yatağında baş vermiş yanğın bütün aspektlərdə dərs götürüləcək olaydır. İnanıram ki, hər kəs məsələyə öz məsuliyyətini dərk edərək yanaşacaq ki, gələcəkdə oxşar faciələrlə üzləşməyək. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !