Masallı rayonunun Təklə kəndində səyyar qəbul - (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı )

Masallı rayonunun Təklə kəndində səyyar qəbul (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı )

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun ərazilərdə səyyar qəbulu işgüzar xarakter daşıyır. Adamlar arasında ruh yüksəkliyi yaranır, qaldırılan problemlər, verilən təkliflər həllini tapmağa yönəlir. Bu sahədə müsbət nəticələr əldə olunmuş, ictimaiyyətlə sıx əlaqə yaradılmışdır.

AZpress.AZ - ın Masallıdan xəbər verdiyinə görə Təklə kəndində bunun bir daha şahidi olduq. Rafil Hüseynov növbəti səyyar görüş-qəbulunu Sığıncaq məktəbində keçirdi. İclasa idarə, müəssisə rəhbərləri, Təklə ərazisini əhatə edən Xoşçobanlı, Masallı stansiyası, Mollahəsənli, Ləngan və Sığıncaq kəndlərinin sakinləri gəlmişdi. Görüşü açan rayon rəhbərinin "aramsız yağan yağışlarla əlaqədar nə işlər görülür?" sualına Viləşçay su dəryaçasının rəisi Ağabəy Ağayev cavab verib dedi ki, tədbirlər görülür. Kanal çəkilişi qurtarmayınca ekskovator ərazidən çıxarılmayacaq. -Ordu hissəsi də köməyə gəldi. Əksər yerlərdə kanallar təmizlənməlidir. Bəzi işlər bizdən, bəzi işlər sizdən asılıdır, deyə Masallı Rayon İcra Hakimiyyətinin başçısı bildirdi. İntensiv yağışlar yağır. Təhlükəsizlik tədbirləri vaxtında görülməlidir, - rayon rəhbəri qeyd etdi.
Xoşçobanlılı Bayram Əliyev Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovu salamladı. Dedi ki, Çaxırlı tərəfdən yollar bərbaddır.

Yol barədə tövsiyələrini verən rayon rəhbəri dedi ki, dövlət yolu çəkilir. Onlar öhdəlik götürüb ki, yolu düzəldəcəklər. Masallı-Bakı yolu 40 kilometr kəsə olacaq, gediş-gəliş rahatlaşacaq. Sizinlə görüşə o yolla gəldim ki, görüm, orada işlər necədir? Müvəqqəti çətinlikdir, yola çınqıl döşənəcək, üstündən qreyder çəkiləcək.
Sığıncağın gənc sakini Xalid Quliyev apteklərindəki bahalı və saxta dərmanlardan danışdı. Dedi ki, xəstə ata-anama qayğı göstərirəm. Aptekdən aldığım dərman valideynlərimi zəhərlədi. Həkimlərdən də narazılığım var.

Məsələyə rayon mərkəzi xəstəxanasının baş həkimi Cəlil Nəzəov aydınlıq gətirdi, hər iki xəstəyə tibbi yardım edəcəyini dedi. RİH başçısı qeyd etdi ki, Masallıda yaxşı həkimlər çoxdur: -Bu yaxınlarda səhərə yaxın bir hadisə olmuşdu. 11 nəfər yaralını xəstəxanaya gətirmişdilər, əgər həkimlər təcili tədbir görməsəydi çətin ki, o adamlar sağ qalaydı...
77 yaşlı Xoşçobanlı sakini Mürvət Nuriyev oktyabrın 23-dən fasiləsiz yağan yağışlar nəticəsində ərazidə vətəndaşların fərdi yaşayış evinə və şəxsi təsərrüfatına ziyan dəydiyini dedi. O, rayon rəhbərinin həmin günlərindəki kəndə xüsusi qayğısını qeyd etdi. Çayətrafı evlərin çaydan 5-6 metr aralı olmadığını və buna səbəb sakinlərin təhlükəsizlik tədbirini həyata keçirə bilmədiyindən fövqəladə vəziyyət yarandığını xatırlatdı. Bu təklif də nəzarətə götürüldü.

Xoşçobanlılı Hacı İldırım Əcgərov, sığıncaqlı müəllim Arif İbrahimov, xoşçobanlılı Absəməd Kazımov, Sığıncaq məktəbinin direktoru Əhliman Əliyev və başqaları ölkədə və rayonda görülən işləri təqdir etdi. Çıxışlarda əraziyə su gəlməsi, qaz xətti çəkilməsi, durğun suların sahələrdən çıxarılması, köhnəlmiş elektrik dirəklərinin dəyişdirilməsi və s. sosial və təsərrüfat məsələlərində kömək göstərilməsi barədə xahişlər səsləndi.

Növbəti görüşdə irəli sürülən təkliflərə münasibət bildirən rayon rəhbəri, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov vurğuladı ki, kəndli bazardan pomidor almamalı, özü yetişdirməlidir. "Köhnə bazar" yolunu onun sahibkarı təmir etdirməlidir. Başqa halda bura az adam gəlir. Masallıda yaradılacaq "Yaşıl bazar" dövlət vəsaiti ilə tikiləcək. Təhsilə xüsusi önəm verən rayon rəhbəri bunun zamanın vacib məsələsi olduğunu vurğuladı. Onun əvəzsiz olduğunu bir daha gündəmə gətirdi. Biliksiz həyat, savadsız insanın dəhşətini sakinlərə izah etdi. - 690-dan yuxarı bal toplayan 2 məzun Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Ölkəyə savadlı gənclər lazımdır. Valideynlərin məktəblə əlaqəsi möhkəm olmalıdır. Masallı Dövlət Turizm Kolleci artıq iki ildir fəaliyyətdədir, qoy uşaqlar oxuyub, ora qəbul olsunlar. Qoy, gələcəkdə doğma rayonumuzu başqa yerlərdən gələn gənclər əvəz etməsin, Masallı turizminə kollecimizdə təhsil alan gənclərimiz sahiblik etsinlər.- Mən bir məsələni də sizin nəzərinizə çatdırmaq istəyirəm. Azyaşlıların nikahı ilə barışmaz olun. Bu, çox mühüm məsələdir. Cəmiyyət üçün böyük bəladır.


Fotolar Vəkil Novruzoğlunundur.


AZpress.AZ -
Masallı,
Müxbir Əlihüseyn Şükürov
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !