Yaponiyada Beynəlxalq Telekommunikasiya İttifaqının statistik göstəricilər üzrə simpoziumu keçiriləcək -

Yaponiyada Beynəlxalq Telekommunikasiya İttifaqının statistik göstəricilər üzrə simpoziumu keçiriləcək

 Yaponiyanın Xirosima şəhərində noyabrın 30-dan dekabrın 2-dək Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) elektrorabitə/İKT sahəsində ümumdünya göstəriciləri üzrə illik simpoziumu (WTIS) keçiriləcək. Tədbirdə hökumət nazirləri, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində iqtisadi inkişaf və siyasət üzrə aparıcı mütəxəssislərin bir araya gələrək İKT-dən sosial-iqtisadi inkişaf məqsədilə istifadə strategiyasını müzakirə edəcəkləri gözlənilir. Bu barədə BTİ-nin məlumatında deyilir.

Yaponiya hökumətinin dəvəti ilə BTİ tərəfindən təşkil olunan konfransda 400-ə yaxın yüksəkvəzifəli rəsmi şəxsin, qlobal ekspert və analitikin, o cümlədən hökumət nazir və müavinlərinin iştirakı nəzərdə tutulur.

Simpoziumda irihəcmli məlumatlar, İKT-nin sosial-iqtisadi təsirinin ölçülməsində tərəqqi, İKT üzrə statistik məlumatlar və dayanıqlı inkişaf sahəsində məqsədlərə nail olmaq üçün monitorinqin əsasları, İKT sahəsində innovasiyaların ölçülməsi üzrə strategiya, eləcə də İKT-nin inkişafı naminə “Əşyalar interneti” ilə generasiya olunan məlumatlardan istifadəyə aid geniş aktual problemlər müzakirə ediləcək.

Qeyd edək ki, BTİ Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı təsisatıdır. 150 il ərzində BTİ qlobal əsasda radiotezlik spektrindən birgə istifadənin koordinasiyasını həyata keçirir, peyklər üçün orbital mövqelərin ayrılmasında beynəlxalq əməkdaşlığa yardım edir, inkişaf etməkdə olan ölkələrdə rabitə infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir və dünyada rabitə sistemlərinin geniş diapazonunun maneəsiz fəaliyyətini təmin edən standartlar hazırlayır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !