Şuranın dəstəyilə yaradılmış www.e-integration.az saytının təqdimatı keçrilib -

Şuranın dəstəyilə yaradılmış www.e-integration.az saytının təqdimatı keçrilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycan Universitetində “Elektron inteqrasiya: informasiya cəmiyyətinin inkişafına ictimai dəstəyin gücləndirilməsi” layihəsi çərçivəsində Avropaya İnteqrasiya Mərkəzi tərəfindən yaradılan www.e-integration.az saytının təqdimat mərasimi keçirilib.
Mərkəzin icraçı direktoru, layihənin koordinatoru Xaqani Məcidov informasiya cəmiyyətinin inkişafına xidmət edən layihə haqqında ümumi məlumat verərək, internet hüququ üzrə pulsuz elektron hüquq və informasiya xidmətləri göstərən www.e-integration.az saytının fərqli xüsusiyyətlərindən danışıb, bu elektron resursun internet istifadəçilərinin hüquqları və vəzifələri, kibercinayətlər, sosial şəbəkədə davranış qaydaları, müəllif və uşaq hüquqları, informasiya hüququ, habelə məhdudlaşdırılan informasiyalar barədə faydalı mənbə olmasını diqqətə çatdırıb.
Qeyd olunub ki, sayt vasitəsilə vətəndaşların kiberməkanda hüquqi və etik məsələlərə dair sualları qanunvericiliyə və beynəlxalq hüquqa müvafiq olaraq hüquqşünaslar tərəfindən interaktiv rejimdə cavablandırılır, məsləhət xarakterli məlumatlar, habelə bu sahəyə aid normativ hüquqi sənədlər sayta müntəzəm olaraq yerləşdirilir. İstifadəçilər saytın “Sual Cavab” bölməsinə öz Facebook səhifələrindən daxil olmaqla suallarını ünvanlaya, həm öz profillərində, həm də saytda cavablarla tanış ola bilərlər. Sayta ünvanlanan suallar əsasən facebook səhifəsinin parolunun oğurlanması, ailə sirrini təşkil edən məlumatlar və onların yayılması, e-mail vasitəsilə başqa bir şəxsin e-mailinə təhqiredici sözlərin yazılması, tanınmış şəxs haqqında yalan məlumat yayan saytın məsuliyyət məsələlərinə və s. digər internetlə bağlı hüquqi problemlərə aid olub.
Bildirilib ki, saytda həyata keçrilən elektron pulsuz hüquqi məsləhət və informasiya xidmətləri ən azı 3 il müddətinə qədər öz fəaliyyətini davam etdirəcəkdir.
Tədbirdə internet istifadəçiləri üçün faydalı olan “İnternet hüququ və etikası” və “Beynəlxalq hüquq və Azərbaycan Respublikasının media qanunvericiliyi” elektron kitabları barəsində də məlumat verilib.
Mərasimdə yeni saytın, habelə elektron kitabların əhəmiyyəti barədə faydalı fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !