ADU-da vətənpərvərlik mövzusunda Şeir çələngi adlı tədbir keçirildi -

ADU-da vətənpərvərlik mövzusunda “Şeir çələngi” adlı tədbir keçirildi

17 noyabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Yazarlar klubunun təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda “Şeir çələngi” adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açılan tədbirdə universitet tələbələri tərəfindən vətənpərlik mövzusunda yazılan şeirlər səsləndirildi, eyni zamanda “Sarı gəlin”, “Cənab Leytenant”, “Azərbaycan” mahnıları ifa olundu. Tədbirdə “Dalğa” rəqs qrupunun ifasında “Yallı” rəqsi nümayiş olundu. Daha sonra “Əsgər marşı” nın müşayiəti altında əsgər forması geyinmiş tələbələr tərəfindən Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirildi, hərbi andiçmə mərasiminin səhnəciyi canlandırıldı.
Azərbaycan Yazıçılar Birliyinin "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadənin başçılıq etdiyi münsiflər heyəti tərəfindən seçilən, Filologiya və jurnalistika fakültəsinin 326 a qrup tələbəsi Səltənət Quliyeva I yerə, Pedaqoji (ingilis dili-fransız dili) fakültənin 222 b qrup tələbəsi Şəlalə İbrahimli II yerə, Filologiya və jurnalistika fakültəsinin 241 a qrup tələbəsi Nəimi Nəbiyev isə III yerə layiq görüldü, qaliblər mükafatlandırıldı.
Mükafatlandırma mərasimindən sonra ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov təkcə ilk üçlüyə seçilənlərin yox, müsabiqədə iştirak edən hər kəsin qalib olduğunu söylədi, onları təbrik etdi. Vətənpərvərlik mövzusuna həsr olunan belə tədbirlərin say etibarilə çox olmasının labüd olduğunu deyən prorektor bu mövzunun ön plana çəkilməsinin vacibliyindən danışdı.
Sonra Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu çıxışlarında tədbirin baş tutmasında əməyi keçən hər kəsə təşəkkür etdilər, ADU-nun vətənpərvərlik mövzusuna xüsusi önəm verdiyini, bunun da digər ali məktəblərə nümunə olmasını diqqətə çatdırdılar.
Sonda müsabiqə haqqında fikirlərini bölüşərkən Qəşəm Nəcəfzadə ADU-nun onun ən sevimli universiteti olmasını söylədi, tərcüməçilik sahəsində savadlı kadrların yetişməsində təhsil ocağının böyük rol oynadığını sözlərinə əlavə etdi, buna görə də universitet rəhbərliyinə xüsusi təşəkkürlərini bildirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !