İstedadlı Əlillər İctimai Birliyi tərəfindən Gəncədə əlilliyi olan istedadlı insanların əl işlərinin sərgisi və satışı təşkil edilib. -

“İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən Gəncədə əlilliyi olan istedadlı insanların əl işlərinin sərgisi və satışı təşkil edilib.

 

“İstedadlı Əlillər” IB-nin mətbuat xidmətinin rəhbəri Fuad Rəsulun verdiyi məlumata əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Gəncə şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Fiziki məhdud istedadlı insanların cəmiyyətə inteqrasiyasına dəstək” adlı layihəsi çərçivəsində “İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən Gəncədə əlilliyi olan istedadlı insanların əl işlərinin sərgisi və satışı təşkil edilib.

İctimai Birliyin sədri Cavad Qasımov sərgini açıq elan edib, sərgi haqqında ətraflı məlumat verib: “Satış-sərgilər təşkil etməkdə məqsəd əlilliyi olan istedadlı insanların bacarıqlarını nümayiş etdirmək, müəllifləri tanıtmaq, gələcək fəaliyyətlərinə dəstək olmaq, onlara stimulverici şərait yaratmaq, maddi təminatlarının yaxşılaşmasına dəstək olmaqdır”.

QHT sədri bildirib ki, idarə heyətinin qərarına əsasən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Bizim Dostumuz” mükafatına layiq görülüb. İcra başçısı əlillərə göstərdiyi diqqət və qayğıya görə, həmçinin onlarla bağlı keçirilən tədbirlərə dəstək olduğu üçün mükafatlandırılıb.

Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Samirə Həsənova Elmar Vəliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb, “İstedadlı Əlillər” İctimai Birliyinin Gəncə Regional bölməsinə fəaliyyətində uğurlar arzu edib.

Daha sonra Birliyin Gəncə Regional bölməsinin rəhbəri Turac Babayeva ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, sərgidə rəsm, kargüzarlıq, toxunma, taxta üzərində oyma, milli simvollar, atribut və emblemlər sərgilənib. Gəncə şəhəri və ətraf bölgələrdə yaşan müəlliflərin 80-ə yaxın əl işi içərisində dahi söz ustadı Nizami Gəncəvinin, Gəncə xanı Cavad xanın, şair Mirzə Şəfi Vazehin, Milli Qəhrəman Mübariz İbrahimovun toxunma xovlu portretləri xüsusilə diqqət çəkib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !