Masallı rayonunun Banbaşı kəndində səyyar qəbul - Təkliflər diqqətsiz qalmır - FOTO (AZpress.AZ - Masallı, Əlihüseyn Şükürov)

Masallı rayonunun Banbaşı kəndində səyyar qəbul - Təkliflər diqqətsiz qalmır FOTO (AZpress.AZ - Masallı, Əlihüseyn Şükürov)

AZpress.AZ - Masallıdan xəbər verir ki, Banbaşı ərazi nümayəndəliyində keçirilən qəbula adəti üzrə xeyli adam gəlmişdi. Görüşdə nümayəndəliyin əhatə etdiyi Banbaşı, Binə Xocavar və Böyük Xocavarın sakinləri iştirak edirdi. Onları salamlayan Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov bildirdi ki, bu görüşlərdə qaldırılan hər bir məsələyə diqqət göstərilir, problemlərə həssaslıqla yanaşılır. RİH başçısı qeyd etdi ki, ötən ilki görüşümüzdə qaldırılan məsələlər tədricən aradan qaldırılır.

Kənd ağsaqqallar şurasının sədri Əli Əhmədov diqqətə çatdırdı ki, qaz borcumuz silinməyib. Qaz istismar sahəsinin nümayəndəsi bu barədə açıqlama verdi.

Böyük Xocavar məktəbinin direktoru Abusət Zeynalov fərəhlə bildirdi ki, 5 məzun bu il ali məktəbə daxil olub. Bir məzunumuz amerika-ingilisşünaslıq fakültəsində oxuyacaq. Hörmətli başçı, məktəbimiz köhnədir, istərdik ki, təzə bina tikilsin.

Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov dedi ki, bu barədə dövlətin proqramı var. 53 məktəb və uşaq bağçasının tikintisi plandadır. Siyahıda sizin məktəb də var. Hal-hazırda 4 məktəb tikilir. Bu iş davamlı xarakter almışdır. Yüksək balla ali məktəblərə qəbul olunanlar mükafatlandırılır, ən yaxşılara RİH-in və təhsil işçiləri həmkarlar ittifaqı rayon komitəsinin pul mükafatı verilir və s.

Rayonun rəhbəri onu da açıqladı ki, məktəbinizin nailiyyəti var. Davamiyyət də yaxşıdır.

Röyal Həmidovu iştirakçılara xatırladan Rafil müəllim bildirdi ki, o, 47-ci Bakı Beynəlxalq Kimya Olimpiadasına vəsiqə almışdı. Mart ayında Röyal Həmidovu, fənn müəllimi, məktəbin direktorunu icra hakimiyyətinə dəvət etmişdim. Belə mötəbər yarışa qatılmaq üçün Azərbaycanın 215 məktəblisindən yalnız 13-ü dünya turuna vəsiqə qazanıb ki, biri də Masallıdandır. Bu hadisə rayonumuz, məktəbiniz, Masallı təhsili üçün çox fərəhli haldır.

Böyük Xocavar kənd tam orta məktəbinin müəllimi Ehtiram Əlizadə:

–Evim Alvadı ilə Xocavar arasındakı kanalın kənarındadır. Kanal dolduğundan sel-su həyətimə keçir.

Məsələyə aydınlıq gətirildi, bu işlə bağlı müvafiq tapşırıq verildi.

Kənd sakiini Nadir Adıgözəlov istefada olan hərbiçi oğluna həyətyanı torpaq sahəsi ala bilməməsi, Əhmədağa Ağayev poçt binasının tikilməsi, veteran hərbiçi Zaman Fətullayev, sakinlərdən Rais Teymurov və Nuran Musayev Binə Xocavar və Masallı–Göytəpə yolunun təmir edilməsini gündəmə gətirdilər. Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov ərazi nümayəndəliyinə və kənd bələdiyyəsinə fəal olmağı tövsiyə etdi.

Rayon rəhbəri həmişəki kimi söhbəti azyaşlı qızların erkən nikahına gətirdi. Valideynlərdən xahiş etdi ki, uşağa zülm etməsinlər: talasemiya xəstələyinə görə Masallı birinci yerdədir və bu gələcək nəslin faciəsidir. Belə xəstə olanlar 20 il yaşayır, bəs sonra? Millətin genefondu məhvə gedir. Buranın camaatı tanınan adamlardır. Ayıq olun! Azyaşlıların nikahı faciədir. İkinci, üçüncü nəsildə öz bəlasını göstərir.

 

 

AZpress.AZ - Masallı,
Müxbir Əlihüseyn ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !