Sumqayıtda nəhəng bir kimya kombinatının yaradılmasına rəhbərlik etmiş görkəmli kimyaçı - - Rzaqulu Ağasiyev

Sumqayıtda nəhəng bir kimya kombinatının yaradılmasına rəhbərlik etmiş görkəmli kimyaçı - Rzaqulu Ağasiyev

“Bu gün fikrən yenidən keçmişə qayıdarkən qətiyyətlə deyə bilərəm ki, Sumqayıtda edilmiş hər şey Azərbaycan xalqının rifahının yüksəlməsinə, bizim müstəqil respublikamızın iqtisadi potensialının yaradılmasına yönəldilmişdir.
Heydər Əliyev.

 


Dünya şöhrətli şərqşünas-türkoloq, professor L.Qumilyovun da yaxşı tanıdığı və yüksək dəyərləndirdiyi azərbaycanlı kimyaçı

 

“İstərdim ki, Azərbaycanın gənc alimləri heç vaxt öz xalqını tərifləməklə ucaltmaq cəhdində olmasınlar. Sizin xalqınız onsuz da böyüklüyü ilə tanınır və seçilir.”
Lev Qumilyov.

Bəli, xalqımıza çox böyük dəyər verildiyi bu sözlərin müəllifi görkəmli şərqşünas-türkoloq, fundamental elmi əsərin - türk dünyası üçün çox dəyərli bir töhfə olan, unikal “Qədim türklər” kitabının və digər qiymətli əsərlərin müəllifi, türk xalqlarının böyük dostu kimi tanınan professor Lev Nikolayeviç Qumilyovdur.
Maraqlıdır ki, məşhur rus şərqşünası 1988-ci ildə Leninqradda Azərbaycan mədəniyyəti günləri keçirilərkən Rzaqulu adında bakılı kimyaçı dostu haqqında böyük ehtiramla danışaraq demişdi ki, “o, istedadlı və çox ləyaqətli, mərd, eyni zamanda təvazökar, təmkinli, sakit bir adam idi”.
Təbii ki, L.Qumilyov kimi görkəmli bir şərqşünasın, türk xalqlarının xarakterinə, milli xüsusiyyətlərinə dərindən bələd olan, onları yaxşı tanıyan və sevən bir tədqiqatçı alimin gəldiyi qənaətin doğruluğuna heç kəs zərrəcə də şübhə edə bilməz. Onun vaxtilə haqqında hörmətlə danışdığı dostu isə tanınmış kimyaçı-alim, Sumqayıtda nəhəng bir kimya kombinatının yaradılmasına rəhbərlik etmiş, müəssisənin təməlinin qoyulduğu 1960-cı ildən tikintisinin “finiş”inə kimi onun direktoru olmuş Rzaqulu Ağasiyevdir.

 

Ali məktəbi bitirdikdən cəmi 7 il sonra - 31 yaşında ikən
“Respublikanın Əməkdar səmərələşdiricisi” fəxri adına və medala layiq görüldü

...II Dünya müharibəsinin ağır illəri zamanı qədim Ordubadda o dövrün bütün ailələrində olduğu kimi maddi sıxıntılar içərisində yaşayan ailəsinin bütün çətinliklərinə baxmayaraq, məktəbli Rzaquluda oxumağa, elmə həvəs dövrə uyğun olmayan dərəcədə güclü idi. Lakin maddi sıxıntılar üzündən ali təhsil almaq üçün Bakıya gəlməsi yalnız 19 yaşında – 1948-ci ildə mümkün olmuşdu. Müdhiş müharibənin başa çatmasının üçüncü ili olduğundan ölkə hələ yenicə dirçəlməyə başlayırdı. Bakı mühitinə düşən gənc Rzaqulu paytaxtda da yaşayışın asan olmadığını görüb, vəziyyətlə barışaraq, ölkədə gənc neftçi və kimyaçı kadrlara böyük ehtiyac olduğunu nəzərə alaraq, bütün gücünü qəbul imtahanlarına verib, elə həmin il Azərbaycan Sənaye İnstitutuna (indiki Neft və Kimya İnstitutuna) qəbul olunur.
O zaman onsuz da ağır olan bir şəraitdə yalnız tələbə təqaüdü ilə Bakıda dolanmaq çətin olduğundan, həm də Ordubadda qoyub gəldiyi, ehtiyac içərisində yaşayan ailəsinə az da olsa kömək etmək üçün ali məktəbdə təhsil almaqla yanaşı şəhərdəki 44 N-li orta məktəbin fizika-kimya laboratoriyasında laborant kimi işləməli oldu. Məktəbin rəhbərliyi onun institutda oxuduğunu və kimya, həm də fizika üzrə bacarıqlı, istedadlı tələbə olduğunu nəzərə alaraq, onu məmnuniyyətlə işə götürmüşdü.
Yay tətilləri zamanı çox darıxdığı ailəsini görmək üçün Ordubada getsə də, orada çox ləngimir, yenidən Bakıya qayıdaraq, o vaxt SSRİ-nin böyük tarixi qələbəsini təmin etmiş İ.Stalinin adını daşıyan Bakı Neftayırma zavodunda operator köməkçisi işləyir. Gələcək kimyaçı peşəsinə səylə yiyələnməyə çalışan gənc Rzaqulu təhsilində olduğu kimi istehsalatda da çalışqanlığı, məsuliyyəti ilə fərqlənir. Təsadüfi deyildi ki, 1953-cü idə ali məktəbi bitirib, kimyaçı-mühəndis ixtisasına yiyələndikdən sonra da ona zavodda qalıb işləməsi təklif olunur. Bu da, əlbəttə, səbəbsiz deyildi. Çünki hələ tələbə olarkən işə yaradıcılıqla yanaşan Rzaqulu Ağasiyev adicə operator köməkçisi, sonralar operator olmasına baxmayaraq, istehsalatın bəzi sahələri ilə bağlı bir-neçə maraqlı texniki təkliflər vermişdi ki, onların da sayəsində işin səmərəliliyini artırmaq, məhsulun keyfiyyətini daha da yaxşılaşdırmaq mümkün olmuşdu. Əlbəttə, zavod rəhbərliyi belə bir yaradıcı, perspektivli gənc mühəndisi əldən verə bilməzdi. İllər keçdikcə Rzaqulunun mühəndis istedadı, çalışqanlığı ona yeni uğurlar gətirir. Onun qiymətli səmərələşdirmə təkliflərindən biri - istehsal prosesində qudronun asfaltsızlaşdırılması (kimyada belə bir texnoloji termin var) yolu ilə sürtgü yağlarına əlavə edilən aşqarların alınmasına və həmin yağların distilatlarının hesabına müəssisədə təmirlərarası müddətin üç dəfədən cox artırılaraq, 7 aya qədər uzadılmasına nail olması onun mühəndis-kimyaçı nüfuzunu daha da artırmışdı. Təsadüfi deyil ki, o, zavodda çalışdığı 7 il ərzində operatorluqdan sex rəisi vəzifəsinədək yüksəlmişdi və artıq 1960-cı ildə istehsalata tətbiq olunmuş və böyük səmərə vermiş texniki yeniliklərə görə Rzaqulu Ağasiyev hələ çox gənc yaşında - 30 yaşında ikən Azərbaycan Respublikası Ali Sovetinin xüsusi fərmanı ilə “Respublikanın Əməkdar Səmərələşdiricisi” fəxri adına və medala layiq görülmüşdü.

 

SSRİ Kimya Sənayesi nazirliyi istedadlı gənc azərbaycanlı kimyaçının
tikilməkdə olan kimya kombinatılna direktor təyin olunmasına etiraz etmədi

Özünün də gözləmədiyi halda 1960-cı ildə Rzaqulu Ağasiyev ilk əmək fəaliyyətinə başlayaraq, yenilikçi mühəndis kimi tanınıb, nüfuz qazandığı Neftayırma zavodundan, hətta onun üçün əziz və doğma olan Bakıdan uzaq düşməli olur, 25-30 km uzağa – Sumqayıta. Belə ki, istedadlı milli texniki kadrların az olduğu həmin dövrdə R.Ağasiyev kimi novator düşüncəli, ən başıcası isə təşəbbüskar kimyaçı-mühəndis respublika rəhbərliyi üçün “göydəndüşmə” idi. Çünki həmin dövrdə SSRİ hökumətinin qərarı ilə Sumqayıtda daha bir iri kimya müəssisəsinin – çoxlu sayda sex və istehsalatların da daxil olduğu nəhəng Kimya kombinatının inşası planlaşdırılırdı. Ora direktor kimi Moskvadan və digər Rusiya şəhərlərindən də namizədlər az deyildi. Ancaq respublika rəhbərliyi çalışırdı ki, yeni kimya obyektinə milli kadr, azərbaycanlı rəhbərlik etsin. Belə də oldu. SSRİ Kimya Sənayesi nazirliyi Bakının təklif etdiyi namizədin – Rzaqulu Ağasiyevin direktor təyin edilməsinə etiraz etmədi. Ancaq bir şərtlə - tikintidə gecikmə olarsa, təkcə direktor yox, respublika rəhbərliyi də məsuliyyət daşımalı olacaq. R.Ağasiyevə, onun istedad və bacarığına inam yüksək olduğundan nazirliyə cavab verilmişdi ki, gənc direktor məsuliyyəti sonradan yox, elə ilk gündən – yeni kombinatın təməlinin qoyulduğu günlərdən daşıyacaq və obyektin uğurla tikilib, istifadəyə verilməsinə nail olacaqdır.
R.Ağasiyev yalnız Azərbaycanın deyil, bütünlükdə Sovet iqtisadiyyatının gücləndiril-məsi məqsədilə layihələndirilməsinə hələ 1958-ci ildən başlanılmış yeni kimya müəssisəsinin inşasına böyük həvəslə başladı. Kombinatın əsas və köməkçi sexləri qrafik üzrə vaxtında verilməli olduğundann, gənc direktor obyektdə mühəndis-texniki işçilərlə, fəhlələrlə birgə çox gərgin, rahatlıq-dinclik bilmədən çalışırdı. Bunu həm də SSRİ-ni yaratmış V.Leninin elektrikləşmə ilə bağlı məlum şüarına Sovet rəhbərliyinin əlavə etdiyi “plyus kimyalaşdırma” sözləri də tələb edirdi. Tikilməkdə olan sex və istehsalat sahələrinin çox zaman özüylə götürdüyü layihələrilə birgə traktor və ekskvatorların, yük daşıyan maşınların uğultusu-gurultusu, hər tərəfdən qopan toz-torpaq altında gəzib-dolanaraq, başlanmış geniş miqyaslı işlərə bilavasitə özü rəhbərlik edən Rzaqulu Ağasiyev bəzən gecələr də tikinti sahələrində olur, günlərlə evə gedə bilmirdi.
Xammal kimi Bakı neft-qaz emalı müəssisələrinin benzin və digər karbohidrogen fraksiyalarından istifadə ediləcək kombinatın sexləri mərhələ ilə tikilərək, bir-bir istifadəyə verilirdi. İlkin olaraq 1963-cü ildə müəssisənin qazayırma qurğusu işə salınanda fəhlələrlə, mühəndis-texniki işçilərlə birgə, həm də onlardan daha çox sevinən, göstərilən etimadı ləyaqətlə doğruldan 34 yaşlı direktor Rzaqulu Ağasiyev idı. Onun sevincinin həddi-hüdudu yox idi. Və o, sexin işə buraxıldığı həmin günün axşamı ilk dəfə olaraq rahatlıqla, doyunca yata bilmişdi. Daha doğrusu, səhər saat 6-ya kimi. Saat 7 tamamda isə həmişə olduğu kimi yenə də iş başında idi.

 

O, yalnız istedadlı mütəxəssis, tələbkar direktor kimi deyil, həm də hər bir işçiyə diqqətlə, qayğı ilə yanaşan bir dost, yoldaş kimi tanınırdı


Hələ tələbəlik illərindən özünü büruzə verən, ildən-ilə güclənən, zənginləşən mühəndis istedadı onu yeni müəssisənin istehsalat sahələrinin tikintisi zamanı da rahat buraxmırdı. Müxtəlif qurğuların quraşdırılması və sınaq müddəti dövründə müəyyən texniki uyğunsuzluqlar, çatışmazlıqlar olurdu ki, Rzaqulu müəllim digər mütəxəssislərlə birgə məsələni elə yerindəcə araşdıraraq, problermin texniki həllini tapıb, işin yoluna düşməsinə nail olurdu. Bəzən müəssisənin layihəçiləri, konstruktorları səhər işə gələrkən direktor onları qarşılayaraq, axşamdan üzərində çalışdığı eskizləri onlara verib, həmin eskizlər əsasında çertyojlarda müvafiq dəyişikliklər etməyi, onları baş layihə ilə uzlaşdırmağı tapşırırdı. Onun tapşırığını isə nəinki mühəndis-texniki işçilər, hətta fəhlələr, quraşdırıcılar da böyük həvəslə, məmnuniyyətlə yerinə yertirirdilər. Çünki obyektdə çalışan gənclərin çoxunun yaşıdı olan Rzaqulu Ağasiyev təkcə istedadlı, bacarıqlı mütəxəssis, tələbkar direktor deyil, həm də hər bir işçiyə, onların müraciətlərinə, ehtiyaclarına diqqətlə, qayğı ilə yanaşan bir müəssisə rəhbəri, dost, yoldaş idi. Keyfiyyətlə, vaxtında başa çatdırılmış işlərin onun diqqətindən yayınmaması, hər dəfə təşəkkür edilərək mükafatlar verilməsi, şəhər və respublika rəhbərliyindən işçiləri üçün daha çox yeni mənzillərin alınması Rzaqulu Ağasiyevi kollektivə daha çox sevdirmişdi. Bunun nəticəsi idi ki, yorulmaq bilmədən, həvəslə çalışan inşaatçı və quraşdırıcılar qazayırma qurğusunu istifadəyə verdikdən bir il sonra benzinin katalitik riforminq, sonralar isə propilenin konsentrasiyası qurğularının inşasını da uğurla başa çatdırmışdılar.

 

 

Yeni kimya qurğularının ardınca... “Qırmızı Əmək Bayrağı” ordeni

Azərbaycanın ən iri kimya müəssisəsi kimi yaradılan Sumqayıt Kimya kombinatında Rzaqulu müəllimin bilavasitə rəhbərliyi altında bir-birinin ardınca etilen, polietilen, etil-xlorid, epixlorhidrin, epoksid qətranı və digər qiymətli kimyəvi məhsulların istehsalı proseslərinin daha səmərəli metodlarla aparılmasında onun səmərələşdirmə təkliflərinin və digər yeniliklərinin mühüm əhəmiyyəti olmuşdur.
Məhz Rzaqulu Ağasiyevin yüksək təşkilatçılıq bacarığı, mühəndis istedadı, səmərə-ləşdirici-ixtiraçı təşəbbüsləri sayəsində 1968-69-cu illərdə Sumqayıt Kimya kombinatının ən mühüm, ölkə kimyası üçün xüsusi əhəmiyyət daşımaqla çox vacib olan EP-60 kompleksi inşa edilib, istismara verildi ki, bu da o dövr üçün hətta SSRİ miqyasında çox böyük uğur hesab edilirdi.
Kombinatın tikintisinin tezliklə və uğurla başa çatması üçün gecəsini gündüzünə qataraq çalışan direktorun həmin illərdəki gərgin əməyi ölkə rəhbərliyinin diqqətindən yayınmadı və o, 1967-ci ildə SSRİ Ali Sovetinin qərarı ilə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edildi.

 

Respublika alimləri Rzaqulu Ağasiyevi kimyaçıların əlindən niyə aldılar?

Rzaqulu Ağasiyevin ölkə iqtisadiyyatına yüz minlərlə manat gəlir gətirən yenilik və ixtiraları respublika Elmlər Akademiyasının da diqqətini çoxdan idi ki cəlb edirdi. Belə bir adamı kimya sənayesinə “qısqanan”, onun direktor kimi yox, elm adamı kimi daha çox faydalı olacağını düşünən Akademiya rəhbərliyi 1969-cu ildə onu elmi işlərə cəlb etdi. Və artıq bir ildən sonra Rzaqulu Ağasiyevin elmi tədqiqatları öz nəticəsini verdi – o, uğurla dissertasiya müdafiə edərək, kimya elmləri namizədi oldu. Müdafiə sənayesi üçün müxtəlif aşqarların və yağ kompozisiyalarının ixtira olunmasına öz töhfəsini verən Rzaqulu müəllim sonralar 1978-ci ilə qədər Aşqarlar Kimyası İnstitutunda elmi işlər üzrə direktor müavini kimi çalışmışdı. O zaman 7 müəlliflik şəhadətnaməsi alan R.Ağasiyev iki elmi monoqra-fiyasını da hazırlayaraq, çap etdirmişdi.

 

O, nüfuzlu alim və təşkilatçı rəhbər kimi digər respublikalarda da neftayırma zavodlarının layihələndirilməsinə və inşasına öz töhfəsini vermişdir

1978-ci ildə Rzaqulu müəllimə elmi işlərini daha uğurla davam etdirə bilməsi üçün daha bir etimad göstərilərək, yeni bir yüksək vəzifəyə - Azərbaycan Dövlət Neftayırma və Neft-Kimya Müəssisələrinin Layihələşdirilməsi İnstitutuna direktoir təyin edildi. Orada ilk dəfə olaraq ES-1035 markalı hesablayıcı maşının hazırlanıb, işə salınmasında xidmətlərinə görə respublika Ali Sovetinin Fəxri-fərmanına layiq görülən Rzaqulu müəllim həmin elmi-tədqiqat institutunda apardığı reformalar və əməkdaşların iş şəraitlərinin yaxşılaşdırılmasına, məişət qayğı və problemlərinin həllinə göstərdiyiu diqqət və qayğıya görə də kollektivdə böyük hörmət və nüfuz qazana bilmişdi.
Rzaqulu Ağasiyev tədqiqatçı alim və elmi-tədqiqat institutunun rəhbəri kimi neft-qaz və kimya sənayesi üçün bir çox respublika və Ümumittifaq əhəmiyyətli qurğuların, o cümlədən neftin ilkin emalı qurğuları olan ELOU-AVTG, ELOU-AVT2-nin, həmçinin indiki H.Əliyev adına Bakı Neft Emalı zavodunda koks, riforminq və katalitik krekinq qurğularının inşasında şəxsən iştirak etmiş və onların qüsursuz, uğurla istismara verilməsinə nail olmuşdur.
R.Ağasıyev təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-də də nüfuzlu bir kimyaçı-alim, güclü mütəxəssis kimi tanınmışdır. O, vaxtilə Volqoqrad, Fərqanə, Türkmənbaşı, Çimkənd və s. şəhərlərdə yeni neftayırma zavodlarının layihələndirilməsində və istifadəyə verilməsində də şəxsən, həm də fəal iştirak etmişdir.


***


Məlum olduğu kimi, dünya şöhrətli dahi kimyaçı, akademik Yusif Məmmədəliyev Azərbaycan kimya elminin daim hörmətlə xatırlanan və sevilən əsl şöhrət tacıdır. Azərbaycan kimya sənayesinin şöhrət tacı isə heç şübhəsiz ki, Sumqayıtın ilk kimya müəssisələrini təməlindən başlayaraq yaratmış iki görkəmli istehsalatçı-kimyaçıya – Sumqayıt kimyasının əsasını qoymuş Mehdi Zeynal oğlu Mehdiyevə və Rzaqulu Əbdülqasım oğlu Ağasiyevə məxsusdur.
Heç də təsadüfi deyildir ki, Azərbaycan kimya sənayesinin inkişafında müstəsna xidmətlərinə görə görkəmli kimyaçı-alim, kimya sənayesinin təşkilatçılarından olan Rzaqulu Ağasiyev Sumqayıtın neft-kimya sənayesinin yaradılmasının 70 illiyinin qeyd olunduğu bu günlərdə Respublika Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə ali mükafata – daim ləyaqətlə xidmətində durduğu Vətənin “Şöhrət” ordeninə layiq görülmüşdür!

 


Rəhman ORXAN,
Osman Mirzəyev adına
Respublika mükafatı laureatı.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !