Neftçi ömrünün bəxtiyarlığı -

Neftçi ömrünün bəxtiyarlığı

Azərbaycanın Şərqlə Qərb arasında enerji dəhlizi yaratdığı, özünün qurudakı və dənizdəki yataqlarından çıxardığı karbohidrogenləri dünya bazarlarına nəql etdiyi və ixrac marşrutlarını getdikcə şaxələndirdiyi bir zamanda biz vaxtilə neft sənayemizin “beşiyi başında” dayanmış insanları minnətdarlıqla xatırlayırıq. Onlar neft sənayesinin, nəticə etibarilə Azərbaycanın inkişafında böyük rolu olmuş korifeylərdir. Müstəsna xidmətləri ilə yadda qalan, özünün parlaq istedadı, zəngin biliyi, elmi təfəkkürü, əməksevərliyi və işgüzarlığı ilə hələ yaşadığı illərdə az qala əfsanələşən bu insanların həyatı cavan neftçilər, ümumiyyətlə, bütün gənclər üçün örnəkdir. Bu mənada korifey neftçilərimizin tez-tez yada salınması, o cümlədən onların yubileylərinin qeyd olunması böyük əhəmiyyət kəsb edir. Bu il oktyabrın 18-də həmin korifeylərdən biri - Bəxtiyar Məmmədrza oğlu Məmmədovun anadan olmasının 90 ili tamam olur.
Bəxtiyar Məmmədov neft sahəsinə məndən bir qədər əvvəl gəlmişdi. Mən də əmək fəaliyyətinə başlayandan sonra biz bir çox illər onunla birgə çalışmış, necə deyərlər, uzun və çətin həyat yolu keçmişik.
Bəxtiyar Məmmədov özünü Azərbaycanda neft işinin tanınmış təşkilatçılarından biri kimi təsdiq etmişdi. Məşhur neftçi yüksək vəzifə kürsülərinə pillə-pillə qalxmış, malik olduğu hörməti zəhmətlə, alın təri ilə qazanmışdı. Ad-sanına, yüksək vəzifələrdə çalışmasına baxmayaraq sadəliyi ilə fərqlənirdi. Həmkarlarını və tabeliyində çalışan işçiləri dinləmək, onları başa düşmək və qiymətləndirmək bacarığı var idi. Odur ki, təkcə neftçilərin deyil, bütün ictimaiyyətin dərin hörmətini qazanmışdı.
Bəxtiyar Məmmədov 1925-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmişdi. Əmək fəaliyyətinə ali məktəbin son kursunda oxuyarkən başlaması onun neftçi peşəsinə olan marağını dərin bir sevgiyə, necə deyərlər, tale işinə çevirmişdi. Tələbə ikən turbinli qazmanın şərq kontorunda qazmaçı köməkçisi kimi işə başlamışdı. Daha sonra “Orconikidzeneft” trestinin (indiki “Suraxanı” Əməliyyat Şirkəti) birinci mədənində qazma ustası, istismar üzrə böyük mühəndis, “Qobustanneft” tresti (indiki “Qobustan” Əməliyyat Şirkəti) “Umbakı” mədəninin baş mühəndisi və müdiri vəzifələrində çalışdığı illərdə artıq özünü neft işinin sirlərinə yaxşı bələd olmuş mütəxəssis kimi göstərmişdi. İnstitutu bitirdikdən üç il sonra o, daha məsuliyyətli bir vəzifəyə təyin edilmiş, “Gürganneft” neft mədənləri idarəsi (indiki “Neft Daşları” NQÇİ) birinci mədəninin müdiri vəzifəsinə irəli çəkilmişdi.
Bəxtiyar Məmmədovla ilk tanışlığımız da əfsanəvi dəniz şəhərində - Neft Daşlarında oldu. 1954-cü ilin mart ayı idi. “Gürganneft”in birinci mədəninin böyük geoloqu təyin olunmuşdum. Bəxtiyar müəllimin adını çox eşitmiş, amma o vaxtadək özünü görməmişdim. Belə ki, qəzetlər onun haqqında tez-tez yazır, radio dalğalarında müntəzəm olaraq Neft Daşlarından reportajlar səslənirdi. Ona görə də buraya işə təyin olunmağım məni sevindirirdi. Düşünürdüm ki, dənizdə belə bir cəsur və tanınmış neftçi ilə çiyin-çiyinə işləyəcək, onun rəhbərliyi altında çalışacağam. Amma doğrusu, bir az da narahat idim. Fikirləşirdim ki, müdir məni necə qarşılayacaq? Sərbəst işləməyimə imkan verəcəkmi? Yoxsa məni həmişə təzyiq altında saxlayıb dediyini edəcək?
Demə, narahatlığım əbəs imiş. Bəxtiyar Məmmədov məni - hələ bərkdən-boşdan çıxmamış gənc geoloqu çox səmimi qarşıladı, ürək-dirək verib uğurlar arzuladı. Məni mədənin ərazisinə apardı. Buradakı obyektlər, o cümlədən quyular barədə müfəssəl məlumat verdi, görəcəyimiz işlərdən danışdı, məni mütəxəssislərlə tanış etdi.
Həmin gündən Bəxtiyar müəllimi nəcib və xeyirxah bir insan, zəkalı və tələbkar bir rəhbər işçi kimi tanıdım. Biz uzun illər birgə çalışdıq, o, dünyasını dəyişənədək bir-birimizə yaxın dost və qardaş münasibəti bəslədik.
O vaxt Neft Daşlarında iş, başdan aşırdı. Dənizdə estakadalar tikilir, yeni-yeni quyular qazılır, neft hasilatı artırdı. Belə bir vaxtda dənizdə, ekstremal şəraitdə insan faktoru xüsusi əhəmiyyət kəsb edirdi. Mədən müdiri kimi B.Məmmədov ona nail olmaq istəyirdi ki, tabeliyindəki fəhlə və mütəxəssislər işə mexaniki deyil, yaradıcı münasibət bəsləsinlər. Hər hansı bir əməliyyatı yerinə yetirəndə, əvvəlcə onun “açar”ını - optimal yolunu tapsınlar. Məhz buna görə də o, mədəndə işin səmərəliliyinin yüksəldilməsi üçün verilən təkliflərin hər birini diqqətlə araşdırır, faydalı təkliflər qarşısında həmişə “yaşıl işıq” yandırırdı. “Gürganneft”in rəisi Viktor Noqayev və baş geoloqu Fuad Səmədov kimi Bəxtiyar Məmmədov da elmi-texniki tərəqqinin nailiyyətlərini var gücü ilə dəstəkləyən insan idi.
Trestdə bütün tədqiqat işləri rəhbərlik etdiyim geoloji şöbədə cəmləşdirilmişdi. Şöbə dənizin qoynunda səmərəli fəaliyyət göstərən elmi mərkəzə, Ümumittifaq “Bilik” cəmiyyətinin qabaqcıl filiallarından birinə çevrilmişdi. Bəxtiyar müəllim burada da mühəndis fikrinin, elmi-texniki ideyaların pərvazlanması üçün əlindən gələni edirdi.
1963-cü ildə o, müvəffəqiyyətlə dissertasiya müdafiə etdi, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görüldü.
O dövrün qəribə tələbləri vardı. Kabinetlərdəki iclaslarda “Nəyin bahasına olursa-olsun, tapşırıq yerinə yetirilməlidir!” göstərişləri tez-tez səslənirdi. Bəxtiyar Məmmədov bu tələblərə onları öz ağlının, təcrübəsinin, insansevərliyinin prizmansından keçirərək riayət edirdi. O, heç bir kəmiyyət üçün insanların həyatını təhlükə qarşısında qoymurdu. Ən böyük istəyi o idi ki, hər ayın yarısını dənizdəki iş yerlərində keçirən insanlar sonra yenidən sağ-salamat sahilə - öz evlərinə, doğmalarının yanına qayıtsınlar. İndi əməyin təhlükəsizliyinin bütün amillərdən önə çəkildiyi bir zamanda biz o insanın zamanı nə qədər qabaqladığını bir daha dərk edirik.
Bəxtiyar Məmmədov elə bir rəhbər idi ki, insan öz dərdini, ailə-məişət problemlərini ona çəkinmədən deyə bilirdi. Neft Daşlarında işləyəndə mən hələ də Pirşağıdakı evimizdə qalırdım. Oradan isə şəhərə gedib-gəlmək bütün ailəmiz üçün əzablı bir iş idi. Çünki nə yollar indiki kimi idi, nə də nəqliyyat. Buna görə də Bəxtiyar Məmmədovun adına zarafatyana bir ərizə yazdım ki, ya mənə şəhərdə ev verin, ya da Pirşağı kəndinə elektrik dəmir yolu çəkilməsinə kömək edin.
O vaxt 30 yaşlı Bəxtiyar Məmmədov artıq Sov.İKP-nin XXII qurultayı adına Neft və Qazçıxarma İdarəsinin (keçmiş “Gürganneft”) rəisi idi. Bu vəzifəyə 1955-ci ildə təyin edilmişdi. Ərizəmi oxuyandan sonra məni çağırıb dedi ki, kəndinizə dəmir yolu çəkdirə bilmərəm, amma çalışaram ki, sənin də şəhərdə evin olsun.
O, sözünün üstündə durdu və mən 1959-cu ildə ailəmlə birlikdə Pirşağıdan şəhərə köçdüm.
Bir il sonra isə neft və qazçıxarma idarəsi rəisinin müavini - baş geoloq vəzifəsinə təyin edildim və beləliklə də bizim yollarımız Neft Daşlarında yenidən qoşalaşdı.
NQÇİ-nin rəisi kimi Bəxtiyar Məmmədov Neft Daşlarına sanki yeni nəfəs verdi. Burada onun xarakteri və rəhbərlik qabiliyyəti özünü daha geniş miqyasda göstərdi. Bəxtiyar müəllim kollektivi məharətlə böyük vəzifələrin həyata keçirilməsinə səfərbər edə bildi. Elə buna görə də onun təşkilatçılıq potensialına, təcrübəsinə hər yerdə ehtiyac duyulurdu.
1962-ci ildə B.Məmmədov artıq “Azneft” Birliyi rəisinin müavini - baş mühəndis vəzifəsində çalışmağa başladı. Növbəti, 1963-cü ilin avqust ayında Xəzərdə neft axtarışı və hasilatı işlərini sürətləndirmək məqsədilə müəssisəni bölüb “Başdənizneft” idarəsini yaratdılar. Bəxtiyar Məmmədov bu idarənin rəisi, Fuad Səmədov idarə rəisinin geologiya üzrə müavini təyin edildilər, mənə isə baş geoloqun müavini - şöbə rəisi vəzifəsi təklif edildi. Beləliklə, neftçi taleyi bizi yenidən bir “damın altına” yığdı.
1965-ci ilin noyabrında Bəxtiyar Məmmədov Azərbaycan SSR-in neft sənayesi naziri təyin edildi və bu vəzifədə 1970-ci ilin avqust ayınadək işlədi. 1970-ci ildə Azərbaycanda Neft Sənayesi Nazirliyi ləğv olundu. Keçmiş nazirliyin bazasında iki böyük birlik - “Azneft” və Ümumittifaq “Xəzərdənizneft” istehsalat birlikləri yaradıldı. SSRİ Neft Sənayesi Nazirliyi Xəzər dənizində cənubdan şimaladək, yəni, Həştərxandan başlamış İran sərhədinə - Astara-Həsənqulu xəttinədək olan ərazidə neftlə əlaqədar bütün işləri (kəşfiyyat, tikinti, istismar və s.) “Xəzərdənizneft” İstehsalat Birliyinə tapşırdı. Bəxtiyar Məmmədov bu birliyin rəisi təyin edildi. Həmin ilin mart ayında isə mən Ümumittifaq “Xəzərdənizneft” İstehsalat Birliyi rəisinin müavini - baş geoloq vəzifəsinə təyin olundum.
Azərbaycanın neft sənayesinin inkişafında yeni bir mərhələ başlanmışdı. Bu mərhələ 1969-cu ildən respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Xatırlatmaq istəyirəm ki, o vaxtadək Xəzər dənizində istifadə olunan texniki vəsait dənizin dərinliyi yalnız 40 metrə qədər olan sahələrdə işləməyə imkan verirdi. Həmin sahələrdə isə neft-qaz yataqlarının demək olar ki, hamısı aşkar edilmişdi. Bundan sonra dənizdə neft və qaz hasilatının artırılması daha böyük dərinliklərdəki yataqlarla bağlı idi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və səyi sayəsində keçən əsrin 70-80-ci illərində Azərbaycana 75 növdə 400-dən çox gəmi - ağır yük qaldıran kran gəmiləri, borudüzən, seysmik, sərnişin daşıyan və digər təyinatlı gəmilər gətirildi. Xəzərdə 2500 ton gücündə “Azərbaycan” kran gəmisi işə başladı. Bundan başqa, ilk vaxtlarda dənizin dərinliyi 70 metr olan sahələrdə geoloji-kəşfiyyat işləri üçün “Xəzər” tipli özüqalxan, sonralar isə dənizin dərinliyi 200 metr olan sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması Xəzərdə yeni zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yaratdı. Yeni kəşf olunmuş “8 Mart”, “Ələt-dəniz”, “Bulla-dəniz”, “Qərbi Abşeron” və s. yataqlar respublikanın neft ehtiyatlarını iki, qaz ehtiyatlarını isə üç dəfə artırdı. Bir qədər qabağa gedib qeyd etmək istəyirəm ki, artıq 1975-ci ildə neft və qazın ümumi hasilatı şərti yanacaqla 27,1 milyon tona çatdırıldı.
Bəxtiyar Məmmədov Ümumittifaq “Xəzərdənizneft” Birliyinə iki il rəhbərlik etdi və 1972-ci ildə “Bibiheybətneft” NQÇİ-nin rəisi təyin edildi. Daha sonra o, Nigeriyada kontrakt əsasında neft üzrə məsləhətçi rəhbər kimi fəaliyyət göstərdi. 1976-cı ildə Vətənə qayıtdıqdan sonra “Dənizneftqazlayihə” İnstitutu direktorunun elmi işlər üzrə müavini, “Bulla-dəniz” NQÇİ-nin rəisi, “Dənizneftqazlayihə” İnstitutunun elmi-tədqiqat və təcrübə işləri şöbəsinin rəisi vəzifələrində çalışdı.
Neft sənayesinin inkişafında böyük xidmətlərinə görə Bəxtiyar Məmmədov Sosialist Əməyi Qəhrəmanı adına, Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdü. Onun əməyi eləcə də yaşadığı dövrün yüksək mükafatları olan “Lenin”, “Oktyabr inqilabı”, “Qırmızı Əmək Bayrağı” ordenləri və bir sıra medallarla qiymətləndirilmişdi. Bəxtiyar Məmmədov Azərbaycanın və SSRİ-nin neft ustası, Azərbaycanın əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi idi. Dəfələrlə Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilmişdi.
“Azərbaycanda neftçilər bütün dövrlərdə böyük hörmətə malik adamlar olmuşlar, bu gün də belədir. Neftçi peşəsi çox şərəfli peşədir və neftçilər həmişə dövlət tərəfindən yüksək qiymətləndirilir və bundan sonra da belə olacaqdır”. Prezident İlham Əliyevin bu sözləri respublikamızda neft sənayesinin inkişafında böyük xidmətləri olmuş korifey neftçilərin, müasir dövrdə ümummilli lider Heydər Əliyevin neft və qaz strategiyasının uğurla həyata keçirilməsində yaxından iştirak edən insanların gördükləri əzəmətli işlərə və Bəxtiyar Məmmədov kimi mütəxəssislərin xatirəsinə dərin ehtiramının ifadəsidir.
...Deyirlər, daşıdığı adın insanın taleyinə böyük təsiri olur. Bu, nə dərəcədə doğrudur, deyə bilmərəm. Amma Bəxtiyar həqiqətən bəxtiyar neftçi idi və Azərbaycan neftçilərinin yeni-yeni nəsillərinin xatirəsində, neft sənayemizin tarixində yaşadığına görə ona bu gün də bəxtiyar deyərdim.


Xoşbəxt YUSİFZADƏ,
SOCAR-ın birinci vitse-prezidenti, AMEA-nın həqiqi üzvü