Binəqədi rayon gənclərinin hərbi xidmətə yola salınması mərasimi keçirildi - FOTO (İlkin Həmidov - AZpress.AZ)

Binəqədi rayon gənclərinin hərbi xidmətə yola salınması mərasimi keçirildi FOTO (İlkin Həmidov - AZpress.AZ)

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2015-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 2015-ci il 29 may tarixli 1247 nömrəli, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2015-ci il 29 iyun tarixli 119 nömrəli sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 16 iyul 2015-ci il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Milli Qəhrəmanlar abidəsinin önündə gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov və Aygün Əliyeva, Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai şuranın sədri Aslan Mehdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Rayon İdarəsinin rəisi Mehman Qurbanov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Rayon Veteranlar Şurasının sədri Telman Hətəmov, rayonun fəal gəncləri, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov belə tədbirlərin keçirilməsinin əsas məqsədinin gənclərin hərbi xidmətə həvəsləndirilməsi və onların mənəvi-psixoloji durumunun yüksəldilməsi olduğunu bildirdi.
Sonra Daxili Qoşunların qarovul xidmətinin iştirakı ilə şəhidlərin əziz xatirəsinə ucaldılmış Milli Qəhrəmanlar abidəsinin önünə əklil qoyuldu, tədbir iştirakçıları və qonaqlar suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda xüsusi rəşadət göstərərək canlarını fəda etmiş həmvətənlərimizin xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Mehman Qurbanov gəncləri hərbi xıdmətə yola düşmələri münasibətilə təbrik edərək sürətlə inkişaf edən ölkəmizdə dövlətimizin ordu quruculuğu sahəsində gördüyü işlərdən və qazanılan uğurlardan danışdı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai şuranın sədri Aslan Mehdiyev və Rayon Veteranlar Şurasının sədri Telman Hətəmov Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan ordusunun keçdiyi inkişaf yolu və cənab Prezident İlham Əliyevin ordumuza olan diqqət və qayğısından, əldə olunan nailiyyətlərdən danışaraq, gənclərə ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş milli qəhrəmanların göstərdiyi şücaətlərdən nümunə götürməyi tövsiyə etdilər.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək bu cür tədbirlərin yeniyetmə və gənclərin vətənə sadaqət ruhunda böyüməsi, onlarda dövlət və vətən qarşısında vəzifələrinin layiqincə yerinə yetirilməsi sahəsində məsuliyyətin artırılması nöqteyi nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini və bu tədbirlərin Binəqədi rayonunda uğurla həyata keçirildiyini vurğuladı.
Çağırışçılar adından çıxış edən Səməd Əhmədzadə Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildirdi.
Valideyinlər adından çıxış edən Arzu Məmmədov qeyd etdi ki, artıq bütün valideynlər öz övladlarını ürəklə nizami ordumuzda xidmət etməyə göndərə bilirlər. Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində ölkəmizdə sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, ordu quruculuğunun da mühüm amillərdən biri hesab olunduğunu vurğulayan Arzu Məmmədov ordu sıralarına yola düşən gənclərə xoş arzularını bildirərək, övladının hərbi xidmətə yollanmasından iftixar hissi keçirdiyini dedi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxışında torpaqlarının 20 faizi düşmən tapdağında olan, on minlərlə şəhid vermiş ölkə olaraq Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin gücləndirilməsinin ən aktual mövzulardan biri olduğunu bildirdi. O, öz qətiyyəti və əzmkarlığı ilə Azərbaycanı bir dövlət kimi beynəlxalq arenada tanıdan böyük siyasi xadim, müdrik rəhbər Heydər Əliyevi həm də vətəninə qəlbən bağlı böyük vətənpərvər olduğunu diqqətə çatdıraraq Ulu Öndərin hər bir azərbaycanlı üçün örnək olduğunu vurğuladı. İlqar Süleymanov Azərbaycanın sabitlik və inkişafının qarantı olan Prezident İlham Əliyevin şəxsində vətənpərvər dövlət başçısının ətrafında vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu həm də bir mənəvi vəzifə kimi səciyyələndirdi.
Sonra Binəqədi rayonunda gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə keçirilmiş tədbirlərdə fəal iştirak etdiyinə görə əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Ağalar Bayramov təşəkkürnamə ilə təltif olundu.
Bədii hissə ilə davam edən tədbirdə əməkdar artist Ağalar Bayramovun ifasında vətənpərvərliyi tərənnüm edən şeirlər səsləndirildi.
Tədbirin sonunda Dövlət Bayrağının altından keçib müqəddəs Qurana and içən gənclər Böyük Vətən Müharibəsi Veteranları ilə görüşüb həqiqi hərbi xidmətə yola salındılar. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !