Startap Günləri 2015 başa çatıb -

“Startap Günləri 2015” başa çatıb

Noyabrın 6-dan 8-dək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkında “Startap Günləri” keçirilib.

Açılış mərasimində rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, RYTN yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Yüksək Texnologiyalar Parkının direktor müavini Cəlal Rəhimov və Azərbaycan İnternet Forumunun prezidenti, “Startap Azərbaycan” TK-nın üzvü Osman Gündüz çıxış ediblər.

“Startap Günləri” çərçivəsində “Yeni startapların yaranmasında biznes inkubatorların və universitetlərin rolu” mövzusunda konfrans öz işinə başlayıb.

“Startap Günləri” çərçivəsində keçirilən konfransdan sonra gənc startapçılar öz biznes ideyalarını səsləndiriblər. Ümumilikdə 25 biznes ideya səsləndirilib və onların yarışması keçirilib. Münsiflər heyəti və ekspertlər bunlardan 6 ən yaxşı ideyanı seçib.

İdeyaları seçilən startapçılar qalan iştirakçılar arasından özlərinə komanda formalaşdırıblar. Hər komandada 4- 6 nəfər startapçı təmsil olunub.


Növbəti mərhələdə komandalar ideyalar üzrə layihələrin ilkin prototiplərinin hazırlanmasına başlayıb. Komandalar tanınmış ekspertlərin və mentorların köməyi ilə 3 gün ərzində layihələrin ilkin versiyalarının hazırlanması üzərində işləyiblər.

Beynəlxalq ekspert Justin Crevierin və tanınmış startapçı Orxan Rzayev tərəfindən gənc startapçılara biznes planların hazırlanması, startapların təqdim edilməsi, ilkin inkişaf problemləri ilə bağlı təlim keçirilib.

“Startap Günləri” çərçisində son dövrlərdə beynəlxalq tədbirlərdə iştirak edən yerli startap sahibləri ilə gənc startapçıların və internet biznesə yeni başlayanların görüşü keçirilib.


“Startap Günləri”nin yekun günündə 6 komanda öz layihələrinin ilkin versiyalarının hazırlanmasını başa çatdırıblar, bununla bağlı hazırladıqları təqdimatları qısa zaman kəsiyində münsiflərə təqdim ediblər. Hər bir layihənin təqdimatı münsiflərin sorğu-sualı ilə müşayiət olunub.

Layihələrin təqdimatından sonra münsiflər qiymətləndirmə prosesi aparıb. Qiymətləndirmənin yekununda münsiflərin səsverməsi ilə qalib layihələr seçilib.

6 layihə içərisindən daha çox bal toplayan 3 layihə qalib seçilib:

I yer - “MusicBeez layihəsi. Bu platforma istifadəçilərə bəyəndikləri musiqini səs çoxluğu ilə seçdikləri müğənnilərdən dinləmək şansı yaradır.

II yer - “Banging Games” layihəsi. “Banging tanks” müxtəlif yaşlı istifadəçilər üçün nəzərdə tutulmuş oyundur.

III yer - “Study Prog” layihəsi. Bu, onlayn təhsil sistemidir, burada vebinar, videomühazirələr və s. yerləşdirmək nəzərdə tutulub.

Noyabrın 8-də “Startap Günləri”nin qaliblərinin Yekun Təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Startap Günləri”nə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, “Cybernet”, “Sinam”, “Bakcell” və “ALT Group” şirkətləri dəstək verib.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !