Milli Məclisin deputatı Adil Əliyev Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşdü -

Milli Məclisin deputatı Adil Əliyev Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşdü

Azərbaycan Dillər Universitetində (ADU) Milli Məclisin deputatı Adil Əliyev Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbələri ilə görüşdü. Adıçəkilən fakültənin 227 a qrup tələbəsi Günel Əsədovanın təşkilatçılığı ilə baş tutan görüş “9 Noyabr Bayraq Günü”nə həsr olunmuşdu.
Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan açıq dərsə dəvət olunan deputat Adil Əliyev öncə özünü təqdim etdi, dəvətə görə təşəkkürünü bildirdi. O, bayraq haqqında danışarkən Yaxın Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin, öz müstəqilliyinin göstəricisi olan bayrağın yaradılmasında keçdiyi çətin yollardan bəhs etdi. Daha sonra həmin bayrağın bu gün respublika səmasında dalğalanmasının Ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu və həmin siyasi kursun ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini söylədi. Eyni zamanda, millət vəkili əldə olunan müstəqilliyi qoruyub saxlamağın vacibliyindən danışdı. Tədbirin təşkilinin təqdirəlayiq olduğunu deyən Adil Əliyev onun təşkil olunmasına görə universitet rəhbərliyi başda olmaqla, hər kəsə təşəkkürünü bildirdi.
Sonra çıxış edən Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva deputatı 1 noyabr 2015-ci ildə V çağırış Parlament seçkilərində yenidən millət vəkili seçilməsi münasibəti ilə təbrik etdi. Deputatı ADU-da görməkdən məmnun olduğunu dilə gətirən fakültə dekanı, ona gələcək fəaliyyətində uğurlar arzuladı.
Görüşdə “Dövlət Bayrağı meydanı”nın açılış mərasimini özündə əks etdirən videorolik nümayiş olundu.
Qonaq qismində iştirak edən kinqboksinq döyüş növü üzrə idmançılar Azərbaycanı beynəlxalq arenalarda təmsil etməyin və bayrağımızı ucaltmağın qürurverici olmasından bəhs etdilər.
Sonda ADU tələbələri Azərbaycan və ingilis dillərində bayraq haqqında ümumi məlumat verdilər, xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şerini səsləndirdilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !