Azərbaycan Dillər Universitetində elmi-praktiki seminar keçirildi -

Azərbaycan Dillər Universitetində elmi-praktiki seminar keçirildi

ADU-da “Azərbaycan və Çinin yanacaq enerji kompleksi: tarix və əməkdaşlıq perspektivləri” adlı elmi-praktiki seminar keçirildi
Oktyabrın 27-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda “Enerji günü”nə həsr olunmuş “Azərbaycan və Çinin yanacaq enerji kompleksi: tarix və əməkdaşlıq perspektivləri” adlı elmi-praktiki seminar keçirildi.
Tədbirdə çıxış edən universitetin Çin dili və mədəniyyəti mərkəzinin direktoru, professor Rafiq Abbasov neftçıxarma və elektrik energetikası sahəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafının əsas mərhələləri haqqında məlumat verdi. O, Azərbaycan Prezidenti İlham Əliyevin Çinin neft şirkətlərinin rəhbərləri ilə görüşlərini və dövlət başçısının Pekində keçirilən biznes forumunda neft sektorunda iki ölkə arasında əməkdaşlığın perspektivləri barədə etdiyi çıxışını vurğuladı.
Azərbaycanda Çin Xalq Respublikasının (ÇXR) səfirliyinin İqtisadiyyat və Ticarət məsələləri üzrə məsləhətçisi cənab Yu Xunçi iqtisadiyyat və ticarət üzrə qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə rəhbərlik etdiyi şöbənin fəaliyyəti haqqında məlumat verdi.
Seminarda çıxış edən “SALYAN OIL LTD” neft şirkətinin nümayəndələri cənab Çen Tszitsian və Tariyel Yolçiyev, “Great Wall Drilling Company” neft şirkətinin nümayəndələri U Şen və Li Xaybo, o cümlədən “Petro-Hongkong–Pirsaat Oil Limited” neft şirkətinin nümayəndələri Tan Sini və Syao Dzyan Çinin kəşfiyyat qazmada iştirakı, Azərbaycanda onşor yataqlarının bərpası, onların kəşfiyyatı və işlənməsi haqqında söhbət açdılar.
Sonra Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi Zaur Əzizov neftçıxarma, neft məhsullarının ticarəti və onun daşınması sahəsində Azərbaycan-Çin əməkdaşlığının mövcud vəziyyəti, həmçinin perspektivləri haqqında danışdı.
Seminarda "Baltic Caspian Audit" şirkətinin maliyyə məsləhətçisi Həsən Quliyev neft sektorunda investisiya siyasətinin xüsusiyyətlərini qeyd etdi.
Azərbaycan Energetika Nazirliyinin Elektroenergetika şöbəsinin baş məsləhətçisi Şıxəli Əliquliyev Azərbaycanda beynəlxalq enerji əməkdaşlığından və elektroenerji sektorunda dövlət proqramlarının həyata keçirilməsindən söz açdı.
Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev rəhbərlik etdiyi fakültə haqqında ətraflı məlumat verdi və belə tədbirlərin keçirilməsinin vacibliyini vurğuladı.
Seminarda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin İqtisadiyyat və Ticarət şöbəsinin əməkdaşı Fen Tszyuan, "Azərişıq" Səhmdar Cəmiyyətinin nümayəndəsi Göyçək Salayeva, “Azərenerji” Səhmdar Cəmiyyətinin nümayəndəsi Ləman Həsənova, Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi Adil Abuşev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan Çinli tələbələr, həmçinin ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbələri də iştirak edirdilər.
Seminarın iştirakçıları tələbələrin çoxsaylı suallarını cavablandırdı.
Seminarda həmçinin Arzu Əliyevanın layihə rəhbəri olduğu və Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli filmi nümayiş olundu.
Sonda qonaqlara ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış Çin və Azərbaycan dillərində nəşr olunan Prezident İlham Əliyevin 2003-2013-cü illərdə Azərbaycan-Çin münasibətlərinin inkişafında verdiyi töhfələrdən bəhs edən “İlham Əliyev-iki qədim xalqların dostluğunun müasir davamçısı” adlı kitab hədiyyə edildi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !