ADU-da Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin Ofisinin təqdimatı keçirildi -

ADU-da Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin Ofisinin təqdimatı keçirildi

Oktyabrın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin (GB) Ofisinin təqdimatı keçirildi.
Qonaqları iştirakçılara təqdim edən Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev tədbirdə YAP GB-nin gənclər arasındakı rolu və fəaliyyətindən söhbət açılacağını bildirdi. O, qarşılıqlı müzakirələr əsasında baş tutacaq tədbirdə gənclərin bir sıra mühüm məsələlərdən agah olacaqlarını diqqətə çatdırdı.
YAP Gənclər Birliyinin (GB) Nəsimi rayon təşkilatının sədri Elnur Rəhimov gənclərlə görüşlərin keçirilməsini yüksək qiymətləndirdiyini bildirdi. Bu görüşlərin bir çox gəncin gələcək həyatında və karyerasında böyük rol oynayacağına inandığını deyən E. Rəhimov hər bir gəncin karyerasının tələbəlik illərindən başladığını söylədi. Texnologiya və elmin inkişaf etdiyini bildirən təşkilatın sədri gənclərin bu inkişafla intellektual və sosial formada ayaqlaşmalı olduqlarını dedi. YAP Gənclər Birliyinin ofisinin gənclərin inkişafında hər cür dəstək və yardım göstərdiyini bildirdi.
ADU TGT-nin sədri Faiq Məmmədov YAP GB ofisinin gənclərin inkişafı yönündə çoxsaylı şərait yaratdığını bildirdi. ADU TGT və YAP GB-nin birlikdə bir çox layihələr həyata keçirəcəyindən və yeni-yeni uğurlara imza atacağına əminliyini ifadə etdi. O, tələbələrə YAP GB ofisinin yaradılan şəraitdən istifadə edərək fəal olmağı tövsiyyə etdi.
ADU YAP Gənclər Təşkilatının sədri Nərgiz Məmmədova Azərbaycanda gənclər siyasətinin inkişafı istiqamətində görülmüş işlərdən, sosial-iqtisadi, elmi-mədəni sahələrdə gənclərin irəliləməsi üçün yaradılmış şəraitdən danışdı. O, Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində gənclərin partiyada sayının günü-gündən daha da artdığını vurğuladı. N. Məmmədova Azərbaycan Dillər Universitetinin ölkə siyasətinə görkəmli insanlar bəxş etdiyini söylədi. O, gələcəyin görkəmli şəxsləri sırasında olmaaları üçün tələbələri sosial-siyasi sahədə aktivlik göstərməyə səslədi.
YAP GB-nin tarixi haqqında məlumat verən YAP GB-nin koordinatoru Ə. Qəmbərli Gənclər Birliyinin 1995-ci ildə yaradıldığını bildirdi. Tədbir iştirakçılarına ofisin hazırladığı YAP GB ofisinin fəaliyyəti haqqında videoçarx təqdim etdi. Gənclər Birliyinin fəaliyyəti haqqında danışan Ə. Qəmbərli Birliyin həyata keçirdiyi müxtəlif layihələrdən, dil kurslarının, həmçinin yay və qış məktəblərinin təşkilindən söz açdı. İqtisadi, sosial və mədəni məsələlərə həsr olunmuş tədbirlərin, görkəmli ictimai xadimlər, yazıçılarla görüşlərin keçirilməsindən danışan Ə. Qəmbərli tələbələrə layihə və ideyalarının həyata keçirilməsində Ofisin dəstək olacağını dilə gətirdi. Tələbələrə fəallıq göstərməklərini tövsiyyə edən Ə. Qəmbərli onları ofisin iş qrafiki ilə tanış etdi.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !