ADU-da "Azərbaycan-Yunanıstan: tarix və müasirlik" mövzusunda tədbir keçirildi -

ADU-da "Azərbaycan-Yunanıstan: tarix və müasirlik" mövzusunda tədbir keçirildi

Noyabrın 5-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) "Azərbaycan - Yunanıstan: tarix və müasirlik" mövzusunda tədbir keçirildi.
ADU-nun İnformasiya Resurs Kompleksinin Dünya Xalqlarının Folklor Mərkəzinin əməkdaşı Nigar Mancanovanın təşkilatçılığı ilə keçirilən tədbirdə öncə iki ölkənin himni səsləndirildi. Açılış nitqi ilə çıxış edən Universitetin Çin dili və mədəniyyəti mərkəzinin direktoru, professor Rafiq Abbasov Azərbaycan və Yunanıstan arasında mövcud olan iqtisadi və mədəni əlaqələrin uğurlu inkişafından danışdı. O, iki ölkə arasında çoxtərəfli əməkdaşlığın daha da möhkəmlənməsində böyük rolu olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yunanıstan Respublikasına rəsmi səfərlərinin əhəmiyyətini vurğuladı.
ADU-nun tələbələri qədim Yunanıstanın unikal mədəniyyəti, tarixi, o cümlədən Azərbaycan-Yunanıstan humanitar əlaqələri haqqında söz açdılar.
Tədbirdə iştirakçılar Yunanıstanın təbiətini və tarixi abidələrini özündə əks etdirən filmi izlədilər.
Sonda ADU-nun tələbələri tərəfindən hazırlanmış bədii hissədə yunan xalq mahnıları və rəqsləri nümayiş olundu.
Tədbirdə Yunanıstanın Azərbaycandakı səfirliyinin konsulu cənab Adamopoulus Konstantinos, səfirliyin mədəniyyət üzrə attaşesi Mariya Dolka, ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov, ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev də iştirak edirdi.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !