Zaur Ustac: - YOL GÖSTƏR

Zaur Ustac: YOL GÖSTƏR

ANA

 

Beşiyim üstündə layla çalanım,
Gözümün işığı, dirəyim, ANA!
Dünyalar durduqca, yaşayasan sən,
Düşünən beyinim, ürəyim, ANA!

 

Dünya yaranışdan Həvva anamız,
Anadır, bacıdır qol-qanadımız,
Özün demişdin ki, deyil babımız,
Gör, nəyin dərdini çəkirsən , ANA!

 

Heç fikir eləmə oğul sarıdan,
Oğlunu bəxş etdi ulu Yaradan,
Mərdlərə təsəlli olmaz nigardan,
Vətənçün böyütdün oğlunu, ANA!

 

Vaxt olar; baharda, açanda güllər,
Yaxud da qocalar dadanda nübar,
Sənin də üzünə təbəssüm qonar,
Qayıdacaq oğlun, cəbhədən, ANA!

 

22.04.1995. Marağa.

 


QÖNÇƏLƏR


Yenə də duyğular hər şeydən təmiz,
Necə görmüşdünsə, elə də vardır.
Ən zərif duyğuların ünvanı sənsən,
Qəlbimdə ən geniş yer səninkidir...

 

Zəriflik içində zəriflik gəzən,
Ən incə duyğular qəlbimdə yaşar.
Müdhiş gözəlliyə məftun olaraq,
Ürək cəmalına nəğmələr qoşar...

 

Zərif istəkləri qoruyub, inan,
Ən yetkin Bahara saxlamışam, mən.
Nələr düşünmüşəm, nələr çəkmişəm,
Bilməyirsən, nələr keçir qəlbimdən???

 

Arzular içində arzu yaşayır,
Səfinə düzülmüş durnalar kimi.
İçimdən neçə min SABAH boylanır,
Əsən mehə təşnə qönçələr kimi...

 

02.04.1996. Bakı.

 


YOL GÖSTƏR


Əcəb xalın var, imiş tər sinədə
Gözəlliklər tək-tək çıxır aşkara.
Xoş vaxtına düşüb, qələm çəkəndə
Heçnə əskiltməyib, şükür Muxtara...

 


Nə qədər gözəlsən, nə qədər şirin,
Dünyamda şahısan sən gözəllərin,
Sənintək gülərüz, gözəl dilbərin
Hüsnündə eyib yox, adam axtara.

 


Deyirlər xalların olur xatası,
Sirlidir Zaurun yeni butası,
Bir dəryasan, naməlum çox adası,
Səyyah naşı, çətin tapıb qurtara...


24 noyabr 2009.

 

 

MƏQAM


Bircə əsən meh olaydım,
Toxunaydım, yanağına.
Ya da, Kürün suyu olub,
Üz qoyaydım, ayağına.

 

Deyirəm ki, nə xoşbəxtdir,
Sizin evin daş-divarı,
Səhər, axşam seyr eləyir,
Sənin kimi xoş gülzarı.

 

Hətta Günəşin özü də
Xoşbəxt saya bilər özün...
Necə olsa gündə bir yol
Görür əsil Nurun özün.

 

Buludların ağlamağı
Boşa deyil, səbəbi var.
Təmas etmir, gül hüsnünə
Axı sənin çətirin var...

 

06 dekabr 2009

 

 

QƏDƏR


Qədəri, Tanrı yazıbsa,
Qismət, sənin əlindədir.
Cüt piyalə, məsti-xumar
Versən, sənin əlindədir?!

 

Tanrı sözü: - “Haqqı tutun”!
Mayasıdı, inan, qutun!
İncə, boğma, şümşad sütün
Qıysan sənin əlindədir?!

 

Dil quruyar, dodaq təpər,
Həyatdan qalmayıb əsər,
Tək cam, dolu abi-gövsər
Qonaq etsən əlindədir?!

 

06.02.2011. Bakı.

 


FƏLƏK


Tay deyil marağında,
Qalmışam fərağında,
Fələyin darağında
Əlçim-əlçim olmuşam!

 

Aramla ötür zaman,
Hökmə işləyir hər an,
Dilim gəlməz, deyəm yan,
Yanıb köz-köz olmuşam!

 

Rəvac verdiyin sükut,
Ustacı edib şil-küt,
Canımda qalmayıb qut,
Ruhu pul-pul olmuşam!

 


 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !