Tanınmış mədəniyyət işçisi Adil Böyükağa oğlu Heydərovun anadan olmasının 7 0 illiyinə həsr olunmuş tədbir keçirildi - FOTO (AZpress.AZ - Masallı, Əlihüseyn Şükürov)

Tanınmış mədəniyyət işçisi Adil Böyükağa oğlu Heydərovun anadan olmasının 7 0 illiyinə həsr olunmuş tədbir keçirildi FOTO (AZpress.AZ - Masallı, Əlihüseyn Şükürov)

MASALLI. Rayon Ağsaqqallar klubunda tanınmış mədəniyyət işçisi Adil Böyükağa oğlu Heydərovun anadan olmasının 7 0 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan rayon Ağsaqqallar Şurası sədrinin müavini, dövlət qulluğu veteranı Ələşrəf Niftiyev nəzərə çatdırdı ki, məhz bu gün, oktyabrın 15 - də Həsənlidə anadan olan Adilin yetmiş yaşı bu gün tamam olur. Onun yubileyi yüksək səviyyədə qeyd olunur. Uşaqlığının ilk vaxtları Böyük Vətən Müharibəsinə düşən, əzab-əziyyətin, çətinliyin dadını lap erkən dadan Adil elə o zamandan ailə qayğısı çəkməyə məcbur olub. Kənddə, Bakıda axşam məktəbini, peşə məktəbini, texnikum və universiteti qurtarıb. Sonra ordu sırasında xidmət edib. Ailəyə kömək etmək məqsədiylə Bakıda qalmayıb, doğma kəndinə qayıdıb. Kənd klubunda çalışıb, öz işini yaxşı bacardığına görə qısa vaxt kəsimində rayon mərkəzi kitabxanasına, sonra mədəniyyət şöbəsinə vəzifəyə keçiriblər və indiyə kimi taleyi bura bağlıdır. Adil müəllim fəal həyat mövqeyi qurub, böyük ailənin, bir köçün sahibi olub. Ə.Niftiyev sonra 1 noyabr Milli Məclisə seçkilərə hazırlıq, rayonda və onun ucqar kəndlərində gedən geniş sosial - inkişaf, quruculuq işini, bu sahədə ölkə rəhbəri cənab İlham Əliyevin və Masallı RİH başçısı cənab Rafil Hüseynovun diqqət və qayğısını göz önündə canlandırdı. Yubilyarın mədəniyyət sahəsindəki cəfakeşliyindən danışıb qeyd etdi ki, biz Adil müəllimlə birlkdə, Qarabaq müharibəsinin çətin vaxtında döyüş bölgələrində keçirilən mədəni - kütləvi tədbirlərdə, konsertlərdə birlikdə iştirak etmişik.
RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev Adil müəllimi rayonun rəhbəri cənab R. Hüseynovun adından təbrik etdi, 70 illiyiylə bağlı, mədəniyyət sahəsindəki xidmətinə görə Fəxri Fərmanı təqdim etdi, cansağlığı və uzun ömür arzu elədi. Dedi ki, həmişə şux görünsün.
Prezident təqaüdçüsü Məmmədhüseyn Həsənov və yubilyara şeir həsr etmiş 82 yaşlı şair Hacı Dadaş Məmmədov Adilin uzun müddət mədəniyyət sahəsindəki işindən söz açdılar, uğurlar dilədilər. Adilin kəndindən olan ziyalı, indi dünyasını dəyişmiş Hüseynbala Əhədov və Rövşən Hüseynovu xatıırladılar.
Həsənli kənd ərazi nümayəndəsi Yusif Hüseynov dedi ki, həmişə Adil Heydərovun ətrafına yığışmışıq. Onunla əvvəldən yaxşı münasibətdə olmuşuq. Kənddə hörməti var, rayonda da uzun illərdir işləyir. Səmimiyyət, hörmət qazanıb. Mübariz insan kimi heç kimə əyilməyib. Həmkəndlimin əməlləriylə fəxr edirəm. Yusif müəllim vurğuladı ki, çox sevinirəm, belə bir ziyalı məhz bizim elin ağsaqqalı, övladıdır. O və bə kəndin bələdiyyə sədri yubilyara hədiyyə verdi.
Ziyalı cəmiyyətdə həmişə önəmlı olub. Vətəndaş cəmiyyətində də sözü qüvvəlidir. Bunu dilə gətirən Ziyalılar cəmiyyətinin sədri Qardaş Fətullayev Adillə bağlı işlədiyi vaxtdan danışdı."70 ahıl yaş hesab olunur. Amma, o, yenə də fəaliyyət göstərir. İnsan ki, öz xidmətini, təhsilini dəyərləndirdi o, yaşlı deyil. Adil çox müqəddəs bir işlə məşğul olub ömrü boyu. O, elmin sandığını gəzdirəndir. Həmişə kitabla işləyir. İnsanlar kitaba borcludur. İnsana bəzən ən yaxın dost kitab olur. Bu kitab adamını 70-ci illərin əvvəlindən tanıyıram. Ürəyimdə yeri qalan Hüseynbala müəllim Adilin qohumuydu.Onu əsl ziyalı kimi tanımışam. 46 ildir Adil yoldadır, rayondan Həsənliyə gedir - gəlir - yayda da, qışda da. İndi də belədir. Böyük, şərəfli adamdır. Fədakar ziyalı kimi hökmən deyildir şair, yazıçı olasan kitab çap etdirəsən. Adil kimi kitabçı olmaq şərəflidir. İnsanın əməli öz əlindədir, ömür yaradanındır".
Qardaş müəllim cəmiyyətin Fəxri fərmanını A.Heydərova təqdim etdi.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov sözünə Adil müəllimlə birgə işlədiyi 20 ildən yuxarı olan zaman kəsiyindən başladı. Bildirdi ki, fədakar adamdır. Bu gün mənim qardaşım və müəllimimin ömrünün təhlilidir. O, sadə bir adamdır. Bunu yoldaşlıqda görmüşəm və seçmişəm. 40 il bundan qabaq gördüyüm Adildir. Ailə həyatı çox keşməkeşli olub, sarsıntılar keçirib, mətin olub, bizlərə nümunə göstərib. Xeyir - şərdə, ağır günlərdə bir ailə olmuşuq. Miryəhya Bədirov 70 yaşlı mədəniyyətçini balalarının gözündə çıraq olmağı arzuladı və dedi ki, həyatda Adil ol, Adil kimi ol!
Mərasimdə "Tərəqqi" medallı ziyalı Əyyub Mehdiyev çıxışında dahi Məmməd Arazın müsahibəsində dediyi sözləri yada saldı: "O kəs qorxuludur ki, dili ilə ürəyi vəhdət təşkil etmir." Əyyub müəllim ona müraciətlə dedi ki, Adil, bircə bu bəs edir ki, sənin ürəyinlə dilin birdir. Ürəyində dərd gəzdirəndə gözlərində şənlik olub... Yaşlı adamın dəyintisi çox olur. Həmişə sağlam olasan Adil müəllim...
İctimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon Veteranlar şurasının sədri Məmmədağa Şiriyev, kitabxanaçı Ələddin Nəzərov, aktyor Cəmaləddin Əliyev, müğənni Miriş İbayev, təqaüdçü Tofiq Həsənov, Seybətin məktəbinin direktoru Elman Nəzərov və başqaları çıxış edərək 70 illiyini qeyd etmiş A.Heydərovu cəmiyyətdə seçilən insan, sədaqətli dost, fədakar ziyalı, yüksək təfəkkürə malik, milli, çağdaş ruhlu mədəniyyət işçisi kimi xarakterizə etdilər, yubilyara cansağlığı, gələcək işində uğurlar diləndi, Fəxri fərmanlar, hədiyyələr təqdim olundu.
Axırda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edən yubilyar ona verilən bu böyük qiymətə görə ölkə başçısına və rayon rəhbərinə minnətdarlığını bildirdi. Danışdı ki, ikinci dəfə həyat verilsəydi yenə də mədəniyyət sahəsində işləyərdim. Amma, həyat bir dəfə verilir insana, iki dəfə yox! Onu da gərək şərəflə başa vurasan...
Əlihüseyn ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !