Bölgələrdən paytaxta layihəsi çərçivəsində rayonun zəngin mədəniyyəti, adət-ənənələri, turizm imkanları nümayiş olundu - FOTO

“Bölgələrdən paytaxta” layihəsi çərçivəsində rayonun zəngin mədəniyyəti, adət-ənənələri, turizm imkanları nümayiş olundu FOTO

Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsi uğurla həyata keçirilir. Layihənin məqsədi Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini, regionların incəsənətini, adət-ənənələrini, mətbəx nümunələrini, sosial-iqtisadi inkişafını, el sənətkarlığını nümayiş etdirmək, turizm potensialını təbliğ etməkdən ibarətdir.
Layihə çərçivəsində bu günədək Masallı, Qəbələ, Quba, İsmayıllı, Gədəbəy rayonlarının və Şəki şəhərinin Bakıda təqdimatı gerçəkləşib.
Sentyabrın 21-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Şəmkir rayonunun təqdimatı keçirildi. Tədbirdə rayonun tarixi, mədəniyyəti, müasir zənginlikləri və adət-ənənələrini əks etdirən dekorativ-tətbiqi sənət nümunələri, bölgənin turizm imkanları nümayiş olunurdu.
Mərasindən öncə qonaqlar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının həyətində və foyesində qurulmuş stendlərdə Şəmkir rayonunun tarixini, zəngin mədəniyyətini, sosial-iqtisadi inkişafını, adət-ənənələrini, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə tanış oldular. Eyni zamanda stendlərdə rayonda istehsal olunan ərzaq məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, rayon haqqında kitablar, rəsm əsərləri sərgilənirdi.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev stendlərlə tanış oldu. Nümayiş olunan məhsullar barədə nazirə ətraflı məlumat verildi.
Tədbir daha sonra Akademik Milli Dram Teatrının tamaşa zalında davam etdi. Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, son illər Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərib. Ölkə Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına təkan verən dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib və tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülür.
Nazir vurğuladı ki, bugünkü tədbir "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində təşkil edilən yeddinci təqdimatdır: "Hər dəfə yeni bölgəmizin Bakıda təqdimatını keçirəndə ölkəmizin nə qədər zənginliyə və müxtəlifliyə malik olduğunu əyani görürük. Şəmkir rayonu da Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və milli mənəvi dəyərlərin qorunub inkişaf etdirildiyi bölgələrindən biridir".
Əbülfəs Qarayev rayonun böyük turizm potensialının olduğunu və bu sahənin inkişafı üçün addımlar atıldığını qeyd etdi: "Şəmkir rayonu da öz füsünkar təbiəti, tarixi abidələri ilə insanı cəlb edir. Ölkəmizin bütün bölgələri kimi, bu rayonun da böyük turizm potensialı var. Burada yaşayan əhalinin qonaqpərvərliyi, milli adət-ənənələrin qorunub saxlanılması, milli mətbəxi də turizmin inkişafına öz müsbət təsirini göstərir".
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqları rayon ictimaiyyəti adından salamladı. Şəmkirin sosial-iqtisadi inkişafı üçün Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamları qeyd etdi. Vurğulandı ki, son illər bölgənin inkişafı istiqamətində əhəmiyyətli proqramlar, yeni layihələr icra olunur. Həmçinin rayonda turizmin inkişafı üçün əlverişli şərait var. A.Məmmədov tədbirin əhəmiyyətindən söz açaraq bildirdi ki, belə təqdimatlar hər bir regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada təbliğ və nümayiş etdirməyə imkan verir. Sonra qarşılıqlı hədiyyələr təqdim olundu.
Daha sonra tədbir iştirakçılarına Şəmkirin müasir inkişafını, mədəni və tarixi zənginliyini əks etdirən "Hər daşı sevgi nəğməsi oxuyan şəhər" adlı videoçarx nümayiş olundu.
Mərasim rayonun incəsənət ustalarının konsert proqramı ilə davam etdi. "Şəms" vokal instrumental ansamblının ifasında "Şəmkir", Şəmkir aşıqları - Əhliman Allahverdiyev, İlqar Xudiyev, Elbrus Hüseynov və "Oksford" məktəbinin rəqs ansamblının çıxışları maraqla qarşılandı. Müğənnilərdən Urfan Cəfərov "Azərbaycan", Cavanşir Bayramov "Sarı gəlin", Sərkər Əliyev "Ruhani", Xəyal Qasımov "Gülüm" mahnılarını ifa etdilər.
Qeyd edək ki, "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində Lənkəran və Gəncə şəhərlərinin və Abşeron rayonunun paytaxtda təqdimatlarının keçirilməsi nəzərdə tutulur. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !