Fransanın Bordo Universitetinin nümayəndə heyəti ADU tələbələri ilə görüşdü -

Fransanın Bordo Universitetinin nümayəndə heyəti ADU tələbələri ilə görüşdü

Oktyabrın 14-də Azərbaycan Dillər Universitetində (ADU) Fransanın Bordo Universitetinin nümayəndə heyətinin ADU tələbələri ilə görüşü keçirildi.
Tədbirdə açılış nitqi ilə çıxış edən universitetin Pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin dekanı, dosent Vəfa Babayeva qonaqları tələbələrə təqdim edərək, onları ADU-da görməkdən şad olduğunu bildirdi. İki gün bundan əvvəl Azərbaycan Dillər Universiteti ilə Fransanın Bordo Universiteti arasında müqavilə imzalandığını bildirən dekan Vəfa Babayeva bu müqavilənin tələbələrə geniş imkanlar yaradacağını və tələbələrin bundan faydalı şəkildə istifadə edəcəklərinə ümid etdiyini qeyd etdi.
Bordo Universitetinin rektoru Jan Pol Jordan tələbələri salamlayaraq, Bakıda, həmçinin Azərbaycan Dillər Universtitetində olmaqdan məmnunluğunu dilə gətirdi. O, Azərbaycanın aktiv inkişaf edən ölkələrin sırasında olduğunu vurğuladı və Fransanın Azərbaycanla iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq etdiyini sözlərinə əlavə etdi. Frankafoniyanın inkişafında Fransanın aparıcı rolu olduğunu deyən rektor iki il öncə Fransa hökuməti tərəfindən ölkəsində ingilis və fransız dillərində kurslar təşkil olunduğunu vurğuladı. O, bu kursların Fransada təhsil alan xarici tələbələr üçün yararlı olduğunu söylədi.
Sonra Jan Pol Jordan ADU tələbələrinə təmsil etdiyi universitet haqqında ümümi məlumat verdi. Rektor iki gün öncə Dillər Universiteti ilə Bordo Universiteti arasında imzalanan müqavilədə tədris sahəsində akademik əməkdaşlıq, birgə tədqiqat proqramlarını inkişaf etdirmək, ikitərəfli konfrans və görüşlər keçirmək, müəllim-tələbə mübadiləsini reallaşdırmaq və digər məsələlərin nəzərdə tutulduğunu bildirdi. O cümlədən müqavilədə tələbələr üçün geniş imkan yaradıldığını və bundan sonra da səmərəli əməkdaşlığa ümid etdiyini sözlərinə əlavə etdi.
Fransanın Bordo Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Ana Mariya Binet öz növbəsində tolerantlıq və ölkəni tanıtmaq məqsədi ilə təyin olunmuş mübadilə proqramlarının vacib olduğunu bildirdi. O, Azərbaycan tələbələrini Bordo Universitetində görməkdən məmnun olacağını söylədi.
Daha sonra Beynəlxalq Əməkdaşlıq ofisinin rəhbəri İrina Simion Fransanın Bordo Universiteti haqqında təqdimatla çıxış etdi. Təqdimatda sözü gedən universitetin akademik strukturu, fakültələrinin sayı, mübadilə proqramları, tələbələrə dəstək, xarici tələbələrin qəbulu və tələbələr üçün ayrılmış kampus haqqında geniş məlumat verdi.
Filologiya və Jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova Fransanın Bordo Universitetinin nümayəndə heyətini ADU-da görməkdən şad olduğunu bildirdi və onları yenidən universitetdə görəcəyinə ümid etdiyini qeyd etdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !