ADU-da Alman dili günü nə həsr edilmiş tədbir keçirildi -

ADU-da “Alman dili günü”nə həsr edilmiş tədbir keçirildi

Noyabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Müasir alman dili kafedrasının dosenti, “Alman dili birliyi”nin Azərbaycandakı rəhbəri Güləmbər Pirnəzərovanın təşkilatçılığı ilə “Alman dili günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Güləmbər Pirnəzərova iştirakçıları salamladı və onları görməkdən məmnunluğunu ifadə etdi.
Tədbirdə Filologiya və Jurnalistika fakültəsinin III kurs tələbəsi Lalə Rüstəmova Teymur Yusifovun müşayiəti ilə gitarada alman dilində “Poetik felləri” ifa etdi.
Sonra dahi alman yazıçısı və şairi J.V.Qötenin şeirləri, alman dilinin qramatikası ilə bağlı alman dilində kiçik nağıl və mahnılar səsləndirildi. Məşhur Qrim qardaşlarının topladığı nağılların şahı olan “Qırmızı papaq” nağılından bir epizod səhnəcik nümayiş olundu. Bununla yanaşı, müəllim və tələbələr alman dili dərsini canlandırmaq üçün səhnəciklə çıxış etdilər. Alman dilinə tərcümə olunmuş Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının sonuncu epizodu nümayiş olundu. Eyni zamanda, Azərbaycanın milli musiqisi olan “Sarı gəlin” mahnısı da ifa olundu.
Daha sonra ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev tədbir iştirakçılarını, həmçinin Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haydrun Tempeli salamlayaraq onları tədbirdə görməkdən məmnunluğunu dilə gətirdi. O, eyni zamanda bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini və təhsildə önəmli yer aldığını vurğuladı.
Tədbiri yüksək qiymətləndirən Səfir Haydrun Tempel də tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.
Qeyd edək ki, tədbir alman dilində keçirildi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !