Mingəçevirdə Ön səngərdən gələn var adlı tədbir keçirilib -

Mingəçevirdə “Ön səngərdən gələn var” adlı tədbir keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Mingəçevir şəhər icra haki-miyyətinin birgə təşkilatçılığı ilə “Ön səngərdən gələn var” adlı tədbir keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri qoyulub, Şəhidlər Xiyabanı ziyarət edilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbiri Mingəçevir şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov açaraq bildirib ki, son vaxtlar Ermənistan silahlı bölmələri gündə bir neçə dəfə atəşkəs rejimini pozaraq mövqelərimizi intensiv atəşə tuturlar. Buna baxmayaraq, düşmən cavab atəşləri ilə susdurulur, kəşfiyyat-təxribat qruplarının qarşısı mərdliklə alınır. Düşmənin bir neçə pilotsuz uçan aparatının və təxribat uçuşları edən helikopterinin məhv edilməsi xəbəri bütün xalqımız kimi mingəçevirlilərin də sevincinə səbəb olub. Xalq öz ordusuna inanır və ona güvənir. Hazırda Silahlı Qüvvələrin qoşun növlərində, eləcə də cəbhə bölgələrindəki hərbi hissələrdə xidmət edən mingəçevirlilərin sayı yetərincədir. İldən-ilə xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan mingəçevirli gənclərin sayı daha da çoxalır. Həqiqi hərbi xidmətini başa vurmuş onlarla gəncimiz yenidən könüllü olaraq orduya qayıdıb və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirməkdədir.
Müdafiə Nazirliyinin Mətbuat xidməti hər gün cəbhə bölgələrindəki vəziyyət barədə rəsmi məlumatlar yaysa da, bir neçə gün öncə şəhərimizin ictimaiyyəti ön səngərdən gələn hərbi qulluqçuların çıxışlarını dinləmək, cəbhədəki vəziyyət haqqında onlardan ətraflı məlumat almaq arzusunda olduqlarını bildirmişdilər. Odur ki, Müdafiə Nazirliyinin rəhbərliyi xahişimizi nəzərə alaraq öz əməkdaşlarını və cəbhə bölgələrindən bir neçə hərbi qulluqçunu Mingəçevir şəhərinə ezam etmişdir.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani son günlər ərzində bir çox cəbhəboyu rayonlarda yerli əhali və Vətən müdafiəçiləri ilə görüşlərindən bəhs edərək bildirib ki, bu gün döyüşçülərimiz ön səngərdə ayıq-sayıqdırlar, xalqımızın ordumuza daim dayaq olmasından, Azərbaycan əsgərinin qayğı və problemləri ilə yaşamasından, onların uğur və nailiyyətlərindən fərəhləndiklərindən böyük qürur duyurlar. Güllə, mərmi səslərinə öyrənmiş yerli əhali isə döyüşçülərimizin iradə və mətinliyinə arxalanaraq, dədə-baba ocaqlarını tərk etmək fikrində deyil, əksinə, qurub-yaradır, əkib-becərir, işğal altında olan torpaqlarımızın da tezliklə azad olunacağına inanırlar.
Bir neçə gün öncə təxribat xarakterli uçuşlar edən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparatı məhv edən əsgər İlkin Əliquliyevin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. O, deyib ki, həqiqi hərbi xidmətini başa vurmasına bir ay qalıb. Ancaq, ordudan ayrılmaq niyyətində deyil. Tərxis olunduqdan sonra da, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirəcək və müqəddəs bayrağımızı Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər əzəli torpaqlarımızda dalğalandırmayınca silahını əlindən yerə qoymayacaqdır.
Zabit Eldəniz Gözəlov mingəçevirli gənclərin də ön səngərdə Vətən qarşısında əsgəri borclarını şərəf və vicdanla yerinə yetirdiklərindən danışaraq onların valideynlərinə komandanlığın təşəkkürünü çatdırıb.
Özüyeriyən artilleriya qurğusunun sürücü-mexaniki Fərman Fərmanzadə Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovla qohumluq əlaqələrindən, əmisi oğlunun Qarabağ uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucaldığından bəhs edib. O, fəxrlə bildirib ki, əsgərliyini çoxdan başa vursa da, bu gün yenə də ordu sıralarındadır. O döyüşçü dostları ilə birlikdə tezliklə xalqımızı Qarabağdan gətirəcəkləri qələbə müjdəsi ilə sevindirəcəklər.
Ön səngərdə xidməti borcunu yerinə yetirərkən şəhid olmuş əsgər Ağayev Fərid Rüfət oğlunun Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ailəsinə təqdim edilib. Şəhidin anası Gülmira xanım göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Ananın dediyi “Oğul düşmən çəpəridir, təki Vətən sağ olsun!” kəlmələri alqışlarla qarşılanıb.
Ön səngərdən gələn gənc əsgər Məmmədov Yalçın Yolçu oğlunun şəhid anasına müraciətlə söylədiyi “Mən Şəmkir rayonundanam. Atam Ağdərə uğrunda şəhid olandan iki ay sonra dünyaya gəlmişəm. Mən üzünü görmədiyim şəhid atamla fəxr etdiyim kimi, siz də şəhid oğlunuzla fəxr edin, əziz ana!” sözləri tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.
“Ön səngərdən gələn var” adlı tədbir Müdafiə Nazirliyi Sənədli və Tədris filmləri kinostudiyasının istehsalı olan “Güclü dövlətin güclü ordusu” sənədli filminin nümayişi ilə başa çatıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !