ADU-da Texniki İnnovasiyalar Mərkəzinin rəsmi açılış mərasimi keçirildi - FOTO

ADU-da Texniki İnnovasiyalar Mərkəzinin rəsmi açılış mərasimi keçirildi FOTO

4 dekabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) ADU-nun və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Texniki İnnovasiyalar Mərkəzinin açılış mərasimi keçirildi.
Açılış mərasimində ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov, ABŞ –ın Azərbaycandakı səlahiyyətli səfiri Robert F. Sekuta, ABŞ-dan gələn qonaq - Lein Beker, universitetin akademik heyəti və digər rəsmi qonaqlar iştirak edirdi.
Öncə rəmzi açılışı bildirən qırmızı lent kəsildi. Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov qonaqları salamlayaraq onları bugünki tədbirdə görməkdən məmnun olduğunu bildirdi. Texniki İnnovasiyalar Mərkəzi haqqında ətraflı məlumat verən professor D.Yunusov mərkəzin məktəblilər üçün nəzərdə tutulduğunu vurğuladı. O, bu mərkəzdən bütün məktəblilərin istifadə edə biləcəyini sözlərinə əlavə etdi. Çıxışının sonunda tədbirdə iştirak etdiyi üçün ABŞ-ın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Robert F.Sekutaya təşəkkür etdi.
ABŞ –ın Azərbaycandakı səlahiyyətli səfiri Robert F. Sekuta bu yaradıcılıq məkanına hər cür şərait yaratdığı üçün universitetin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusova, davamlı dəstəyə və uzunmüddətli əməkdaşlığa görə sabiq rektor, Milli Məclisin deputatı, professor Səməd Seyidova təşəkkür etdi. O, eyni zamanda könüllülərə, mövcud resuslardan istifadə üçün proqramı hazırlayanlara da öz minnətdarlığını bildirdi. Səfir bu layihənin Azərbaycan Dillər Universiteti tərəfindən dəstəkləndiyini iştirakçıların diqqətinə çatdırdı. O, bu layihənin məktəbliləri düşünməyə təşviq etdiyini və onların bu cür vasitələrdən istifadə edərək gələcəkdə qazandıqları biliklərindən yararlana biləcəklərini vurğuladı.
Tədbirdə, həmçinin Texniki İnnovasiyalar Mərkəzinin müasir avadanlıqlarının və eksponatlarının, eləcə də 3D printerinin imkanları, robot komplektlərinin nümunələri qonaqlar və media nümayəndələri üçün mərkəzin könüllüləri ( müxtəlif universitetlərin tələbələri) tərəfindən təqdim edildi.
Qeyd edək ki, Texniki İnnovasiyalar Mərkəzinin (məktəblilər üçün) əsas strategiyası məktəblilərdə texniki yönümlü təfəkkürün inkişaf etdirilməsi, innovasiya xarakterli ideyaların dəstəklənməsi və layihələr vasitəsilə həyata keçirilməsidir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !