ADU-da 9 Noyabr Bayraq Günü nə həsr olunmuş dəyirmi masa keçirildi -

ADU-da “9 Noyabr Bayraq Günü”nə həsr olunmuş dəyirmi masa keçirildi

Noyabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU)“9 Noyabr Bayraq Günü”nə həsr olunmuş dəyirmi masa keçirildi.Dəyirmi masada ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu, Kitabxana İnformasiya Mərkəzinin bölmə müdiri Güllüzar Məmmədova, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin nümayəndələri və universitetin tələbələri iştirak edirdi.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin canlı ifa olunması ilə açıldıqdan sonra müstəqillik uğrunda canından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev tədbirin yüksək səviyyədə hazırlandığını söylədi, təşkilatçılıq prosesində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. O, Dövlət bayrağı haqqında danışarkən bayrağın dövlətçilik ənənələrinin vacib atributu, hakimiyyət və müstəqilliyin göstəricisi olmasından bəhs etdi. Dövlətin mövcudluğunu sübut edən bayrağı, konstitusiyanı, gerbi sevməyin, onlara hörmət və ehtiram bəsləməyin vacibliyini vurğulayan prorektor Ələddin Əliyev tələbələrə sozügedən atributları daim uca tutmağı tövsiyyə etdi.
Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu çıxışında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis olunan və bugünkü müasir Azərbaycan Respublikasına miras qalan üçrəngli bayraq barədə ümumi məlumat verdi, onun rəngləri və üzərində əks olunan ay, ulduzun rəmzi mənalarını izah etdi. Çətin bir tarixi şəraitdə müstəqillik əldə etmiş dövlətin bayrağının bu gün dünyanın mötəbər təşkilatlarının qarşısında dalğalanmasının qürurverici olduğunu deyən professor Məhəmməd Teymurlu üçrəngli bayrağımızın işğal altında olan torpaqlarımızda ucalacağına əminliyini ifadə etdi.
Daha sonra ADU tələbələri tərəfindən hazırlanmış, o cümlədən bayrağımızın tarixini ozündə əks etdirən videoçarxlar təqdim olundu, şeir söylənildi.
Görüş müzakirələrlə yekunlaşdı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !