Tələbə adını qazanan bərdəli məzunlarla rayon ictimaiyyətinin görüşü keçirilib - FOTO (AZpress.AZ - Qarabağ, Elgün Gəncimsoy)

Tələbə adını qazanan bərdəli məzunlarla rayon ictimaiyyətinin görüşü keçirilib FOTO (AZpress.AZ - Qarabağ, Elgün Gəncimsoy)

Bu il respublikanın ali məktəblərinə daxil olan bərdəli gənclərlə rayonun mədəniyyət evində görüş keçirilib.
Tədbirdə çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, son illərdə bu sahədə əldə edilən uğurlardan danışıblar.
Məlumat verilib ki, 2014-2015-ci tədris ilinin məzunlarından 663 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 383 nəfəri ali məktəblərə qəbul olub. 80 nəfər məzun 500 baldan yüksək, o cümlədən, 32 nəfər 600-dən yuxarı bal toplayıb. Rayonun ümumtəhsil məktəbləri arasında ən yüksək nəticəni akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-lisey göstərib. Bu təhsil ocağının 98 məzununun 83 nəfəri ali məktəbə qəbul üçün sənəd verib, 73 nəfər tələbə adını qazanıb. Onlardan 14 nəfəri 600-dən, 6 nəfəri 500-dən çox bal toplayıb. Məktəb-liseyin məzunu Arzu Həsənli imtahanlarda 700 bal toplayaraq, rayon üzrə ən yüksək nəticə göstərib.

Ali məktəblərə qəbul imtahanlarında iştirak edən 132 məzun keçid balı toplayaraq orta ixtisas məktəblərinə qəbul olub.

Tədbirdə çıxış edən gənclər görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, onlar üçün yaradılan şəraitdən lazımınca yararlanaraq, ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Sonda yüksək bal toplayan gənclərə qiymətli hədiyyələr verilib.

Tədbir rayonun incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam etdirilib.

 

Elgün Gəncimsoy – Bərdə 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !