YUĞ Dövlət Teatrında Şok tamaşasına ictimai baxış keçiriləcək -

YUĞ Dövlət Teatrında “Şok” tamaşasına ictimai baxış keçiriləcək

30 oktyabr tarixində saat 18.00-da YUĞ Dövlət Teatrında "Şok" tamaşasına ictimai baxış keçiriləcək. Tamaşanın ictimai baxışına teatrşünaslar, teatr mütəxəssisləri və media nümayəndələri dəvət olunub. Türkiyəli dramaturq Turqay Narın "Zibillik" pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Günay Səttardır. Musiqi üzrə dizayn Amid Qasımov və Mələk Vəlizadəyə, səhnə dizaynı isə əməkdar incəsənət xadimi Rəşid Şerifə məxsusdur. Pyesi azərbaycan dilinə dramaturq Mehman Musabəyli uyğunlaşdırıb.
Janrı eqosentrik transaksiya kimi təyin olunan tamaşada Oktay Mehdiyev, Rasim Cəfər, Amid Qasımov, Vüqar Hacı, Təranə Atacan və Zümrüd Qasımova iştirak edir.
26 illik fəaliyyəti ərzində YUĞ Teatrı ilk dəfədir ki, türk yazarı Turqay Narın yaradıcılığına müraciət edir. Dramaturqun «Zibillik» pyesi əsasında hazırlanmış «Şok» tamaşasını Azərbaycan teatrı ilə Türkiyə dramaturgiyasının yaradıcı işbirliyində növbəti mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar.
"Şok" tamaşası müharibələrdən, xaosdan, rasional və irrasional dünyanın qlobal təhlükə və dinamikasından ani zaman kəsiyində uzaqlaşmaq, arınmaq, nəfəs dərmək, düşünə bilmək və ən başlıcası dünyamızın gözəl olduğunu anlamaq üçün bir teatr oyunudur.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, «Şok» tamaşası YUĞ Dövlət Teatrının sayca 94-cü tamaşasıdır. Tamaşanın xronometrajı 75 dəqiqədir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !