İnnovativ Gənclər İmişlidə seminar təşkil edib -

“İnnovativ Gənclər” İmişlidə seminar təşkil edib

06 noyabr 2015-ci il tarixində İmişli rayonu Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın haqq səsinin dünyaya çatdırılması mövzusunda cəbhəyanı ərazilərdə gənclərlə maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində seminar təşkil edilmişdir. Maraqlı mövzuların müzakirə olunduğu seminarda İmişli rayonunun mərkəzi ərazilərində və ucqar kənd yerlərində yaşayan gənclərlə bərabər İmişli rayon Gənclər və İdman İdarəsinin rəisi Ceyhun Əbdulov, rəis müavini Ramin Fərəcov, aparıcı məsləhətçi İdrak Tağıyev, İcra Hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin məsul nümayəndəsi Namiq Ağacanov, “Ziyalı Gənclər” Maarifçilər Klubunun sədri Ziya Rzayev və digər qonaqlar da iştirak etmişdir. Seminarı açıq elan edən “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov donor və təşkilat, məqsəd, qarşıya qoyulan vəzifələr haqqında iştirakçılara mühüm məlumatlar vermişdir. Mövzu barədə ətraflı məlumatlar verən təşkilatın icraçı direktoru Mürsəl Behbudlunun ardınca, İmişli rayon Gənclər və İdman İdarəsinin rəis müavini N.Fərəcov, “Ziyalı Gənclər” Maarifçilər Klubunun sədri Z.Rzayev da auditoriya ilə qarşılıqlı ünsiyyət sayəsində layihənin məğzi, bu sahədə həyata keçirilən dövlət tədbirləri, informasiya müharibəsi anlayışı, mövcud statistika, Azərbaycanın diaspora fəaliyyəti, İKT resursların Qarabağ savaşındakı rolu, gənclərin bu mövzuda üzərinə düşən vətəndaş məsuliyyəti və digər mövzular haqqında çıxış etmişdir. Auditoriyanın böyük marağına səbəb olan seminarda çıxış edən ekspert İmran Yaqubzadə gənclərin diqqətini müvafiq sahədə Azərbaycan – Türkiyə əməkdaşlığı, kiberhücumlardan qorunma yolları, proqramlaşdırma dilləri və digər məsələlərə yönəldərək gəncləri maraqlandıran sualları cavablandırmışdır. Sonda vikipediyada qeydiyyatdan keçmək və məqalə yerləşdirmək, bloq yaratmaq və ondan istifadə qaydaları, sosial şəbəkələr və ondan düzgün və səmərəli istifadə, youtubedə qeydiyyat prosesi, video yerləşdirmək və digər məsələlər gənclərə internet vasitəsilə əyani şəkildə göstərilərək izah edilmişdir.
Qeyd edək ki, layihə Azərbaycanın haqq səsinin dünyaya daha geniş şəkildə çatdırılmasına töhfə vermək məqsədi daşıyır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !