Xaricdəki aktiv gənclərimiz Bakıda toplaşıblar -

Xaricdəki aktiv gənclərimiz Bakıda toplaşıblar

Xaricdəki gənclərimiz Bakıda toplaşıblar Diaspor Jurnalistləri Birliyi (DJB) ilə Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansı (Azerbaijan İnternational Youth Alliance) xaricdəki gənclərin Bakıda görüşünü təşkil edib. Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın inzibati binasında keçirilən dəyirmi masada xaricdə yaşayan və təhsil alan gənclər, QHT və KİV nümayəndələri iştirak ediblər. Öncə tədbir iştirakçıları ötən həftə Şimali Kiprdə yol qəzasında dünyasını dəyişən azərbaycanlı tələbə Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Sonra tədbiri Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə açaraq xaricdəki gənclərimizin artıq yeni bir gücə çevrildiyini qeyd edib: “Amma hər halda gənclərin Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi və onların istiqamətləndirilməsi üçün hər hansı bir təşkilata zərurət yaranır. Belə gənclər gərək bir çatı altına yığıla. Çünki həmin gənclər Azərbaycanın xaricdəki düşünən beyni, ictimai-siyasi, elmi potensialıdır. Məhz buna görədir ki, onlar Vətən məsuliyyətlərini dərk edir və baş verən proseslərdən kənarda qalmaq istəmirlər”.
Binəqədi RİH-in İctimai -siyasi humanitar şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva isə Rayon İcra Hakimiyyəti başçısının salamını tədbir iştirakçılarına çatdırıb. O, qeyd edib ki, Binəqədi rayonundan xaricdə təhsil alan tələbələrlə, onların ailələri ilə mütəmadi görüşlər keçirilir, köməklik göstərilir.
Azərbaycan- Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Ukrayna Nümayəndəliyinin rəhbəri Xəzri Elxanoğlu deyib ki, xaricdəki gənclər şəbəkə şəklində fəaliyyət göstərməlidirlər: “Fəaliyyətimiz sistemli olsa güclü lobbi yarada bilərik. Xaricdəki gənclərimizə daha düzgün və planlı şəkildə istiqamət verilsə, onlar yüksək səviyyədə Azərbaycanın xeyrinə işlər görərlər”.
Strateji Araşdırmalar İnstitutunun sədri, politoloq Ramiz Alıyev xaricdəki gənclərin lobbiçilik işinə cəlb olunmasının vacibliyini bildirib: “Bizim məqsədimiz beynəlxalq əlaqələrdən də istifadə edib daha geniş formada ölkəmizi tanıtmaq və dünyada güclü mövqeyə malik olan siyasi mərkəzlərlə əməkdaşlıq etməkdir. Bu işdə xaricdəki savadlı və intellektual səviyyəli gənclərimizin bilik və bacarığından maksimum yararlanacağıq”.
DJB-nin İdarə heyətinin üzvü, ictimai fəal Vüqar Nuriyev bildirib ki, xaricdəki gənclərimizin səyləri birləşdirilərək mərkəzləşmiş qaydada koordinasiya olunsa, daha məhsuldar nəticələr əldə etmək olar: “Gənclər dövlətçiliyimizin ətrafında sıx birləşir və bu amalda daim istənilən peşədən asılı olmayaraq hazırdırlar. Azərbaycan cəmiyyətinin informasiya mühitində fəallığı birbaşa ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Bu nüfuzun qorunması, yüksəlişi naminə bütün səy və bacarıqları, şəxsi təşəbbüsləri birləşdirməliyik”.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın iştirakçısı, “Connect” şirkətinin Mətbuat katibi Əlimərdan Sultanovsa bildirib ki, xaricdəki tələbələr diaspor və səfirliklər, eləcə də media ilə sıx işləməlidir: “Tələbələrimiz yaşadıqları ölkələrin dilini öyrənməlidir. Daha sonra yerli dildə saytlar açmalıdırlar”.
Türkiyənin Balıkesir Universitetinin tələbəsi Mirkamil Kazımova görə xaricdəki tələbələr neqativ yollara getməməsi üçün daimi nəzarətdə saxlanılmalıdır.
DJB-nin İdarə heyətinin üzvü Siyavuş Əmirli də deyib ki, xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin fəaliyyətlərinin bir çox hallarda dağınıq olduğu üçün onları Azərbaycandan koordinasiya edən hər hansı təşkilata ehtiyac duyulur. Beykent Universitetinin magistri, Dünya Azərbaycanlıları Konqresinin Gənclər təşkilatının Türkiyə təmsilçisi Ərtoğrul Cahandara görə xaricdəki gənclərimiz birlik və bərabərliklərini qorumalıdırlar. Ə.Cahandar Azərbaycan həqiqətlərinin Türkiyə mediasına çatdırılması üçün bir neçə layihə keçirməyi qərara aldığını bildirib və yeni yaradılan AİYA-nın fəaliyyətinə uğurlar arzu edib.
Kolumbiya Universitetinin magistri Mehriban Nəsib xaricdəki gənclərin yaşadıqları ölkələrin orta məktəblərilə işləmələrinin vacibliyini vurğulayıb.
Sankt-Peterburqdakı Azərbaycan Gənclər İttifaqının sədr müavini Zülfüqar İsmayılov isə təbliğati layihələr üçün maliyyə tapmağın bir yolunun reklam olduğunu deyib: “Yəni öz layihəni həyata keçirərkən əvvəlcədən danışılmış hər hansı təşkilatı reklam edirsən. Bunun müqabilində də həmin təşkilat layihəyə maliyyə ayırır”.
Doğu Akdeniz Universitetinin tələbəsi, DJB-nin Şimali Kipr üzrə təmsilçisi Rəşad Bədirli isə deyib ki, xaricdəki gənclərin ictimai fəaliyyətinin Azərbaycandan istiqamətləndirilməsi vacibdir.
Dəyirmi masada Azərbaycan diasporunun digər fəallarından da bir çox təkliflər səsləndirilib. Təklif olunub ki, xaricdəki gənclər yaşadıqları ölkələrin KİV-ləri ilə işləməli, həmrəy olmalı, qrant müsabiqələrində iştirak etməli, xaricdəki iş adamlarını bu işə cəlb etməli, əhəmiyyətli tədbirlərin onlayn yayımı olmalı, xarici ölkələrdə Azərbaycanı tanıtmaq üçün maşın turnesi keçirməlidirlər. Həmçinin xaricdəki tələbələrimizə dilimzi tanıtmaq, diaspor təşkilatları ilə sıx əməkdaşlıq etmək, diaspor fəaliyyətini təkcə Avropada deyil, Asiya ölkələrində də aparmaq, xaricdə həyata keçirilən tədbirlər və icra olunan layihələrə daha çox əcnəbi cəlb etmək, yerli və ya beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, xaricdə tez-tez Azərbaycan günləri keçirmək tövsiyə olunub. Bildirilib ki, xarici ölkələrlə yaradılan Media Forumları xaricdə oxuyan və ya çalışan həmvətənlərimizi bir ideya ətrafında toplaya bilər.

Tədbirdə gənclər növbəti aylarda keçirəcəkləri bir sıra layihələrin də müzakirəsini aparıblar.

Qeyd edək ki, dəyirmi masada səsləndirilən təkliflər aidiyyəti dövlət və qeyri-hökumət təşkilatlarına göndəriləcək.

 

DJB-nin Mətbuat xidməti
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !